Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-411/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 və X6, Üçüncü şəxs X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində ona maddi ziyan vurmuş cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 3885 manat, vəkil xidmətlərinə görə 500 manat və işin məhkəmədə baxılması ilə əlaqədar ödədiyi 63,86 manat dövlət rüsumunun, ümumilikdə isə 4448,86 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 14 aprel 2023-cü il tarixində özünə məxsus və idarə etdiyi "Volswagen Passat" markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yaşayan qohumunun evinə qonaq getmişdir. Avtomobili saxlayıb evə daxil olduqdan az bir vaxt sonra, həyətdə oynayan uşaqlar təqribən saat 18:00 radələrində gəlib xəbər vermişlər ki, onun avtomobilinin üzərinə hansısa əşya düşmüşdür. O, həyətə çıxıb görmüşdür ki, avtomobilinin üzərinə yaxınlıqda olan "366" rəqəmi ilə işarələnmiş elektrik yarımstansiyanın dam örtüyü düşmüşdür. Nəticədə avtomobilinə ciddi ziyan dəymişdir. Bundan sonra dərhal Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə məlumat vermişdir. İdarənin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər, avtomobilə vurulmuş ziyanı ödəyəcəklərinə söz verib getmişlər. O, səbəbdən heç yana şikayət verməmişdir. Cavabdeh təşkilat ziyanın ödənilməsindən imtina etməsə də, avtomobilinə dəyən ziyanın ödənilməsini yubatmışdır. O səbəbdən hadisədən təqribən bir ay sonra şikayət ərizəsi ilə Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-nə və paralel olaraq “Azərişıq" ASC-nin rəisinə ərizələrlə müraciət etmişdir. Ərizəsinə "xxxx" ASC-dən aldığı xx.xx.2023-cü il tarixi ilə qeyd edilmiş cavab məktubunda göstərilmişdir ki, "X4 Qaydaları"nın 10.2.1-ci bəndinə əsasən təbii fəlakət hadisəsi ilə əlaqədar enerji təchizatı müəssəsi dəymiş ziyana görə istehlakçı qarşısında madi məsuliyyət daşımır. Hesab etmişdir ki, verilmiş cavab baş vermiş hadisənin faktiki hallarına uyğun deyildir. Bakı şəhəri üçün təbii olan küləyin əsməsi nəticəsində dam örtüyünün atılması təbii fəlakətin yox, yarımstansiyanın yenicə aparılnış təmirinin səhlənkarlıqla aparılmasının göstəricisidir. Müəssisənin öz səhlənkarlığını təbii fəlakətlə əlaqələndirməsinin nə faktiki, nə də ki hüquqi əsasları mövcud deyildir. Digər tərəfdən baş vermiş hadisənin müəssisə-istehlakçı münasibətlərinə heç bir aidiyyəti yoxdur. Belə ki, zərərin vurulması elektrik enerjisindən istifadə qaydaları ilə bağlı olmamışdır. 30-cu PŞ tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərara münasibətdə hesab etmişdir ki, həmin qərarla razılaşmaq olar və mübahisə mülki-məhkəmə qaydasında həllini tapmalıdır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin faktiki hallarından va məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, cavabdeh "xxxx" ASC-nin təmirquraşdırma işlərinə səhlənkar yanaşması nəticəsində ona ümumilikdə 3885 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu ziyan avtomobilinin zədələnmiş və istifadəsi üçün yararsız hala düşmüş ehtiyat hissələrinin alınmasından və təmir işləri üçün tələb olunan vəsaitdən ibarətdir. Hesab etmişdir ki, həmin məbləğ cavabdeh "Azərişıq” ASC-dən tam həcmdə tutularaq ona verilməlidir. Bundan əlavə hesab etmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkil xidmətlərinə görə ödədiyi 500 manat və işin baxılması üçün ödədiyi 63,86 manat dövlət rüsumu da cavabdehdən alınaraq ona verilməlidir. Daha sonra iddiaçı X3 əsl İddiaçı ilə əvəzlənmiş, X3 üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 və X9 iddia tələbini etiraf etməyərək, ziyanın "xxxx" ASC tərəfindən vurulmadığını nəzərə alaraq onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs X3, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ tərəfindən xx.xx.2023cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, 12-T ünvanında yaşayan vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, təhqiqat araşdırması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, 12-T ünvanında yaşayan vətəndaş X3 izahatında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində özünə məxsus “Volswagen Passat” markalı **-CR-*** d.q.n avtomaşınla qonaq gəlməsini, özünə məxsus avtomaşını “366" saylı elektrik yarımstansiyanın yaxınlığında saxlamasını, təxminən saat 18:00 radələrində baş vermiş güclü külək nəticəsində, elektrik yarımstansiyasının dam örtüyünün qeyd edilən ünvanda saxladığı avtomaşının üzərinə düşməsini, baş vermiş hadisə zamanı avtomaşının ban hissəsinə və digər yerlərinə ciddi ziyan dəyməsini, bununla bağlı isə həmin yarımstansiyanın əməkdaşlarının hadisə yerinə gələrək, hadisə fəsadlarını aradan qaldırmalarını, avtomaşına isə dəymiş ziyanın qarşılanacağını söz vermələri, daha sonra isə Bakı elektrik şəbəkəsinin məsul şəxsləri Namiq və Qüssü adlı şəxslərlə görüşməsini, lakin həmin şəxslərin hər dəfəsində dəymiş ziyanı ödəyəcəklərini bildirsələrdə bu vaxta kimi ödəməmələrini qeyd etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş “Qüsur aktı”ndan görünür ki, “Volswagen Passat” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3885 manat qiymətləndirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volswagen Passat” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdir. İş materiallarında olan nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə X2 nəqliyyat vasitəsinin 8 il 11 ay 8 gün idarə edilməsi haqqında verilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Volswagen Passat” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2885 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir (xx.xx.2024-cü il tarixli 2(102)-135/2024 nömrəli qərar) . İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC-yə məxsus yarımstansiyanın dam örtüyünun iddiaçıya məxsus avtomobilin üzərinə aşmaqla sonuncunun əmlakına vurulmuş zərərə görə də "xxxx" ASC-nin mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. İşin mübahisələndirilməyən halı isə elektrik yarımstansiyasının dam örtüyünün iddiaçının qeyd edilən ünvanda saxladığı avtomaşının üzərinə düşməsindən ibarətdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iş materiallarında olan ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehdən vurulmuş maddi ziyana görə iddiaçının xeyrinə 2885 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 63.86 manat dövlət rüsumu ödənilmiş, buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edilməklə iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 2885 manat, vəkil xidmətlərinə görə 500 manat və dövlət rüsumuna görə ödənilmiş 63.86 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-411/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-411/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver