Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4198/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət dövründə 2 (iki) dəfə xəsarət alması ilə əlaqədar 4400 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 04.07.2019-cu il tarixdə döyüş şəraitində yerləşən N saylı hərbi hissədə döyüş mövqeyində olan hərbi qulluqçuların dəyişdirilməsi zamanı sağ diz, ikinci dəfə 30 dekabr 2019-cu il tarixdə sol oynağından xəsarət almış, hər iki xəsarət ekspert rəyinə əsasən az ağır zərərvurma kimi qiymətləndirilmişdir. İddiaçı hər iki sığorta hadisəsi üzrə ödənişinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də ona hər bir sığorta hadisəsi üçün “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “d” bəndində nəzərdə tutulmuş yüngül xəsarətə görə nəzərdə tutulmuş 550 manat olmaqla cəmi 1100 manat məbləğində pul ödənilmişdir və səbəb kimi “İddiaçı aldığı xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi göstərilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iddianı qəbul etməyib, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda “az ağır” xəsarət sığorta hadisəsi növü kimi qeyd edilməmişdir. Belə ki, Qanunda xəsarətin 2 növü “ağır” və “yüngül” növü qeyd edilmişdir. İddiaçı hərbi xidmət dövründə müxtəlif vaxtlarda aldığı xəsarət “yüngül” kimi qiymətləndirilmiş, iki dəfə xəsarət alması səbəbindən hər iki sığorta hadisəsi üzrə 550 manat olmaqla, ümumilikdə 1100 manat sığorta ödənişi edilmişdir. İddiaçı aldığı xəsarət yüngül olması səbəbindən 4400 manat sığorta ödənişinin verilməsi qeyi-mümkündür. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza Mərkəzi və X3 Tərtər Regional Məhkəmə X1 1342 №-li canlı şəxsin ekspertizası rəyindən görünür ki, İddiaçı almış olduğu xəsarət – sağ diz oynağının hemartozu ilə müşayiət olunan medial meniskin arxa buynuzunun radial cırılması küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, müayinə olunanın göstərdiyi tarixdə (04.07.2019) və şəraitdə yetirilməsi inka olunmur, ağırlıq dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Mülki işin materiallarında olan 26.07.2019-cu il tarixli travma haqqında arayışdan görünür ki, İddiaçı 04.07.2019-cu il tarixdə saat 22:40 radələrində şərti adı “Polad” postunda yerləşən komanda müşahidə məntəqəsini tərk edərkən ayağı boşluğa düşərək yıxılmış və “Sağ diz oynağının sinoviti” xəsarətini almışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza Mərkəzi və X3 Tərtər Regional Məhkəmə X1 82 №-li canlı şəxsin ekspertizası rəyindən görünür ki, İddiaçı almış olduğu xəsarət – sol diz oynağının postravmatik hemartozu ilə müşayiət olunan sol diz oynağının medial meniskin arxa buynuzunun horizontal cırılması, ön çarpaz bağın hissəvi qopması və sol baldırın dərialtı qançırı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, müayinə olunanın göstərdiyi tarixdə (30.12.2019) və şəraitdə yetirilməsi inka olunmur, ağırlıq dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Mülki işin materiallarında olan 11.02.2020-ci il tarixli travma haqqında arayışdan görünür ki, İddiaçı 30.12.2019-cu il tarixdə saat 19:00 radələrində komanda müşahidə məntəqəsindən qayıdarkən “Sol diz oynağının küt travması, reaktiv ödemi” xəsarətini almışdır. Mülki işin materiallarında olan 08.07.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı hesabına 550 (beş yüz əlli) manat pul köçürülmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 22.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda “az ağır” xəsarət növü sığorta hadisəsi növü kimi qeyd edilməmişdir. Belə ki, Qanunda xəsarətin 2 növü “ağır” və “yüngül” xəsarət növləri sığorta hadisəsinin növü kimi göstərilmişdir. Aldığı xəsarət “yüngül” xəsarət növü kimi qiymətləndirilərək İddiaçı hər iki halda ayrılıqda 550 manat sığorta ödənişi hesablanaraq bank hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı, tərəflərin verdiklərin izahatlardan və iş materiallarında olan sənədlər müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar iki dəfə xəsarət almış və hər iki sığorta hadisəsi üzrə cavabdeh tərəfindən ona 550 manat olmaqla, ümumilikdə 1100 manat məbləğində sığorta ödənişi edilmişdir. Eyni zamanda qeyd edilməlidirki cavabdeh tərəfindən 04.07.2019-cu il tarixdə və 30.12.2019-cu il tarixlərində İddiaçı ilə bağlı iki sığorta hadisəsinin baş verməsi mübahisələndirilmir və cavabdeh hər bir sığorta hadisəsi üzrə 550 manat olmaqla cəmi 1100 manat ödədiyini təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinin iddiaçının ordu sıralarına daxil olduğu dövrdə qüvvədə olmuş redaksiyası müəyyən edirdi ki, “hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar. Sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir”. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir. a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Göründüyü kimi yuxarıda qeyd edilən qanunda sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman ağır xəsarət və yüngül xəsarət almağa görə sığorta ödənişi verilməsi göstərilmişdir. Halbuki “İcbarı Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 14.2.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması üçün hesab edilir. Həmin Qanunun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi əlillik və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz nisbətlərində ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 №-li Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nda xəsarətlər ağır, az ağır və yüngül xəsarətlər olaraq təsnifatlaşdırılmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilmişdir ki, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə olarkən 04.07.2019-cu il tarixdə və 30.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının müdafiəsində yaralanmış, hər iki hadisə üzrə xəsarət ekspert rəyinə əsasən ağırlıq dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən ağır və yüngül xəsarət almağa görə sığorta ödənişinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, “İcbarı Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda şəxsin yüngül, az ağır və ya ağır xəsarət almağa görə sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hərbi xidmət dövründə olarkən 04.07.2019cu il tarixdə və 30.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının müdafiəsində az ağır xəsarət almışdır, həmin dərəcəli xəsarətə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə sığorta ödənişinin verilməsi nəzərdə tutulmayıb, lakin “İcbarı Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda az ağır və ya ağır xəsarət bir kateqoriyaya aid edildiyindən qanunun analogiyası tətbiq edilərək İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda ağır xəsarətə nəzərdə tutulmuş sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair qərarında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı hər bir sığorta hadisəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş 11.000 (on bir min) manat sığorta ödənişinin 5 faizi (550 manat olmaqla cəmi 1100 manat) əvəzinə 25 (iyirmi beş) faizi yani (2750 manat x 2 = 5500 manat) ödənilməli idi. Buna görə də hər bir sığorta hadisəsinə görə ödənilməmiş 2200 manat olmaqla, cəmi 4.400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən İddiaçı xeyrinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 4.430 (dörd min dörd yüz otuz) manat məbləğində alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4198/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4198/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver