Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4206/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-585/2021 saylı, 09.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh Talib oğlu arasındakı nikah pozulmuş və birgə nikahlarından doğulmuş Əli-zadə Aylin Xətai qızının saxlanılması üçün cavabdehdən hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hal-hazırda cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyində işləyir və aylıq əmək haqqı 550 manat təşkil edir. Belə olduğu təqdirdə iddiaçıya ödənilən aylıq aliment məbləği 137 manat təşkil edir və həmin aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. İddiaçı bir ana olaraq uşağın xərclərinin tam qarşılanmasını təmin etmək imkanına malik deyildir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Buna görə də “alimentin sabit pul məbləğində tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan 21.01.2017-ci il təvəllüdlü Əli-zadə Aylin Xətai qızının saxlanması üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin aylıq qazancının 1/4 hissəsi şəklində deyil, hər ay 175 manat sabit pul məbləğində Cavabdeh Talib oğlundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 01.05.2019-cu il tarixdə verilmiş AZ-İV № 228744 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Əli-zadə Aylin Xətai qızı 21 yanvar 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-585/2021 saylı, 09.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 28 iyun 2019-cu il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1690 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 21.01.2017-ci il təvəllüdlü Əli-zadə Aylin Xətai qızının anası İddiaçı yanında qalması, Cavabdeh 25.08.2020-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 21.01.2017-ci il təvəllüdlü Əli-zadə Aylin Xətai qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin tutularaq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin hal-hazırda aldığı əmək haqqının ¼ hissəsi uşağın təlabatının ödənilməsinə kifayət etmir. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanılması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə aliment 2 formada tutula bilər: 1) qazancın (gəlirin) müəyyən hissəsi kimi; 2) sabit pul məbləğində. Bundan əvvəlki qətnamə ilə qət edilmişdir ki, aliment qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulsun. Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunub ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. O cümlədən, Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Göründüyü kimi, bu maddələr alimentin miqdarını dəyişmək səlahiyyəti verir. Həmin maddələrin tələbi baxımından alimentin tutulması formasının da dəyişdirilməsi mümkündür, çünki formanın dəyişdirilməsi nəticə etibarilə miqdarın dəyişməsinə səbəb olur. Alimentin tutulması formasının dəyişdirilməsi (qazancın müəyyən hissəsi əvəzinə sabit pul məbləğində tutulması) Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Həmin maddədən görünür ki, bu əsasların sırasına “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması” da aiddir. Alimentin qazancın müəyyən hissəsi kimi tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, cavabdehin hazırda rəsmi iş yeri yoxdur. Odur ki, alimentin tutulma forması dəyişdirilməli, aliment sabit pul məbləği kimi tutulmalıdır. Məhkəmə iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, sabit pul məbləğində tutulan alimentin miqdarının hər ay uşaq üçün 175 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 24 may 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Həmçinin, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-585/2021 nömrəli iş üzrə qəbul etdiyi 09.02.2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin tutulma forması dəyişdirilməli, Cavabdeh 24.05.2021-ci il tarixdən başlayaraq, 21.01.2017-ci il təvəllüdlü Əli-zadə Aylin Xətai qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-585/2021 nömrəli iş üzrə qəbul etdiyi 09.02.2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin tutulma forması dəyişdirilsin. Cavabdeh 24.05.2021-ci il tarixdən başlayaraq, 21.01.2017-ci il təvəllüdlü Əli-zadə Aylin Xətai qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4206/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4206/2021
23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver