Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4205/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6221/2020 saylı, 23.11.2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. Ancaq iddiaçı "xxxx" MMC-də işləyiyr. Aylıq əmək haqqı 400 manat təşkil edir. Başqa gəlir və qazancı yeri yoxdur. Anası onun himayəsində yaşayır. Anasının dərman pulunu da ancaq çatdırıram. Aliment sabit pul məbləğində tutulması iddiaçı üçün maddi çətinlik yaradır. Özünün də maddi tələbatlarını ödəməlidir. Buna görə də aliment onun əmək haqqına uyğun tutulmalıdır. Göstərilənlərə əsasən 07.10.2010-cu il təvəllüdlü X1 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, ondan sabt məbləğdə deyil aylıq gəlirdən müəyyən edilən 3/1 hissədə aliment tutulmasını xahiş edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sadunçu rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(008)-6221/2020 saylı icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 07.10.2010-cu il təvəllüdlü X1 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimenti tutularaq Cavabdeh ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC ilə fərdi sahibkar İddiaçı arasında malların daşınması xidmətlərinin göstərilməsi haqqında 08.12.2020-ci il tarilli X/017 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən hesablaşma aylıq 380 manat aparılması göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə fərdi sahibkar İddiaçı arasında 08.12.2020-ci il tarixli, X/017 nömrəli malların daşınması xidmətlərinin göstərilməsi haqqında 25.02.2021-ci il tarixli 2 saylı Əlavə Razılaşmasından görünür ki, tərəflər arasında 08.12.2020-ci il tarixdə bağlanmış xidmət müqaviləsinin 4.3-cü bəndində hesablaşma 400 manat aparılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 07.10.2010-cu il təvəllüdlü X2 və 15.01.2015-ci il təvəllüdlü X5 anadan olmuşlar. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(008)-6221/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 07.10.2010-cu il təvəllüdlü X1 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimenti tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı aliment ödəməkdə çətinlik çəkdiyini əsas gətirərək alimentin məbləğinin azaldılaraq əmək haqqının miqdarında alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Eyni Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki halda məhkəmə hesab edir ki, İddiaçı az məvacib alması və bununla bağlı alimentin əmək haqqının miqdarında, yəni 1/3 hissəsində tutulması uşaqların saxlanılması üçün ondan tutulmalı alimentin məbləğinin azaldılmasına səbəb olacağından təmin oluna bilməz. Belə ki, iddiaçının 400 manat maaş almağı iki uşaq üçün 3/1 alimentin hesablanacağı təqdirdə ümumilikdə 133,33 manat məbləğin hesablanması hazırki halda Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilən minimum uşaqlar üçün müəyyən edilmiş dolanışıq xərclərindən kəskin aşağıdır. Odur ki, məbləğinin azaldılması uşağın təminat səviyyəsinin maksimal saxlanılmasına mənfi təsir göstərəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4205/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4205/2021
07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver