Məhkəmə qərarları › İş №2(006)-4122/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4122/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4122/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda ikinci dərəcə əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildə Şəki rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həmin ildə X1 Stansiyasında baş vermiş məlum qəzanın aradan qaldırılması üzrə hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəsarət alması səbəbindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyası tərəfindən İİ (ikinci) qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı hərbi qulluqçu kimi ona İİ (ikinci) qrup əlillik verildikdən sonra həmin qrup dərəcəli əlillər üçün nəzərdə tutulan 6600 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də İddiaçı məhkəməyə gəlməmiş, teleqram vuraraq iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının teleqramını nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 19 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 734695 №-li arayışından görünür ki, İddiaçı X1 Stansiyasında qəza ilə əlaqədar hərbi xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15.08.2008-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı X1 Stansiyasında hərbi xidmət vəzifəsini yerinə yetirməsi zamanı aldığı xəsarətlə bağlı “Toksiki ensefalopatiya, tez-tez baş verən vegetativ-damar krizlərlə. Diffuz zob, İİ mərhələ, hipertireoz əlamətlərlə. Hiperplastik anemiya” diaqnozu qoyulmuşdur. “Hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) icrası zamanı” alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 22.02.2021-ci il tarixli məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası 20 may 1997-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunverciliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını tənzimləyən bu Qanun İddiaçı şamil edilmədiyindən Qanunda nəzərdə tutulmuş sığorta məbləğinin verilməsi qeyri-mümkündür. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 20.05.1997-ci il tarixdə qəbul edilmiş, həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun 10.08.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərt yoxdur. İddiaçı isə Sovetlər Birliyi dönəmində, yəni 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzaya görə sığorta ödənişini tələb edir. Məhkəmə qeyd edir ki, Çernobıl AES-də baş yermiş qəza Azərbaycan SSR-i dövründə baş vermişdir və həmin qəzada xəsarət almış hərbi qulluqçular ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında heç bir müqavilə olmamışdır. 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nin hüquqi varisi deyil. İddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə istinad edərək hesab etmişdir ki, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Lakin həmin Qanunun 2-ci maddəsinə əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə deyil, Sovetlər Birliyi dönəmində, yəni 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəsarət alması səbəbindən ikinci dərəcə əlil olmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə deyil, Azərbaycan SSR-i dövründə Çernobıl AES-də baş yermiş qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin yerinə zamanı ikinci qrup əlil olduğundan, həmin qəzada xəsarət almış hərbi qulluqçular ilə ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında müqavilə olmadığından, onun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda ikinci dərəcə əlillər üçün nəzərdə tutulmuş 6600 ( altı min altı yüz) manat məbləğində sığorta ödənişinin ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar