Məhkəmə qərarları › İş №2(006)-4236/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4236/2021

24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4236/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Kərimov İddiaçı iştirakı ilə, İddiaçı Kərimov İddiaçı Cavabdeh Sələtdin qızına qarşı «alimentin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərimov İddiaçı Cavabdeh Sələtdin qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(006)-5345/2015 saylı qətnaməsi ilə iddiaçıdan 28 iyul 2013-cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlunun saxlanması üçün müəyyən edilmiş hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin azaldılaraq 28 iyul 2013-cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh Sələtdin qızına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Kərimov İddiaçı Cavabdeh Sələtdin qızı ilə 12 noyabr 2013-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 28 iyul 2013cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlu anadan olmuşdur. Bakı şəhər, Nəsimi rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(006)-5345/2015 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, birgə nikahdan anadan olmuş uşağın anasının yanında saxlanması və 28 iyul 2013-cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz.) manat sabit pul məbləğində alimentin Kərimov İddiaçı tutulması qət edilmişdir. İddiaçı 4 nömrəli şəhər poliklinikasında “Xora” xəstəliyi, onikibarmaq bağırsaq xorası, qanaxma ilə post hemorragik anemiya, orta ağır forma diaqnozu ilə qeydiyyatdadır. Bunu 06.01.2021 -ci il tarixli arayış təsdiq edir. Həmin arayışa görə iddiaçının ağır fiziki iş görməyi qadağan edilmişdir. Hal-hazırda işləmir, digər bir yerdən qazancı yoxdur. Məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Alimentin əvvəlki məbləğdə saxlanması iddiaçının maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. Cavabdeh Sələtdin qızı məhkəməyə etiraz göndərərək iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Kərimov İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Sələtdin qızı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(006)- 5345/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin olunmuş, Cavabdeh Sələtdin qızı ilə Kərimov İddiaçı arasında 12 noyabr 2013-cü il tarixdə bağlanmış və həmin tarixdə Sumqayıt «Asan Xidmət» X1 tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1027 nömrə ilə qeydə alınmış nikah pozulması, 28 iyul 2013-cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlunun anası Cavabdeh Sələtdin qızının yanında qalması, cavabdeh Kərimov İddiaçı 2015-ci ilin dekabr ayından başlayaraq, 28 iyul 2013cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh Sələtdin qızına ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 50-ci və 53-cü məhəllə üzrə 1 saylı məhəllə komitəsi tərəfindən 04.05.2021-ci il, 62 №-li və 60 №-li arayışlardan görünür ki, Kərimov İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş, 22.01.2021-ci il tarixli, 38 nömrəli arayışdan görünür ki, Cavabdeh Sələtdin qızı ünvan 3 ünvanında qeydiyyatdadır. 24.05.2021-ci il tarixli, 31869 nömrəli əbzdən görünür ki, Kərimov İddiaçı 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Kərimov İddiaçı ilə Cavabdeh Sələtdin qızı birgə nikahda olmuşlar və onların birgə nikahdan bir uşağı – 28 iyul 2013-cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlu vardır. Uşaq hazırda Cavabdeh Sələtdin qızının himayəsindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Kərimov İddiaçı Kərimov Əli İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat alimentin tutularaq Cavabdeh Sələtdin qızına ödənilməsi qət edilmişdir.Hazırda iddiaçı xəstə olduğunu, heç bir yerdə işləmədiyini əsas gətirərək ödənilməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 200 manat alimentin 100 manata qədər azaldılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda sadalanan normaların tələblərinə əsasən qanunvericilik alimentin müəyyən olunmuş miqdarını dəyişmək üçün konkret hallar müəyyən etmişdir. Bu hallara, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması və ya tərəflərin diqqətəlayiq başqa maraqları aiddir. İş materiallarında olan məhkəmə aktından görünür ki, məhkəmə tərəfindən iddiaçıdan aliment tutularkən onun işsiz olması, qazanc və gəlirləri barədə heç bir məlumat olmaması faktı nəzərə alınmış və bu səbəbdən aliment sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən iddiaçı Kərimov İddiaçı nikah pozulduqdan və aliment tutulmasından sonra ailə və ya maddi vəziyyətində hərhansı bir dəyişikliyin olması və ya diqqətəlayiq başqa bir hallar məyyən edilməmişdir. Bundan başqa məhkəmə iddiaçı tərəfin xəstəliyi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, iddiaçı dövlət tibb müəssisələrində pulsuz tibbi xidmətdən yararlana bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Kərimov İddiaçı Cavabdeh Sələtdin qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kərimov İddiaçı Cavabdeh Sələtdin qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar