Məhkəmə qərarları › İş №2(006)-4102/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4102/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4102/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 250 manat sabit pul məbləğində aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 4 iyun 2010-cu ildə X9 ilə nikah bağlamışdır. Birgə nikahlarından 22 iyun 2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Aralarında olan problemlərlə əlaqədar olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2013-cü il tarixli qətnaməsi ilə X9 ilə aralarında olan nikahın pozulması və 22 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay X5 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.X2 alimenti ödəməyi üçün Yasamal rayon İcra Şöbəsi tərəfindən barəsində axtarış verilərkən məlum olmuşdur ki, o, cinayət törətdiyinə görə 17 il müddətinə azadlıqdan məhrum edilmişdir.Buna görə də iddiaçı bu günə qədər cavabdehdən aliment ala bilməmişdir.Qeyd edilən səbəbdən bu günə qədər uşağı təkbaşına böyütmək məcburiyyətində qalmışdır. Lakin artıq uşaq kifayət qədər yekəlib və onun tələbatları çoxalmışdır.Həmçinin dünyada baş verən iqtisadi böhran və bunun nəticəsində baş verən və davam etməkdə olan qiymət artımları onu çətin vəziyyətə salmışdır. Belə ki, o, kirayədə qalır və eyni zaman uşağı təkbaşına saxlamağa məcburdur. Hazırki bahalıq şəraitində isə artıq buna gücü çatmır. X9 isə bu günə qədər bir qəpik də olsun aliment ödəməmişdir.Buna görə də o, uşağın baba və nənəsindən aliment tələb etmək məcburiyyətində qalmışdır. Lakin cavabdehlər maddi yardıma ehtiyacı olan uşağın saxlanması üçün könüllü şəkildə aliment ödəmək istəmirlər. Buna görə də o, uşağın maddi tələbatının ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, özü pensiya alır, əri digər Cavabdeh1 isə ağır xəstədir və heç bir qazanc yeri yoxdur. Bildirir ki, oğlu hazırda həbsdədir və onunla əlaqə saxlayıb, alimenti özünün ödəyəcəyini bildirmişdir. Bununla belə aldığı 220 manat müavinətdən nəvəsinin saxlanması üçün 100 manat aliment ödəməyə razıdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Yasamal Rayon Məhkəməsinin 2(004)-2102/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, X6 qazancından (başqa gəlirlərindən) hər ay 100 manat məbləğdə aliment tutularaq xx.xx.2011-ci ildə anadan olan X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X1 verilməsi qət edilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 734566 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, valideynləri olaraq X9 və İddiaçı qeyd edilmişdir. İddiaçı tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, X6 qeydiyyat ünvanının dəyişməsi səbəbindən icra işi materiallarının Səbail rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi 220 manat məbləğində sosial müavinət alır. Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 968 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xroniki limfoleykoz diaqnozu qoyulmuşdur.. Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00477 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında cavabdehlərin iştirak etməməsi səbəbindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli 36048/17-16-13 saylı məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə Xətai rayon İcra Şöbəsi tərəfindən şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə borclu X9 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanıldığından icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2.2; 180.2.2; 178.1; 66.3 maddələri ilə təqsirli bilinərək 17 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X9 cəzasını çəkmək üçün xx.xx.2018-ci il tarixdə Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdən X9 haqqı ödənilən işlə təmin olunub və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqinə əsasən aliment pulu iddiaçı X1 ödəniləcəkdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, ona təyin edilmiş 220 manat müavinatdan nəvəsi üçün 100 manat ödəməyə razıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X9 ilə birgə nikahından olan övladının yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi əsasında X7m 100 manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin həmçinin müəyyən edilmişdir ki, aliment ödəməli olan ata azadlıqdan məhrum etmə cəzasını çəkir və məhkəmənin sorğusuna cavab olaraq onun xx.xx.2024-cü il tarixdən etibarən cəza çəkdiyi müəssisədə əvəzi ödənilən əməyə cəlb edilməsi bildirilmişdir. Göründüyü kimi yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənişləri zəruri qaydada həyata keçirilmir. Bunun nəticəsində isə yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafeləri pozulur. Odur ki, aliment ödəməli olan valideynindən maddi yardım ala bilməyən yetkinlik yaşına çatmayanın saxlanmasında onun baba və nənəsinin cəlb edilməsi məqsədəuyğundur. Belə ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 nəvəsinin saxlanması üçün 100 manat məbləğində aliment ödənilməsinə etiraz etməmiş, həmçinin məhkəmə baba olan Cavabdeh1 tərəfindən də eyni məbləğdə aliment ödənilməsini mümkün hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh1 100 (yüz) manat və Cavabdeh2 100 (yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (200x12=2400) 1000 manatdan çox olduğundan, cavabdehlərdən müştərək qaydada 44 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2024-cü il tarixdən başlayaraq hər ay Cavabdeh1 100 (yüz) manat və Cavabdeh2 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar