Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4205/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluqçu kimi 6.600 manat icbari sığorta məbləğinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu Ardanış kəndində doğulmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmət etmişdir. Yaralandığı üçün ehtiyata buraxılmışdır. Döyüşdə olarkən döyüş bölgələrində torpaqlarını qorumuş və döyüşdə iştirak etmişdir. O, döyüşə gedərkən komissiyalardan keçmiş və sağlam olmuşdur, lakin torpaqların müdafiəsi zamanı yaralanmışdır, hazırda da 2-ci qrup müharibə əlili kimi təqaüd alır. Hərbi xidmətdə olarkən heç vaxt xidmətdə qüsurlara yol verməmişdir. Həmişə tapşırıqları yerinə yetirmişdir. Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, xəstəlik hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız olması qeyd olunur. Hazırda həmin xəstəlikdən əziyyət çəkir. Yəni sağlamlığı pozulub və sağlamlığının bir qismini itirmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə rəsmi müraciət etmək qərarına gəlmişdir. Belə ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortası dövlət sığorta orqanıdır. Onun sağlamlığına ziyan dəymişdir, o, bu gün də bundan əziyyət çəkir, çünki sağlamlığına ziyan dəymişdir. Hesab edir ki, onun əlilliyi hərbi xidmətlə bağlı olduğundan ona 6.600 manat məbləğində sığorta pulu verilməlidir. Göstərilənlərə əsasən, hərbi qulluqçu kimi 6.600 manat icbari sığorta pulunu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edir. Hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat ona cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanuna əsasən sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Bununla da hazırki iş üzrə qeyd edilən müddətin ötürüldüyünü nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1970ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu Ardanış kəndində doğulmuşdur. Xəlilov X1 RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdə döyüş əməliyyatları zamanı hər iki ayağını don vurmuşdur. Uzun müddət müalicə olunmuşdur. Donvurma iddiaçının sağlamlığına ciddi ziyan vurmuş, ağırlaşmalar baş vermişdir. Nəticədə iddiaçının hər iki ayağının 1 barmağının əsas falanqa səviyyəsində amputasiyası həyata keçirilmişdir. İlk diaqnoz və donvurma nəticəsində ağırlaşmalardan sonrakı diaqnozlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. İlk diaqnoz: «Hər iki ayağın 1-2-3-cü dərəcəli donvurması. Sağ ayağın İ-İİ barmaqlarının dırnaq falanqalarının, sol ayağın İ barmağının nekrozu. Sağ ayağın İ-İİ barmaqların dırnaq falanqalarının və sol ayağın İ barmağının nekrozuna görə ekzartikulyasiyası» olmuşdur. Hərbi travma olmaqla, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travmadır. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən özünə ödənilməli olan sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2019-cu il tarixli 07-07-826 saylı məktubundan görünür ki, İddiaçı səhhəti (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma və bunun nəticəsində əlillik dərəcəsi təyin olunması) ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həmin Şirkətə ünvanlanmış ərizəsinə qeyriməqbul cavab verilmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travma ilə bağlı ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4205/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4205/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver