Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4151/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçının ərizəsi əsasında əsl olmayan cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilməli idi. Lakin həmin vaxt dolların manata məzənnəsi hesablanaraq ona kredit müqaviləsi üzrə 15.000 manat pul verilmiş və pulun da manatla ödəniləcəyini bildirmişlər. Həmin müqavilənin təminatı kimi xx.xx.2014-cü il tarixdə bacısı X13 və onun həyat yoldaşı X15 arasında zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və mənzil 31.000 manat dəyərində qiymətləndirilmişdir. Həmin kredit müqaviləsi üzrə o, 17.500 manat pul ödəniş etsə də, bank onu məhkəməyə vermiş və məhkəmənin 2(002)-569/2016 saylı qətnaməsi ilə onlardan müştərək qaydada Cavabdeh ASC-nin xeyrinə 10.435,16 ABŞ dollarının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş zamin X9 məxsus evə yönəldilməsi qət edilmişdir. Əslində o, kredit üzrə bütün borclarını tam ödəmiş və onun heç borcu qalmamışdır. Onun ödəniş etdiyi 17.500 manat nəzərə alınmamışdır. İpoteka üzrə bağlanmış kredit öhdəliyi tam ödənildiyindən həmin müqaviləyə də xitam verilməlidir. Kredit müqaviləsi ABŞ dolları ilə bağlansa da ona ödənilmiş pul Azərbaycan manatı ilə verilmiş və o da Azərbaycan manatı ilə həmin kredit borcunu tam qaytarmışdır. İpoteka ilə yüklü edilmiş mənzil şəhid X2 valideynləri X10 və X5 məxsusdur. Şəhid ailəsi statusları vardır. Bu hal da nəzərə alınmamışdır. Halbuki şəhid ailələrinə diqqət və qayğı dövlətimizin diqqət mərkəzindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddia ərizəsinə etiraz edərək qeyd edirlər ki, hazırda əsas öhdəlik üzrə borclu İddiaçı LPO Cavabdeh ASC-yə pul borcunun olması müvafiq məhkəmə aktları ilə öz təsdiqini tapır. Yəni əsas öhdəlik icra olunmamışdır. Belə ki, ipoteka öhdəliyi əsas öhdəliyə bağlı olan əlavə öhdəlikdir və yalnız borc öhdəliyi aradan qalxdığı halda əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər. Borclu tərəfindən əsas öhdəlik hazırki vaxtadək icra olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, tələb edilmiş 2(002)-569/2016 saylı mülki işin materiallarına baxış keçirib hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 161-14 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik 24% dərəcəsi ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan X16 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, SİP 161-14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Oruc Qasımovun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-569/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı, X16 və X3 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.072,92 ABŞ dolları əsas borc, 282,24 ABŞ dolları faiz borcu, 80 ABŞ dolları cərimə, ümumilikdə 10.435,16 ABŞ dolları məbləğində (Azərbaycan manatına olan məzənnə ilə) borc pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X10 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 4 otaqlı, 72,53 kv.m ümumi, 50,4 kv.m yaşayış, 22,13 kv.m yardımçı sahədən ibarət 37 nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borc pul vəsaitinin qeyd edilən mənzilin açıq hərracda satışından əldə olunan vəsait hesabına Cavabdeh ASC-yə ödənilməsi, ipoteka predmeti olan, cavabdeh X10 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 4 otaqlı, 72,53 kv.m ümumi, 50,4 kv.m yaşayış, 22,13 kv.m yardımçı sahədən ibarət 37 nömrəli evin 11 nömrəli mənzilinin satışından əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan, X10 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 4 otaqlı, 72,53 kv.m ümumi, 50,4 kv.m yaşayış, 22,13 kv.m yardımçı sahədən ibarət 37 nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra 1 ay ərzində mənzili könüllü tərk etməsələr, cavabdehlər X16, X13, X11, X14, X6, X1, X7 və X8 həmin mənzildən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən cavabdehlər İddiaçı, X16 və X13 tərəfindən apelyasiya şikayəti verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-3613/2016 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı, X16 və X13 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-569/2016 saylı qətnaməsinin mübahisələndirilən hissədə əsas və faiz borcunun, azaldılmış cərimənin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq bankla X16 arasında ipoteka müqaviləsi bağlanmışdır. Borclu tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və bunun nəticəsi olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-569/2016 saylı qətnaməsi qəbul edilmişdir. Qeyd edilən qətnamədən cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-3613/2016 saylı qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı ipoteka predmeti olmuş əmlakın ipoteka yüklülüyündən azad edilməsini xahiş etsə də, iddia ərizəsində qeyd etdiyi xüsusatlar bank tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində ona və digər cavabdehlərə qarşı yönəlmiş tələbə baxılarkən irəli sürmüş olduğu dəlillərlə mahiyyət etibarı ilə eynilik təşkil edir. Belə ki, iddia ərizəsində qeyd edilmiş məlumatlardan görünür ki, iddiaçı onun tərəfindən banka olan borcundan 17.500 manat məbləğində ödəniş edildiyi, lakin bank tərəfindən bu ödənişin nəzərə alınmadığı, bununla belə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edildiyi, mülki işə baxıldığı dövrdə də etmiş olduğu ödənişin məhkəmə tərəfindən nəzərə alınmadığı və nəticə etibarı ilə barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-569/2016 saylı qətnaməsinin qəbul edildiyi bildirilmişdir. Hazırda da iddiaçı eyni əsaslarla çıxış edərək, banka ödəniş etdiyini, bununla da banka borcunun olmadığını qeyd edir və əmlakın ipoteka yüklülüyündən azad edilməsini tələb edir. Habelə məhkəmə araşdırması dövründə (verilmiş izahatlar, cavabdeh tərəfin etiraz ərizəsi və s.) müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-569/2016 saylı qətnaməsi qəbul edildikdən sonra İddiaçı və digərləri tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində İddiaçı və qeyrilərinə qarşı mülki işə baxıldığı dövrdən hazırki dövrə kimi tərəflər (bank və borclular) arasında öhdəlik münasibətlərində hər hansı bir dəyişiklik baş vermədiyindən və hazırda ididaçı əvvəllər ona qarşı verilmiş iddiaya baxılan zaman banka qarşı irəli sürmüş olduğu eyni tələblərlə məhkəməyə müraciət etdiyindən və həmin tələblərə baxılıb yekun məhkəmə aktı ilə hüquqi qiymət verildiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməz olduğundan, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə vurğulayır ki, iddiaçı tərəfindən banka olan borc məbləği tam ödənildikdən sonra icra mərhələsində yarana biləcək hallarla əlaqədar icra icraatı çərçivəsində məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4151/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4151/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver