Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4133/2020 11.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, iddiaçı X1 Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qanunvericiliyin iddia ərizələrinə dair forma və məzmun tələblərinə, həmçinin aidiyyət normalarına riayət edilmədən verildiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı tərəfindən cavabdehin poçt ünvanı dəqiq göstərilməmiş, “Elektron məhkəmə” sistemində isə cavabdehin Tərtər rayonu, Çardaqlı ərazi dairəsi, Çardaqlı kəndində qeydiyyatda olduğu müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, № 8-2/2016 saylı qərarında qeyd olunmuşdur ki, aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehin poçt və qeydiyyat ünvanının dəqiq göstərilməməsi mülki işin üzrə aidiyyətin müəyyən edilməsinə və gələcəkdə tərəflər arasında çəkişmənin həyata keçirilməsinə maneə yarada bilər. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4133/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4133/2020
11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver