Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4149/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 37 kv.m sahəsi olan 1 otaqdan ibarət 32 saylı mənzilə dair Cavabdeh ilə bağlanılan 21 may 2025-ci il tarixli bağışlama müqaviləsi ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanılan 21 may 2025-ci il tarixli «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən o, öz xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 37 kv.m sahəsi olan 1 otaqdan ibarət 32 saylı mənzili Cavabdeh bağışlamışdır. Cavabdeh onun gəilinidir, oğlu X1 həyat yoldaşıdır. Cavabdeh oğlu Şükürov Ruslanla 10 ildən artıq müddətdir ki, nikahdadır. Bu nikahdan onların iki övladı vardır. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onların yaşadıqları mənzilə köçərək onlarla birlikdə yaşamışdır. Bütün bu illər ərzində onların ailə münasibətləri normal davam etmiş, cavabdehin onunla da münasibəti çox yaxşı olmuşdur. Lakin, son vaxtlar cavabdehlə oğlu Ruslanın arasında ər-arvad kimi anlaşılmazlıq yaranmış və Cavabdeh yaşadığı mənzili tərk edərək uşaqlarla birlikdə anasının Xətai rayonunda yaşadığı mənzilə köçmüşdür. Yaranmış bu vəziyyət Şükürov Ruslanın anası olaraq, atası Şükürov Şükürə, xüsusilə də oğlu Ruslan Şükürova çox pis təsir etmiş, ailələrində narahatlıq yaranmışdır. Çünki onlar həmişə birlikdə çox mehriban yaşamışlar. Onun nəvələri onlarla birlikdə yaşayıb və gözünün önündə böyümüşlər. Bu səbəbdən o, nəvələrinə də çox bağlı olmuşdur. Cavabdehlə oğlu Ruslan Şükürovun ailə münasibətlərinin bərpa olunması üçün onun tərəfindən cavabdehə, eləcə də onun anasına dəfələrlə müraciətlər olmuş, barışmaq üçün xahişlər edilmişdir. Çünki ailədə yaranan xırda söz-söhbət və narazılıqların ailənin dağılması üçün heç cür əsas vermədiyini o da, cavabdeh də, digər ailə üzvləri də yaxşı bilirdi. Odur ki, o, bir böyük kimi cavabdehə barışmaq üçün israrla təkid edir və xahiş etmişdir. Onun bu xahişinə cavab olaraq cavabdeh bu ilin may ayında ona bildirmişdir ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 37 kv.m sahəsi olan 1 otaqdan ibarət 32 saylı mənzili ona bağışlasa, o halda oğlu Ruslanla barışaraq ailəni bərpa edəcək, uşaqları da götürüb evə qayıdacaq və yenidən birlikdə yaşayacaq. O, cavabdehin bu təklifinə oğlu ilə ailəsini bərpa etmək şərtilə razılıq vermiş və onların arasında qeyd olunan mənzilə dair 21 may 2025-ci il tarixli bağışlama müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin bağlanmasından bir aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdeh hələ də oğlu Ruslanla barışmamış və ailə münasibətlərini bərpa etməmişdir. Əksinə, məhz bağışlama müqaviləsindən sonra cavabdehin oğlu Ruslana, həyat yoldaşı Şükürov Şükürə və ona qarşı münasibəti daha da kəskinləşmişdir. Cavabdeh Ruslanla banşmayacağını bildirir, ona və yoldaşı Şükürov Şükürə uşaqları (nəvələrimi) göstərmir, boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirir. Onu da qeyd etmişdir ki, cavabdeh artıq nikahın pozulması üçün məhkəməyə müraciət də etmişdir. Bununla yanaşı, cavabdeh onun uşaqlarla ünsiyyət qurmaq xahişini yerinə yetirmir, uşaqları onlardan gizlədir, danışımalarına imkan vermir, hətta telefon zənglərinə və mesajlara da cavab vermir. Halbuki, bağışlama müqaviləsi bağlanmasından əvvəl cavabdeh onu və ailəni əmin etdi ki, qeyd olunan mənzili onun adına rəsmiləşdirəndən sonra onun Ruslana tam etimadı yaranacaq və söz-söhbətə son qoyub ailəsini bərpa edəcək. Onu da qeyd etmişdir ki, oğlu Ruslan Şükürov da boşanmaq istəmir. Cavabdeh onun gəlini olduğu üçün, bu hadisəyə qədər münasibətləri ana-bala münasibəti kimi olduğu üçün o, cavabdehə tam etimad etmiş və onun qarşında götürdüyü mənəvi öhdəliyə, verdiyi sözə əməl edəcəyinə heç bir şübhə etmədən mənzili cavabdehə bağışlamışdır. Cavabdeh də yaxşı bilir ki, o, həmin mənzili uzun illər müəllim kimi işləyib topladığı əmək haqqı hesabına, yəni min bir çətinliklə almışdır. O, bu müqaviləyə məhz oğlunun və gəlininin onlardan asılı olmadan müstəqil şəkildə yaşamaları üçün, ailələrinin bərpası üçün, nəvələri ilə ünsiyyətlərinin bərpası üçün razılıq vermişdir. Lakin, bağışlama müqaviləsindən sonra cavabdehin ona və verdiyi sözə münasibəti tamamilə dəyişdi. Cavabdeh onun qarşısında götürdüyü mənəvi öhdəlikləri xatırlamaq istəmir, onunla danışmaqdan yayınır, üstəlik uşaqları da ondan gizlədir, onlarla ünsiyyətinə mane olur, onunla uzun illər birlikdə yaşayan nəvələrinə nə qədər bağlı olduğunu da nəzərə almır. Cavabdehə bu qədər etimad göstərdiyi və inandığı halda onlara xüsusilə də iddiaçıya qarşı bu qədər kobud davranmağını anlamaqda çətinlik çəkir. Cavabdehin bağışlama müqaviləsi bağlandıqdan sonra onlara qarşı münasibətini tamamilə dəyişməsi, verdiyi sözün əksinə olaraq boşanmaq istəməsi və məhkəməyə müraciət etməsi artıq onun öz üzərinə götürdüyü öhdəlik və vəzifələrini yerinə yetirmək istəməməsindən xəbər verir. Odur ki, ünvan 2 ünvanında yerləşən 37 kv.m sahəsi olan 1 otaqdan ibarət 32 saylı mənzili cavabdehə bağışlamaqdan imtina edir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. İddiaçı tərəfin şahidləri məhkəmə iclasında izahat verərək, bildirdilər ki, cavabdeh tərəfə barışıq üçün getmişlər və cavabdeh ev veriləcəyi təqdirdə barışacağını bildirmişdir. Cavabdeh tərəfin şahidləri isə iddiaçı tərəfin qohumlarının barışıq üçün gəldiklərində cavabdehin ümumiyyətlə evdə olmadığını, belə bir razılığın verilmədiyini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları: Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyəti hüququ üzrə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan mənzilin oğlu Cavabdeh hədiyyə etmişdir. Tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. Mülki işin materiallarında olan 2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Cavabdeh 3 gün müddətində ona xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvi barədə razılığını bildirmədiyi halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. 13 fevral 2022-ci il tarixli fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilədən görünür ki, Abşeron Rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən N nömrəli 8 mərtəbəli yaşayış binasında 32 saylı evin alıcıları qismində X2 və İddiaçı Rıza qızı çıxış edirlər. 14 mart 2025-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilədən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan mənzil alıcı-İddiaçı Rıza qızı tərəfindən alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, tərəflərin izahatlarını və tətbiq edilməli olan maddi hüquq normalarını kompleks şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının bağışlama müqaviləsinin ləğvi barədə tələbi əsassızdır və təmin edilə bilməz. İddiaçı tələbinin əsasını Mülki Məcəllənin 422.2-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutu ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, bu norma yalnız istisna hallarda tətbiq edilə bilər və onun məqsədi müqavilə tərəflərindən birinin sonradan yaranmış subyektiv narazılıqlarını aradan qaldırmaq deyil. Qanunvericiliyin məntiqinə və hüquq doktrinasında qəbul edilmiş yanaşmaya görə, müqavilə yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə o halda ləğv edilə bilər ki, tərəflər müqavilə bağlanarkən həmin dəyişməni ağlabatan mühakimə ilə əvvəlcədən görə bilməsinlər və bu dəyişiklik müqavilə münasibətlərinin iqtisadi və hüquqi balansını kökündən pozsun. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi hal – cavabdehin boşanma ilə bağlı məhkəməyə müraciət etməsi – nə gözlənilməz, nə də tərəflərin risk sferasından kənar hal hesab edilə bilməz. Əksinə, iş materiallarından və iddiaçının öz izahatından da görünür ki, cavabdeh artıq daha əvvəl boşanmaq niyyətini bildirmiş, bu istiqamətdə addımlar atmışdır və məhz bu proseslərdən sonra bağışlama həyata keçirilmişdir. Deməli, boşanma ehtimalı iddiaçı üçün qabaqcadan məlum olan və ya ən azı ağlabatan mühakimə ilə əvvəlcədən görülməli olan hal olmuşdur. Belə olan halda sonradan baş vermiş boşanma faktının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsi hüquqi cəhətdən yolverilməzdir, çünki bu yanaşma Mülki Məcəllənin 422-ci maddəsinin mahiyyətinə zidd olmaqla, onun sui-istifadə vasitəsinə çevrilməsinə şərait yaradar. İddiaçı həmçinin bildirir ki, bağışlama cavabdehin onun oğlundan boşanmaması və ailənin barışması şərti ilə edilmişdir. Məhkəmə bu arqumenti də əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, bağışlama müqaviləsində belə bir şərt yazılı şəkildə nəzərdə tutulmamışdır. Cavabdeh belə bir razılaşmanın mövcudluğunu qəti şəkildə inkar edir və mülki prosesin əsas prinsiplərinə uyğun olaraq belə bir razılaşmanın mövcudluğunu sübut etmək yükü iddiaçının üzərinə düşür. Təqdim olunmuş şahid ifadələri isə ziddiyyətli xarakter daşıyır: iddiaçı tərəfin şahidləri razılığın olduğunu iddia etsələr də, cavabdeh tərəfin şahidləri cavabdehin həmin vaxt ümumiyyətlə evdə olmadığını və hər hansı razılıq vermədiyini bildirmişlər. Bu cür ziddiyyətli və qeyri-müəyyən sübutlar əsasında məhkəmənin şifahi şərtin mövcudluğu barədə qəti qənaətə gəlməsi mümkün deyildir. Hüquq nəzəriyyəsində də qəbul olunur ki, mülki dövriyyədə hüquqi nəticə doğuran iradə ifadəsi aydın, dəqiq və şübhə doğurmayan formada sübuta yetirilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən belə bir şərt mövcud olmuş olsaydı belə, onun hüquqi etibarlılığı ciddi şübhə yaradır. Ailə qurmaq və nikaha xitam vermək hər bir şəxsin fundamental hüququdur, nikah könüllü ittifaqdır və bu prinsip ailə qanunvericiliyinin təməlini təşkil edir. Şəxsin boşanmaq hüququndan məhrum edilməsi və ya onu dolayı yolla bu hüquqdan imtinaya məcbur edən hər hansı şərt – istər yazılı, istərsə də şifahi formada – ailə hüququnun əsas prinsiplərinə, xüsusilə nikahın könüllülüyü prinsipinə açıq-aşkar ziddir. 26 aprel 2024-cü il tarixli Konstitusiya Məhkəməsinin qərarında da göstərildiyi kimi, bağışlama müəyyən öhdəliklərdən asılı edilə bilər, lakin bu öhdəliklər yalnız “ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə” yəni, qanunla yol verilən, hüquq qaydasına və ictimai əsaslara zidd olmayan çərçivədə mümkündür. Şəxsi ailə həyatına dair konstitusion hüquqların məhdudlaşdırılmasına yönələn şərtlər isə bu çərçivəyə daxil deyildir və hüquqi qüvvəyə malik ola bilməz. Məhkəmə eyni zamanda vurğulayır ki, baxmayaraq iddiaçı iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 422.2-ci maddəsinə istinad etmişdir, lakin məhkəmə “məhkəmə hüququ bilir” (iura novit curia) prinsipindən irəli gələrək, mübahisəli hüquq münasibətlərinə tətbiq edilə bilən bütün müvafiq maddi hüquq normalarını öz təşəbbüsü ilə yoxlamaq və düzgün hüquqi kvalifikasiya vermək öhdəliyi daşıyır. Beləki, bağışlama müqaviləsinin ləğvi və ya bağışlamadan imtina məsələlərində xüsusi hüquqi tənzimləmə mövcuddur. Mülki Məcəllənin 673 və 674-cü maddələrində bağışlamadan imtinanın və bağışlamanın ləğvi əsasları qeyd olunmuşdur. Həmin normalarda bağışlamadan imtinanın əsasları qapalı siyahı şəklində göstərilmişdir və hazırkı iş üzrə bu əsasların heç biri mövcud deyildir. Cavabdehin iddiaçıya və ya onun yaxın qohumlarına qarşı ağır cinayət törətməsi, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobud şəkildə pozması və ya bağışlama ilə bağlı hər hansı öhdəliyi əsassız icra etməməsi müəyyən edilməmişdir.Beləki, cavabdehin boşanmaq niyyəti və bu məqsədlə məhkəməyə müraciət etməsi “ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması” anlayışı ilə eyniləşdirilə bilməz.Nikah könüllü ittifaqdır və onun davam etdirilməsi və ya xitamı hər bir tərəfin iradəsindən asılıdır. Şəxsin qanunla tanınmış boşanma hüququndan istifadə etməsi nə hüquqa zidd davranışdır, nə də ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud pozuntusu kimi qiymətləndirilə bilər. Əks yanaşma boşanma hüququnun faktiki olaraq sanksiyalaşdırılmasına və ailə hüququnun mahiyyətinə zidd nəticələrə gətirib çıxarar.Eyni zamanda məhkəmə hesab edir ki, bağışlama müqaviləsi ilə cavabdehin üzərinə hər hansı konkret öhdəlik qoyulmadığından, “bağışlama ilə bağlı öhdəliklərin əsassız icra edilməməsi” halının mövcudluğundan da söhbət gedə bilməz. Bu baxımdan bağışlama müqaviləsindən imtina və ləğvi üçün maddi hüquqi əsaslar mövcud deyildir. Məhkəmə həmcinin, Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqedən çıxış edərək, öz səlahiyyəti daxilində müqavilənin etibarlılığı şərtlərinə qiymət verərək(əhəmiyyətsizliyinə münasibətdə), müqavilənin etibarsız sayılması üçün hər hansı bir əsasın mövcud olmadığını müəyyən etmişdir. Nəhayət, məhkəmə hesab edir ki, tərəflərin iradə azadlığı əsasında bağladıqları və qüvvədə olan bağışlama müqaviləsinin sonradan yalnız iddiaçının gözləntilərinin doğrulmaması səbəbi ilə ləğv edilməsi mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsiplərinə ciddi zərbə vurar. Mülki dövriyyə iştirakçıları bağladıqları müqavilələrin hüquqi nəticələrini əvvəlcədən qiymətləndirməli və sonradan bu nəticələrdən yayınmaq üçün müstəsna hüquqi institutlardan sui-istifadə etməməlidirlər. Belə olan halda məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbi təmin edilməməli, müqavilə qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-4149/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4149/2025
23.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver