Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4239/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyana görə 13 000 (on üç min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs İddiaçı elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında tanışı X2 20 manat pul verib satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd bükümdə ümumi çəkisi 6,999 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında saxlanılmış və ünvan 1 yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkiliş əsasında keçirilən axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ayrı-ayrı çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, ümumi çəkisi 6,999 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə baxışı nəticəsində İddiaçı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs İddiaçı özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, dəniz məhsulları satır və X7 adlı şəxsə sonuncunun uşağı xəstə olduğu üçün ucuz qiymətə “krevetka” adlı dəniz məhsulunu satmışdır. X7 həmin məhsula görə İddiaçı 20 manat borclu qalmışdır. Onların hər ikisi “Birinci Qarabağ müharibəsi”nin iştirakçısı olmaqla bir-birilərini tanıyır, aralarında dostluq münasibətləri olmuş və onlar eyni küçədə yerləşən evlərdə yaşayırlar. İbtidai istintaq zamanı verdiyi ifadələrdə narkotik vasitəni X2 almasını bildirsə də, həmin deyilənlər həqiqəti əks etdirmir. Belə ki, polis şöbəsində olan zaman İddiaçı X3 döyüldüyünü görmüş, onun da üzərinə külli miqdarda narkotik vasitə qoyulacağı və beləliklə, ağır maddələrlə ittiham olunacağı deyildiyinə görə qorxmuş və orada qeyd olunan ifadələri verməyə məcbur edilmişdir. İlk dəfə X7, sonra İddiaçı polis əməkdaşları tərəfindən saxlanılmışlar. İddiaçı X5 borclu qaldığı pulun qaytarılması üçün zəng vurduqda sonuncu “krevetka”nın pulunu vermək üçün onların blokunun qarşısına gəlməyi demişdir. Lakin İddiaçı telefon ilə onunla danışan şəxsin X7 olmadığını sonradan başa düşmüşdür. Polis əməkdaşları İddiaçı xx.xx.2022-ci il tarixdə, saat təxminən 01:30-02:00 radələrində saxlamış, lakin həmin vaxtı onun üzərində narkotik vasitə olmamışdır. X3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin bir qismi ayrılaraq onun üzərinə qoyulmuş və sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs qismində dindirilmiş İddiaçı öz ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edib, narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. 06 may 2022-ci il tarixdə yenidən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmək qərarına gəlmiş və həmin gün saat 23 radələrində X7 ilə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında görüşmüş, orada Natiq Quliyevə 20 manat pul verərək şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana satmasını istədikdə sonuncu ona həmin məbləğə 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı verərək oradan çıxıb getmişdir. İddiaçı narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, münasib yer taparaq istifadə edər. xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında olarkən mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək İddiaçı Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etdikdə sonuncu da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə qeyd edilən ünvana getmişdir. Xətai RPİ-nin 34-cü PŞ-də İddiaçı narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə baxış keçiriləcəyi bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmaqla şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə aparılan video çəkiliş üzrə üzərinə baxış keçirilərkən İddiaçı üzərində qanunsuz əşya və ya maddə olduqda könüllü şəkildə təqdim etməsi bildirilmişdir. O da gizlətməyin heç bir əhəmiyyətinin olmadığını başa düşüb əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən saxladığı 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükülülərin içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşduqda İddiaçı həmin maddəni şəxsi istifadəsi üçün bir gün öncə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında tanışı X2 20 manata aldığını bildirmiş, sonra onun üzərinə baxış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar edilməmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılaraq İddiaçı və digər şəxslərin iştirakı ilə həmin narkotik maddələr zərfə qoyularaq möhürlənmiş və imzalarla protokolun doğruluğu təsdiq edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçıla Birinci Qarabağ müharibəsindən tanışdırlar və hər ikisi müharibə veteranıdır. O qeyd edir ki, 06 may 2022-ci il tarixdə əvvəlcə onu tutmuşlar və tutulduqdan sonra mobil telefonunu onun əlindən almışlar. Polis əməkdaşları onun mobil telefonundan istifadə edərək İddiaçı onun evinin qarşısına çağırmış və onu orada tutub bölməyə gətirmişlər. İlqara və ona qarşı təzyiqlər olmuşdur. Daha sonra bildirir ki, onun məhkəmədə olan işi ilə əlaqədar olaraq şahid qismində dindirilmiş polis əməkdaşları ifadə zamanı yanlışlıqlara yol vermişlər. Belə ki, onlar məhkəmə iclası zamanı ifadələrində bildirmişlər ki, birinci İddiaçı tutmuşlar, əslində isə birinci onun özü tutulmuşdur. Həmçinin, məhkəmə iclası zamanı anket məlumatları alınmış və orada göstərilmişdir ki, o, polis bölməsində olan zaman onun mobil telefonundan İddiaçı zəng getmişdir. Onun İlqara borcu olduğu üçün sonuncu onun ünvanına gəlmişdir. Belə ki, İlqar dəniz məhsulları satdığı və onun uşağı xəstə olduğu üçün o İlqardan ucuz qiymətə “krevetka” alır. Həmin “krevetka”ya görə onun İlqara 20 manat borcu qalmışdır. Daha sonra o ifadəsində bildirmişdir ki, İlqarın heç bir günahı yoxdur. Aldığı narkotik vasitəni heç kəsə satmamış və ya pay verməmişdir. Şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da ünvan 6da ailəsi ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir, o, narkotik vasitəni tanımadığı şəxslərdən alır. Narkotik vasitələri qəbul etməyə başlayanda “İnstagram” sosisl şəbəkəsində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Buna görə də o, narkotik vasitə lazım olan zaman “Whatsapp” proqramı ilə onun verdiyi mobil nömrə ilə əlaqə saxlayıb ondan narkotik vasitə istəmişdir. Bundan sonra həmin şəxsin ona dediyi bank hesabına pul göndərdikdən sonra narkotik vasitələri qoyduğu yerdən götürürdü. Mahiyyəti üzrə bildirir ki, 06 may 2022-ci il tarixdə o, yenidən narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Buna görə də narkotik vasitəni əldə etdiyi iranlı ilə əlaqə saxlayıb ondan narkotik vasitə olan qurudulmuş mariaxuana satmasını xahiş etmiş və həmin şəxsin ona vermiş olduğu bank hesabına “Milliön” ödəmə aparatı vasitəsilə 30 manat pul göndərmişdir. Sonra həmin şəxs ona Bakı şəhəri Xətai rayonu ərazisində kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş mariaxuananın qoyulduğu yeri bildirmiş və o, həmin yerə gedərək 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə və 04 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı götürmüşdür. O, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirirdi. İddiaçı onun dostudur. İlqar da onun kimi narkotik vasitə aludəçisi olmaqla həmin vasitələrdən istifadə edir. 06 may 2022-ci il tarixdə təxminən saat 23 rarələrində İlqar əlaqə saxladıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısına gələrək onunla görüşmüş və orada 05 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı İlqara 20 manata satmışdır. 07 may 2022-ci il tarixdə saat 04 rarələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etdikdə o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə qeyd edilən ünvana getmişdir. Xətai RPİ-nin 34-cü PŞ-də narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmaqla şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə aparılan video çəkiliş üzrə üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunsuz əşya və ya maddə olduqda könüllü şəkildə təqdim etməsi bildirilmişdir. O da gizlətməyin heç bir əhəmiyyətinin olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən saxladığı 04 ədəd kibrit qutusunu çıxarıb masanın üstünə qoyaraq həmin qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşduqda o, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 30 manata əldə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun iştirakı ilə həmin maddələr zərfə qoyularaq möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-13/2023 nömrəli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilmişdir. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-965/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-13/2023 nömrəli hökmü təqsirləndirilən şəxs İddiaçı, ona qarşı irəli sürülmüş ittihamın əsassızlığına dəlalət edən halları əks etdirir və bununla da İddiaçı, ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu göstərir. Bundan başqa qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(011)-13/2023 nömrəli hökmünün əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs X7 Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞnin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:12 radələrində ünvan 8 ünvanının qarşısında şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə aparılmasına baxmayaraq, şübhəli şəxsin tutulması barədə protokolda onun heç bir əsası olmadan xx.xx.2022-ci il tarixdə saat 04:40 radələrində tutulması göstərilmiş və üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinə saat 05:50-də, yəni şübhəli şəxsin tutulmasından 7 saatdan artıq müddət keçdikdən sonra başlanmışdır. Belə ki, ittiham tərəfinin mövqeyinə görə X7 təqsirləndirilən şəxs İddiaçı məlumatı əsasında tutulmuşdur. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-13/2023 nömrəli hökmü ilə X3 tutulması və barəsində şəxsi axtarış və götürmə kimi prosessual hərəkətlərinin keçirilməsi vaxtlarının həqiqətə uyğun olmaması, qeyd edilmiş vaxtlardan daha əvvəlki dövrə təsadüf etməsi göstərilmişdir. İttiham tərəfinin X3 X2 daha əvvəl tutulması barədə mövqeyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, N.Quliyevin tutulması və barəsində şəxsi axtarış keçirilməsinin müvafiq protokollarda göstərilən müddətlərdə deyil, daha əvvəlki dövrə təsadüf etməsi məhkəmə tərəfindən təsdiq edildiyindən və qeyd edilmiş iki şəxsin tutulması hərəkətlər ardıcılığı baxımından biri digəri ilə əlaqəli olduğundan, İddiaçı tutulması və barəsində şəxsi axtarış keçirilməsinin vaxtlarını əks etdirən müvafiq protokollar həqiqəti əks etdirmirlər. Buna görə də həmin protokollar və onların əsasında əldə edilmiş sübutlar mötəbər sübut sayıla bilməz və sübutedici qüvvəyə malik deyil. xx.xx.2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səhvi nəticəsində İddiaçı barəsində qanunsuz olaraq 1 il 3 ay 3 gün “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İddiaçı 1 il 3 ay 3 gün müddət ərzində ailəsinin və cəmiyyət qarşısında mənəvi məhrumiyyətlərə, əzablara düçar olmuş, sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-16/2023 nömrəli hökmü ilə İddiaçı barəsində bəraətverici əsaslarla hökm çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm qüvvəsində saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə verilmiş kassasiya protesti təmin edilməmişdir. İddiaçı fərdi ticarət fəaliyyəti ilə məşğuldur və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə olduğu müddət ərzində o, qazanc əldə bilməmiş və maddi ziyan da çəkmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi, hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi müəyyən olunmamış, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Qanunda fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, işgüzar nüfuzuna xələl gətirməkdir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konktet hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Qanuna uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut göstərməmişdir. Məhkəmə tərəfindən zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və etirazı nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
9. Bakı şəhər Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardan görünür ki, İddiaçı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-16/2023 nömrəli hökmündən görünür ki, İddiaçı, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1938/2023 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin İddiaçı CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair 1(011)-16/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(102)-817/2024 nömrəli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1938/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhər Xətai RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş və həmin qətimkan tədbiri ləğv edilmişdir. Sözügedən hökm yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır.
14. Barəsində qanunsuz olaraq qətimkan tədbiri tətbiq edildiyinə görə hazırda iddiaçı ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 13.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini; cavabdeh isə özünü əsl cavabdeh hesab etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə qeyd edir ki, göründüyü kimi, İddiaçı barəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 1 il 3 ay 3 gün müddətində qanunsuz başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tətbiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
16. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
17. İddia tələbinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq qətimkan tədbirinin tətbiq edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin 13.000 manat məbləğində qiymətləndirilməsi mümkün deyil. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsinin məqsədinin şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq olmasını vurğulayaraq və iş üzrə bütün digər diqqətəlayiq halları (tətbiq edilmiş qətimkan tədbirinin xarakterini və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 3.800 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 3.800 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.
18. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
19. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.
21. Bundan başqa, cavabdehin “iddiaçının mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, cinayət təqibinə qanunsuz olaraq məruz qalması nəticəsində iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmuş, onun bir sıra hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə onu da qeyd edir ki, keçən bu proseslər nəticəsində sonda hüquqi mübarizə əsasında bəraət almış iddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri heç bir məntiqə sığmır və öz təqsirsizliyini sübuta yetirənə kimi onun inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarındandır.
22. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
24. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.
25. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0.2-56.0.3. Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
26. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
28. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
29. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
30. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
31. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
32. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
34. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə:
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova