Məhkəmə qərarları › İş №2(006)-4127/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4127/2020

02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4127/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2014-cü ildən nikahı rəsmiləşdirmədən ailə münasibətlərində olmuşlar. Həmin qeyri-rəsmi nikah münasibətlərindən xx xxx 2015-ci il tarixdə qızları X2 doğulmuşdur. Hazırda tərəflər aralarında olan narazılıqlara görə faktiki ayrı yaşayırlar. Cavabdeh daha öncələr nikahda olmuş və həmin nikahdan onun üç uşağı var, həmin uşaqlardan ikisinə məhkəmə qətnaməsinə əsasən aliment ödəyir, üçüncü övladına isə özü baxır. Bunları səbəb gətirərək, cavabdeh iddiaçının himayəsində olan 5 yaşlı uşağın saxlanılmasında iştirak etmir. Azyaşlı uşağının səhhətində, təhsilində, təminatlarının ödənilməsində, asudə vaxtının təşkilində, ümumiyyətlə uşağın həyatında ata kimi iştirak etmir, uşağın tərbiyəsi və saxlanılması ilə bağlı çəkilən bütün xərclər tamamilə İddiaçı üzərindədir. İddiaçı hazırda işləmir, kirayə evdə yaşayır, dolanışığı yalnız valideynlərinin köməyindən asılıdır. Qeyd olunduğu kimi, uşağın hazırda 5 yaşı var və payızdan etibarən məktəbəqədər təhvil hazırlığına getməlidir. Ölkədə son yarım ildə baş verən epidemioloji tədbirlər nəticəsində iddiaçının maddi durumu kəskin pisləşmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış, Nizami rayon prokurorunun müavini olmuş, daha sonra Respublika Prokurorluğunda məsul vəzifədə çalışmışdır. Hazırda Vəkillər Kollegiyasının üzvüdür, «Hümbətov və Partnyorları» Vəkil Bürosunda çalışır. Keçmiş vəzifə əlaqələrinə və hazırkı vəkillik fəaliyyətinə güvənərək iddiaçıya bildirmişdir ki, ona qarşı aliment tələbi təmin edilməyəcəkdir. Lakin iddiaçı qanunun aliliyinə inanaraq məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh yaxşı gəlirə malikdir. Bundan başqa, cavabdehin valideynləri də imkanlı şəxsdir, atası uzun illər Polis orqanlarında böyük vəzifələrdə çalışıb və hazırda da ailələrinin böyük imkanları vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 556336 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki münasibətlərindən doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 adlı bir övladları var. İddiaçının bildirdiyinə görə, cavabdeh övladının saxlanılması üçün könüllü şəkildə maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə, iddiaçının cavabdehdən aliment tələb etmək hüququ var. Təyin edilməli aliment miqdarına gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan daha çox məbləğdə aliment ödəməyə maddi imkanının olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçının özünün bildirdiyinə görə, cavabdehin öncəki nikahından üç övladı var və onlardan birini özü himayəsində saxlayır, digər ikisinin saxlanılması üçün aliment ödəyir. İşin qeyd edilən halı da, cavabdehdən daha artıq məbləğdə aliment tutulmasına imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar