Məhkəmə qərarları › İş №2(006)-4148/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4148/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4148/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin imtinasının əsassız hesab edilməsi, 2-ci qrup müharibə əlillərinə ödənilməsi nəzərdə tutulan 6.600 manat sığorta məbləğinin və gecikdirilmiş günlər üçün qanunda nəzərdə tutulan qaydada faizin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1981-1983-cü illərdə Sovetlər birliyi dövrü Çita şəhəri və Baykal yanı dövlətlərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1-ci Qarabağ müharibəsi zamanı isə Xankəndi şəhəri və Şuşa rayonu ərazisində gedən döyüşlərdə N saylı Hərbi hissədə siravi əsgər kimi xidmətdə olduğu zaman erməni quldurları tərəfindən mühasirəyə düşmüşdür. Ermənilər onu diri-diri tutmaq istədikləri üçün ayaq nahiyyəsindən atəşlər açırdılar. Ermənilərin onlara qurduqları mühasirəni döyüşə-döyüşə yarıb oradan yaralı vəziyyətdə çıxmağa çalışanda qrantamyotdan atəş açdılar və çoxsaylı qəlpə yaraları almışdır. Buna baxmayaraq huşunu itirmədən həmin atəş nöqtəsini də susduraraq əsir düşmədən oradan çıxmağı bacarmışdır. Döyüş yoldaşını da, mühasirədən çıxarmaq istəyəndə iki güllə yarası da ona görə almışdır. Onu yaralı vəziyyətdə Şuşa şəhər xəstəxanasına gətirdilər və ilkin tibbi yardım göstərdikdən sonra vəziyyətinin ağır olduğu üçün oradan onu Qubadlı rayonuna gətirərək helikopter ilə Bakı Mərkəzi Hərbi Klinik Hospitala gətirdilər. O, l-ci Qarabağ müharibəsi dövründə 29.04.1992-ci ilə qədər N saylı hərbi hissədə könüllü döyüşmüş və N.04.1992-ci ildən 08.05.1992-ci ilə kimi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralandığı üçün Mərkəzi Hərbi Klinik Hospitalda müalicə almışdır. Bu barədə sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Səhhəti ilə əlaqədar olaraq döyüş qabiliyyəti olmadığı üçün sonradan hərbi hissəyə getməyinə icazə verilmədi. Hal-hazırda 2 qrup Qarabağ əlilidir. Bu barədə bütün lazımi tibbi sənədləri iddia ərizəsinə əlavə edilmişdir. Bildirir ki, o, Şuşa rayonunun ətrafında gedən şiddətli döyüşlərdə hərbi xidmət keçərkən 1992-ci ildə yaralanmağı və bütün bunların hamısı xəstəlik haqqında sənədlərində göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1992-ci il tarixli, 129 saylı və 31.10.1996-cı il tarixli, 252 saylı arayışlarda qeyd etdiyi faktlar bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail Rayon ƏSMM tərəfindən verilmiş 19.05.2014-ci il tarixli. 036396 saylı vəsiqəsinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müharibə əlili dərəcəsi almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərərfındən verilmiş 07.05.2003-cü il tarixli, 610389 saylı arayışına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup müharibə əlili dərəcəsi almışdır. O, 2-ci qrup əlil olduğuna görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (ç) bəndinə əsasən hərbi xidmətdə aldığı xəsarətə görə 11.000 manatın 60%-ni, yəni 6.600 manat sığorta pulunu ala bilmək üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Oradan ona imtina məktubu verilərək bildirilmişdir ki, sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətinə əlillik təyin olunduqda o sığorta məbləğini almaq hüququna malikdir. O, 2003-cü ildə əlillik dərəcəsi aldığına görə 11 il müddət keçdiyi sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, təmin edilməlidir. Cavabdehin imtinası əsassız hesab olunaraq 2-ci qrup müharibə əlili olduğuna görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (ç) bəndinə əsasən hərbi xidmətdə aldığı xəsarətə görə 11.000 manatın 60%-ni, yəni 6.600 manat sığorta pulu cavabdehdən tutulub ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Xankəndi şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-nın 04.05.2003-cü il tarixli, 610389 saylı arayışından görünür ki, İddiaçı ikinci qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaralanma, travmadır. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin N.11.2020-ci il tarixli 07-07-622 saylı məktubundan görünür ki, İddiaçı Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi “sığorta ödənişinin ödənilməsi” hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı 6.600 manat sığorta ödənişinin ödənilməsi ilə yanaşı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən gecikdirilmiş günlər üçün qanunda nəzərdə tutulan qaydada faizin ödənilməsini tələb etsə də, iddiaçının bu hissədə tələbi konkret olmadığından, habelə həmin (faizin ödənilməsi) tələbinə dair hər hansı bir sübut məhkəməyə təqdim etmədiyindən, iddiası bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar