Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4116/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta pulunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyi hərbi xidmətlə bağlı olduğundan İİ qrup əlil kimi ona verilməli olan 6.600 manat məbləğində sığorta pulunun ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Xətai RHK tərəfindən 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. xx.xx.1994-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən «qəlpə yaralanmasından sonra başın təpə nahiyəsində iki ədəd, sol baldırın ön səthində bir ədəd çapıq toxumaları» diaqnozu ilə Mərkəzi Hərbi Hospitala göndərilmişdir. 1994-cü ilin aprel ayında aldığı yaralanmanın nəticələri – diaqnoz Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2016-cı il tarixli 2588 saylı göndərişi ilə Azərbaycan Respublikası MN Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 56 saylı məhkəmə-tibbi müayinə aktı, Azərbaycan Respublikası MN MHHK-nın xx.xx.2016-cı il tarixli 256 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki, hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEKin xx.xx.2017-ci il tarixli aktı ilə ona ilk dəfə İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hərbçi olaraq ona verilməli olan (əlil olduğuna görə) icbari tibbi sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin verilməsində ona köməklik göstərilməsi üçün «Qanunun hədəfində» Beynəlxalq, ictimai-siyasi və hüquq qəzeti redaksiyasına ərizə ilə müraciət etmişdir. Redaksiyanın Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı müraciətinə cavab olaraq DSKŞ xx.xx.2014-cü il tarixli xx-xx-1501 saylı məktubu ilə qeyriməqbul cavab verilmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, məhkəmədən işə onun iştirakı olmadan baxılması və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan teleqramı nəzərə alaraq, işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanuna əsasən sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Bununla da hazırki iş üzrə qeyd edilən müddətin ötürüldüyünü nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1971ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Xətai RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçmiş, 1994-cü ilin aprel ayında qəlpə yaraları almışdır. Diaqnoz: «Kəllədaxili travma, odlu mərmi partlayışından sonra keçirilmiş qapalı kəllə-beyin travması, həmin travmanın davamlı qalıq əlamətləri, diensefal sindrom. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalopatiya, tez tez baş verən vegetativ paroksizmlərlə. Dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin asteno-nevrotik sindrom. Essesial (birincili) hipertenziya. Arterial hipertenziya – İİ m». Qeyd olunan məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. TSEK tərəfindən İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaralanmadır. İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən özünə çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2014-cü il tarixli xx-xx-1501 saylı məktubundan görünür ki, İddiaçı səhhəti ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həmin Şirkətə ünvanlanmış ərizəsinə qeyri-məqbul cavab verilmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı 1994-cü ilin aprel ayında Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaralardan ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4116/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4116/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver