Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4116/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı vəkili X6 iştirakı ilə İddiaçı cavabdeh Baxışova (Alıyeva) Yeganə Selman qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair ilk, Baxışova (Alıyeva) Yeganə Selman qızının İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Baxışova (Alıyeva) Yeganə Selman qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq, hər uşaq üçün hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin cavabdeh X7 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh X12 arasında xx.xx.2011-ci il tarixdə Xızı rayon Qeydiyyat şöbəsi tərəfindən 02 saylı nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir. Qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)3621/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə cavabdehlə rəsmi nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X19 anaları X7 yanında qalması və onların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdeh X9 ödənilməsi qət edilmişdir. Qeyd edir ki, o, cavabdeh Yeganə Baxışova ilə nikaha daxil olmamışdan qabaq, X8 ilə ailəli olmuşdur. İlk dəfə 2005-ci ildə rəsmi nikaha girmiş və həmin evliliyindən 24 noyabr 2006-cı il təvəllüdlü X16 dünyaya gəlmişdir. Siyəzən Rayon Məhkəməsinin 27 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə X8 ilə arasında olan nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş 24 noyabr 2006-cı il təvəllüdlü X10 anasının yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərimin 1/4 hissəsi miqdarında alimentin ondan tutulması qət edilmişdir. Hazırda o, "xxxx" MMC-də işləyir və rəsmi olaraq 498.29 manat əmək haqqı yazılır, vergi çıxıldıqdan sonra isə 450 manat pul verilir. Aldığı 450 manat əmək haqqının dörddə bir hissəsi həmin nikahdan dünyaya gəlmiş uşaq üçün tutulur. Hazırki cavabdehin xeyrinə isə hər uşaq üçün hər ay 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment ödəməlidir. 450 manat əmək haqqı ilə o, həm ilk evliliyindən olan övladına aliment verməli, həm hazırki cavabdehə hər ay 350 manat sabit pul məbləğində aliment ödəməli, həm də ki, özü dolanmalıdır. Belə çıxır ki, yemədən, içmədən, istirahət etmədən gecə-gündüz işləməli və aldığı məvacibin də hamısını alimentə ödəməlidir. Axı bu haqsızlıqdır. Ataları da düşünmək lazımdır axı. Onun hazırki durumu cavabdeh X9 hər ay 350 manat sabit pul məbləğində aliment ödəməyə imkan vermir. Hər uşaq üçün hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat sabit məbləğdə alimentin tutulması təmin olunsa daha ədalətli olar. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Öz növbəsində, Baxışova (Alıyeva) X15 Zamin Nəbi oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 3621/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq ona verilməsinə dair qarşııqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, o, İddiaçı ilə 2011-ci ildə el adəti ilə nikaha daxil olmuşlar və rəsmi nikah xx.xx.2011-ci il tarixdə 02 nömrə ilə Xızı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Qeyd edir ki, birgə nikahdan xx.xx.2011-ci il tarixdə X21 və xx.xx.2015-ci il tarixdə X20 adlı uşaqları doğulmuşdur. Nikah münasibətləri pozulmamışdan bir müddət əvvəl İddiaçı o, işdə olarkən evə əxlaqsız qadınlar gətirmiş, hər dəfə müxtəlif bəhanələrlə vəziyyətdən çıxmış, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə isə artıq fakt qarşısında qaldıqdan sonra onun mənzilində, yataq otağında əyləndiyi xanımı mənzildə qoyaraq qaçmış, həmin qadın isə özünü İddiaçı nişanlısı kimi təqdim edərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, bu barədə tərəfindən Nizami RPİ 24-cü Polis Şöbəsinə müraciət edilmiş, faktla bağlı Nizami RPİ 24cü Polis Bölməsində təhqiqatçı Nəriman Əzizov tərəfindən araşdırma aparılmış, o, tibbiekspertizadan keçirilmiş, xəsarətlər müəyyən edilmiş, lakin naməlum səbəblərdən bu günə qədər həmin şəxs barəsində heç bir tədbir görülməmişdir. Qeyd edir ki, həmin tarixdən bir daha evə qayıtmamış və nikah münasibətləri pozulmuşdur. Münasibətlərinin pozulmasından qısa müddət sonra Nəsimi Rayon Məhkəməsində onun tərəfindən cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə iddia qaldırılmış və nikah Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən: hakim Natavan Tağıyeva) icraatında olan 2(006)-3621/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların onun himayəsində qalması, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər bir uşağa hər ay sabit pul məbləğində 175 manat məbləğində alimentin alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, lakin İddiaçı bir ata kimi valideynlik vəzifələrini yerinə yetirmir, iki qız övladına alimenti də ödəmir. Belə ki, hazırki iddia ərizəsinə əlavə edilən Nəsimi rayon İcra şöbəsinin İddiaçı ünvanlanmış 17/171-213920 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3621/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixə (yəni icra sənədinin verilməsindən ötən cəmi bir il ərzində) ödənilməmiş 3455 manat məbləğində aliment borcu qalmışdır və həmin məbləğin 3 gün müddətində ona ödənilməsinin təmin edilməsi və nəticəsi barədə Nəsimi rayon İcra şöbəsinə məlmat verməsi tələb olunmuş, əks halda qanunvericiliklə müəyyən edilmiş məsuliyyət məsələsi bir daha nəzərinə çatdırılmışdır. Lakin İddiaçı aliment borcunun ödənilməsini yenə də təmin etməmişdir. Məlumat üçün bildirir ki, böyük qızı X21 ürək xəstəliyindən əziyyət çəkir (bu barədə Akad. C.Abdullayev adına X1 xx.xx.2014-cü il tarixli Rəngli doppler exokardioqrafiya” müayinəsinin nəticələri və X3 xx.xx.2017-ci il tarixli Pediatrik exokardiqrafiya protokolu əlavə olunur). Onun Azərbaycanda (X4) əməliyyat olunmasına 18000 manat, İsraildə əməliyyat olunmasına isə 40000 ABŞ dolları tələb olunur. Əməliyyat gecikərsə, o, övladını itirə bilər. Lakin bütün bunlar sabiq əri, uşalarının atası İddiaçı üçün heç bir əhəmiyyət kəsb eləmir. O, xəstə qızının müalicəsini təmin etmək əvəzinə, ailəsinə xəyanət etmiş və ailəni atıb getdiyi xx.xx.2019-cu il tarixdən bu günə qədər uşaqların saxlanması üçün heç bir vəsait ödəməmişdir. Hətta adi alimenti belə ödəmir. Bütün göstərilənlər azmış kimi, sabiq əri İddiaçı qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması barədə əsassız iddia qaldırmışdır. Halbuki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, həmin iddia tamamilə əsassızdır. Belə ki, əvvəla sabiq əri İddiaçı ondan əvvəl başqa şəxslə nikahda olması və həmin nikahdan uşağının olması, həmçinin həmin nikahın 2010-cu ildə pozulması faktını hazırki iddianı qaldırana qədər ondan gizlətmiş və yalnız indi alimenti ödəməkdən yayınmaq üçün bu barədə əsassız iddia qaldırmışdır. İddiaçı həmin faktı təkcə ondan deyil, həmçinin hazırki iş üzrə tərəflər arasında nikahın pozulması barədə iddiaya Nəsimi Rayon Məhkəməsində baxılarkən məhkəmədən də gizlətmişdir. Nəticədə məhkəmə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən İddiaçı digər nikahdan uşağının olması faktı onun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu (hazırda - 193 manat) məbləğində alimenti ödəməkdən azad etmir, o cümlədən bu hal qətnamə ilə müəyyən edilmiş minimum məbləğdə alimentin (2021-ci il üçün 175 manat) miqdarının azaldılması üçün əsas hesab edilə bilməz. Əksinə, 2021-ci il üçün müəyyən edilmiş 175 manat məbləğ “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən artırıldığından (hazırda - 193 manat), qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə qətnamə qəbul edilməlidir. Belə ki, artıq uşaqlar böyümüşdür və onların saxlanılması üçün xərclər də artmış, uşaqlarının təlim-tərbiyəsi, onların müalicəsi üçün də xərclər tələb olunur. O, isə bu xərcləri tam ödəyə bilmir. Cavabdeh uşaqların müalicəsində də maddi köməklik göstərməmişdir. Halbuki uşaqlarının saxlanılması üçün hər ay hər birinə ən azı 400 manat tələb olunur. Ona görə də, hesab edir ki, ilk iddianın rədd edilməsi və qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə qətnamə qəbul edilməlidir. İlk iddia üzrə İddiaçı vəkili X13 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, ilk iddianın məzmununa uyğun izahat verdi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Baxışova (Alıyeva) Yeganə Selman qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə qarşılıqlı iddia üzrə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ilk iddia üzrə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-3621/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X12 və İddiaçı arasında xx.xx.2011-ci il tarixdə, 02 nömrəli akt ilə Xızı rayon Qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X11 anaları X7 yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı tutularaq iddiaçı X7 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(059)- 220/2010 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə X8 arasında xx.xx.2005-ci il tarixdə Xızı rayon Qeydiyyat şöbəsində 90 sayla qeydə alınmış nikahın pozulması, İddiaçı xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2006-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “X18” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 08 saylı arayışdan görünür ki, İddiaçı “X18” MMC-nin İR-430/21 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixdən bu günə kimi təhlükəsizlik əməkdaşı vəzifəsində çalışır və bütün vergi və digər məcburi ödənişlər tutulmadan öncə aylıq əmək haqqı 498,29 manat təşkil edir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Baxışova (Alıyeva) Yeganə Selman qızı “Azəriqaz” İB-də mühəndis vəzifəsində çalışır və aylıq əmək haqqısı 988 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-213920 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3621/2021 saylı icra sənədinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixə ödənilməmiş 3.455 manat aliment borcunun qaldığı, həmin məbləğin 3 gün müddətində Baxışova (Alıyeva) Yeganə Selman qızına ödənilməsini təmin etməsi, əks halda barəsində qanunamüvafiq qaydada tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X14 müayinəsinə dair məhkəməyə tibbi sənədlər təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər bir-birinə qarşı ilk və qarşılıqlı iddia tələbləri ilə müraciət edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb edirlər. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinə dair tərəflər arasında mübahisə mövcud olduğundan, eyni zamanda ilk iddia üzrə iddiaçı alimentin miqdarının azaldılmasını tələb edərkən, digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı həmin məbləğin artırılmasını tələb etdiyindən, hər iki iddia tələbinə ayrıayrılıqda hüquqi qiymət verilməlidir. Məhkəmə öncə ilk iddiaya münasibət bildirərək qeyd edir ki, aliment məbləğinin azaldılmasına dair tələb əsassızdır və təmin edilə bilməz. Belə ki, ilk iddia üzrə iddiaçı məhkəmədən alimentin azaldılmasını xahiş etmişdir. Xahişini isə əmək haqqısının 450 manat olması, öncəki nikahından övladının olması, həmin uşağın saxlanması üçün də aliment ödəməsi, aldığı əmək haqqının yalnız alimentin ödənilməsinə çatması, özünə isə gündəik tələbatlarını ödəməsi üçün kifayət qədər vəsaitinin olmaması və s. hallarla əsaslandırmışdır. Məhkəmə ilk iddia üzrə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, ilk iddia üzrə ididaçı aliment ödədiyi üçün maddi sıxıntılar çəkdiyinə əsaslansa da, iş materialları ilə sonuncunun Baxışova (Alıyeva) Yeganə Selman qızı ilə birgə nikahdan olan uşaqlarının saxlanması üçün aliment ödəməməsi və kifayət qədər yüksək məbləğdə borcunun olduğu müəyyən edilmişdir (səh. 33). Digər tərəfdən tərəflərin nikahları məhkəmə qaydasında pozularkən İddiaçı öncəki nikahdan övladının olmasına, həmin övladının saxlanılması üçün aliment ödəməsinə və yaxud məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinə (hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat) etirazını bildirməmiş və həmin qətnamənin qəbul edilməsindən bir ilə yaxın müddət keçdikdən sonra hazırki tələblə müraciət edərək, alimentin məbləğinin azaldılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı məhkəməyə müraciət edərkən, məhkəmə qətnaməsi ilə alimentin miqdarının müəyyən edilməsindən sonra tərəflərin ailə və maddi vəziyyətində hansı dəyişikliklərin olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbləri baxımından, alimentin miqdarı yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişikliklər olduğu halda dəyişdirilə, yəni artırıla və ya azaldıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırda isə həmin halların baş verməsi müəyyən edilməmişdir. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borcludur. İlk iddiaya münasibət bildirdikdən sonra məhkəmə qarşılıqlı iddia ilə bağlı da bir sıra məqamları vurğulamağı zəruri hesab edir. Məhkəmə qeyd edir ki, ilk iddianın əksinə qarşılıqlı iddianın mahiyyətindən də göründüyü ki, qarşılıqlı iddia üzrə iddiaçı Baxışova (Alıyeva) Yeganə Selman qızı alimentin məbləğinin artırılmasını tələb edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, sonuncunun əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Baxışova (Alıyeva) Yeganə Selman qızı “Azəriqaz” İB-də mühəndis vəzifəsində çalışır və aylıq əmək haqqısı 988 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı rəsmi şəkildə işləməklə qarşılıqlı iddia üzrə cavabdehdən daha çox əmək haqqı alır. Habelə qanunvericiliyin tələblərinə əsasən uşaqları saxlamaq, maddi təminatını təmin etmək hər iki valideynin borcu olduğunu, məhkəmə iclasında isə qarşılıqlı iddia üzrə iddiaçının tərəflərin maddi vəziyyətində dəyişiklik yaranmasını təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Baxışova (Alıyeva) Yeganə Selman qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair ilk iddiası təmin edilməməli, Baxışova (Alıyeva) Yeganə Selman qızının İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Baxışova (Alıyeva) Yeganə Selman qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair ilk iddiası rədd edilsin. Baxışova (Alıyeva) Yeganə Selman qızının İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4116/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4116/2022
28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver