Məhkəmə qərarları › İş №2(006)-4190/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4190/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4190/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əlavə xərc qismində alimentin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X2 üçün hər ay 400 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X1 üçün Cavabdeh hər ay 500 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X5 əlavə xərcləri üçün hər ay 500 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdən faktiki olaraq ailə quraraq ər-arvad kimi yaşamağa başlamışlar. Birgə ailə həyatlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X10 adlı övladları var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(006)-1188/2010 saylı qiyabi qətnaməsi ilə onun iddiası təmin edilmiş, Cavabdeh 21 yanvar 2004-cü il təvəllüdlü X1 üçün əvvəlki dövr, yəni 2007, 2008, 2009-cu illər üçün hər ay sabit pul məbləğində 200 manatın, yetkinlik yaşına çatanadək saxlanılması üçün isə 16 fevral 2010-cu il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi bu illər ərzində icra edilmişdir. Lakin artıq övladı yetkinlik yaşına çatdığından aliment məbləği tutulmur. Bununla belə, Rzanın diaqnozunda dəyişiklik yoxdur. Övladları Rza uşaqlıqdan əlildir, ona yüngül kəmağıllıq (debillik), nitq və hərəkət dayaq aparatının pozğunluğu diaqnozu qoyulmuşdur və həmin diaqnoza uyğun müalicə alır. Buna baxmayaraq cavabdeh hazırda övladlarının saxlanılması ilə bağlı xərclərdə iştirak etmir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz və həmçinin yazılı izahat göndərərək qeyd etmişdir ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ondan övladları X1 üçün ondan hər ay 400 manat alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı həmin iddia ərizəsinin həcminin artırılması barədə ərizə verərək məhkəmədən xahiş etmişdir ki, X1 üçün ondan hər ay 500 manat alimentin tutulması barədə qətnamə qəbul edilsin. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən xahiş etmişdir ki, ondan X5 əlavə xərcləri üçün hər ay 500 manat alimentin tutulması barədə qətnamə qəbul edilsin. Qeyd edilən iddia ərizəsinin dəlilləri kimi göstərilmişdir ki, X10 uşaqlıqdan əlildir, ona yüngül kəmağıllıq (debillik), nitq və hərəkət dayaq aparatının pozğunluğu diaqnozu qoyulmuşdur və həmin diaqnoza uyğun müalicə alır, o isə hazırda övladının saxlanılması ilə bağlı xərclərdə iştirak etmir. İş materiallarından müəyyən edilir ki, iddiaçı iddia tələbində göstərdiyi dəlillərlə bağlı sübutlar təqdim etməmişdir. O, iddia ərizəsi ilə bağlı ətraflı etiraz ərizəsi göndərərək iddia tələbinin maddi hüquqi əsası kimi Ailə Məcəlləsinin 80 və 81-ci maddələrini göstərsə də, lakin iddiaçı X5 maddi yardıma ehtiyacı olması və zəruri xidməti xərclərinin nədən ibarət olması, real olaraq bu xərcləri hansı tibbi müəssisəyə ödəyəcəyini əsaslandırmamışdır. Məlumat üçün məhkəmənin diqqətinə çatdırır ki, əlilliyi olan şəxslərin tibbi xidməti dövlət tərəfindən qarşılanır, həmçinin müavinətlər müvafiq qanunvericiliyə uyğun ödənilir. Belə ki, əlilliyi olan şəxslərin hüquqlari haqqında Azərbaycan Respublikası Qanunun 29-cu maddəsin əsasən əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar. İşin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbini qaldırmaqda məqsədi hüquqdan sui-istifadə edərək ona təsir edərək maddi vəziyyətini ağırlaşdırmaqdır. İddiaçı isə bu faktları bildiyi təqdirdə ona qarşı iddia qaldırıb. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İddiaçının iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsindən görünür ki, tələb olunan aliment X5 əlavə xərcləri ilə bağlıdır. Məhkəmənin nəzərinə çatdırır ki, nə iddia ərizəsində, nə də iddia tələbinin həcminin artırılması barədə ərizədə və ona əlavə edilmiş sənədlərdə «əlavə» xərclərə dair sübut təqdim edilməyib və bu əlavə xərclərin nədən ibarət olması açıqlanmamışdır. Belə olan halda məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı nəzərə alınmalıdır. Belə ki, həmin qərarda göstərilir ki, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrində «əmək qabiliyyəti olmayan» və 81-ci maddəsində «göstərilən kənar xidmət», «və digər hallarda» ifadələrində nəyin nəzərdə tutulması ilə bağlı ünvanlanan müraciətə dair aşağıdakıların qeyd edilməsi zəruridir. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır («Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara valideynləri tərəfindən alimentin ödənilməsi iki qaydada həyata keçirilir: aliment ödənilməsi barədə valideyn və övlad arasında bağlanan sazişə əsasən (Ailə Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq, tərəflər alimentin miqdarı, ödənilmə qaydası və şərtləri barədə razılığa gələ bilərlər); tərəflər arasında belə saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyən edilən həcmdə və qaydada. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Həmin qərarda əlavə olaraq göstərilmişdir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Həmin qərarın ruhundan görünür ki, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin hazırki iddia tələbi ilə bağlı maddi hüquq kimi istinad edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə möhtəbər sübut təqdim edilməlidir. Lakin iddiaçı tərəfindən iddia ərizəsində göstərilən dəlillərlə bağlı, həmçinin istinad etdiyi maddi hüquq normasına dair sübut təqdim etməmişdir. Yalnız iddia ərizəsində formal mülahizələrə əsaslanmışdır. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, əlillərlə bağlı müvafiq qanunvericilik qəbul edilmişdir. Belə ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbayacan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. (30.2) Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. (30.3.) Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 15 aprel 2019-cu il tarixli «İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar «İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilməsi və onun aylıq məbləğinin 50 manat müəyyən olunması qərara alınmışdır. Yuxarıdakılara nəzər salaraq qeyd etmək olar ki, hal- hazırda X5 bütün maddi ehtiyacları dövlət tərəfindən ödənilir. MPM-nin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddiasının qanunsuz və əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan vəsatəti nəzərə alaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(006)- 1188/2010 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 21 yanvar 2004-cü il təvəllüdlü X1 üçün əvvəlki dövr, yəni 2007, 2008 və 2009-cu illər üçün hər ay sabit pul məbləğində 200 manat, yetkinlik yaşına çatanadək saxlanılması üçün isə 16 fevral 2010-cu il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan qətnamə ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş tibbi sənədlər toplusundan görünür ki, tərəflərin faktiki münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmış övladları 21 yanvar 2004-cü il təvəllüdlü X10 uşaqlıqdan İ qrup əlildir. Hal-hazırda qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağıllıq idiotiya kobud nitq və hərəki-dayaq aparatının pozuntusundan əziyyət çəkir, kənar şəxslərin himayəsinə ehtiyacı var. Mütəmadi olaraq müayinə və müalicə olunur. Müalicəsi üçün apteklərdən dərman preparatları və s. alınır. 21 yanvar 2004-cü il təvəllüdlü X7 İ qrup əlillik müddətsiz olaraq təyin edilmişdir. Digər sözlə ifadə etdikdə, onun ömrünün sonunadək kənar şəxslərin himayəsinə, müayinə və müalicəyə, dərman preparatlarının alınmasına və s. ehtiyacı olacaqdır. İddiaçı cavabdehlə aralarında olan - yetkinlik yaşına çatmış, ağır xəstə olan, sağlamlıq durumuna görə faktiki olaraq əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladları 21 yanvar 2004-cü il təvəllüdlü X7 lazım olan əlavə xərclərdə iştirakla bağlı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya Şurası Bakı 16 saylı Mediasiya təşkilatının verdiyi 07 dekabr 2022-ci il tarixli MŞB/16-0221 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 07 dekabr 2022-ci il tarixə saat 12:00-13:00 radələrinə təyin edilmiş mediasiya sessiyasına gəlmiş, 50 manat mediasiya xərcini ödəmiş, lakin cavabdeh həmin sessiyaya gəlməmişdir. Göründüyü kimi, mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Göründüyü kimi, iddiaçının ağır xəstəlikdən əziyyət çəkən, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladının saxlanmasında cavabdehdən iştirakını tələb etmək hüququ var, lakin tələb edilən əlavə xərc qismində alimentin məbləği cavabdehin maddi vəziyyətinə uyğun deyil. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərdən göründüyü kimi, o, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı var. Həmin övladlarının da qayğısına qalmalıdır və əlavə xərclərə ədalətli şəkildə cəlb edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hazırki iddia tələbini qismən təmin edərkən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(006)-1188/2010 saylı qətnaməsi ilə müəyyən edilən aliment (hər ay 300 manat sabit pul məbləğində) məbləğindən heç bir tərəfin yuxarı instansiya məhkəməsinə şikayət verməməsini və bununla da həm alimenti ödəyən həm də alimenti alan tərəfin razılıqlarını ifadə etmələrini nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət olunan xx.xx.2023-cü il tarixdən başlayaraq 21 yanvar 2004-cü il təvəllüdlü X7 münasibətdə əlavə xərc üçün aliment qismində hər ay 300 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət olunan xx.xx.2023-cü il tarixdən başlayaraq 21 yanvar 2004-cü il təvəllüdlü X7 münasibətdə əlavə xərc üçün aliment qismində hər ay 300 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar