Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4079/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət dövründə xəsarət alması ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda ikinci dərəcə əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1989-cu il tarixdən 1995-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı zamanı ağır yaralanması ilə əlaqədar olaraq ikinci dərəcə əlillik verilmişdir. Lakin hazırki vaxta qədər İddiaçı ikinci dərəcə əlillər üçün nəzərdə tutulan 6600 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etdiyi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müraciətə müsbət cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatdan görünür ki, İddiaçı “Kəllədaxili travmaların nəticələri. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi. Kontuziya. Alın və baş nahiyyələrinin sıyrılmış yaraları. Postkontuzion sindrom. Keçirilmiş kəllə beyin travmasının davamlıq qalıq əlamətləri. Postravmatik ensefalopatiya kəllədaxili hipertemiya və tez-tez baş verən vegetativ-vestibulyar paroksizmlərlə” diaqnozu qoyulmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 21 saylı qərarının surətindən görünür ki, İddiaçı “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi. Kontuziya. Alın və baş nahiyyələrinin sıyrılmış yaraları (qəlpə)“ diaqnozu qoyulmuşdur. Hərbi Travmadı. “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 22.02.2021-ci il tarixli məktubundan görünür ki, birinci Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi ilə almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə işçi Qrup yaradılmışdır. İşçi Qrupu ilə əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparılır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq Qərar qəbul edildikdən sonra sığorta ödənişinin verilməsi tələbi təmin ediləcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinin iddiaçının ordu sıralarına daxil olduğu dövrdə qüvvədə olmuş redaksiyası müəyyən edirdi ki, “hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar. Sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir”. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Qeyd edilən Qanunun 2-ci maddəsinin əvvəlki (01.09.2005-ci il tarixinədək olan) redaksiyasına görə həmin qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta edilənlərə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 217.2-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əvvəlki qanunvericlikdən fərqli olaraq hazıri qüvvədə olan qanunvericilikdə bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) aid siyahıdan “daxili işlər orqanlarının şəxsi heyəti” sözləri çıxarılmasına baxmayaraq, hazırki iş üzrə daxili orqanlarında xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik dərəcəsi verilən zaman müvafiq qanunun müddəaları daxili işlər orqanlarının şəxsi heyətinə də şamil edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir. a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikasının müdafiəsində yaralanması səbəbindən ikinci dərəcə əlil olmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair qərarında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Mülki işin materiallarında olan 031884 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsində göstərilmişdir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 2-ci dərəcə əlil olduğundan və həmin dərəcə əlil üçün qanunverciliyə əsasən 11.000 (on bir min) manat sığorta məbləğinin 60 (altmış) faizi, yəni 6.600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4079/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4079/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver