Məhkəmə qərarları › İş №2(006)-4243/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4243/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4243/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsinin dayandırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsinin dayandırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2018-ci il təvəllüdlü övladları X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1075/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 manat alimenti ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girməklə evlənmişlər. Nikahları 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 715 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından iki övladları - xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşlar. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1075/2020 saylı qətnaməsi ilə 2016-cı il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 715 saylı akt qeydi ilə bağlanmış nikahlarının pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X3 atasının yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X2 anasının yanında qalmasının müəyyən edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq (Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1075/2020 saylı qərardadı nəzərə alınmaqla) ondan Cavabdeh xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Onlar cavabdehlə faktiki ayrılarkən övladları xx.xx.2017-ci il təvəllüdlü X5 onun yanında, xx.xx.2018-ci il təvəllüdlü X6 isə Cavabdeh yanında qalmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1075/2020 saylı qətnaməsinə uyğun o, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay cavabdehə 170 manat məbləğində aliment ödəmişdir. Məhkəmə cavabdehin yanında qalan övladının saxlanması üçün aliment kəsərkən o, qanunları bilmədiyinə görə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Halbuki, uşaqlardan biri, yəni xx.xx.2017-ci il təvəllüdlü X5 onun yanında qalmışdır və onun bütün tələbatlarını özü qarşılayır. Cavabdeh özü işləyir və rəsmi qaydada əmək haqqı alır. Cavabdehin yanında qalan övladları X1 üçün maddi imkanı vardır. Lakin indi iki uşağın yükü də onun üzərində qalmışdır. Onun aldığı məvacib isə iki uşağın saxlanmasına yetmir. Onun himayəsində qalan böyük övladları xx.xx.2017-ci il təvəllüdlü X3 tələbatları isə daha çoxdur. Belə ki, N.Abdullayeva bu il məktəbə gedəcək və uşağın təhsil xərclərini ödəmək yükü onun üzərindədir. Cavabdeh maddi gəliri olmasına baxmayaraq yanında qalan övladlarını saxlamaq vəzifəsindən azad edilmişdir. Cavabdeh hal-hazırda Səhiyyə Nazirliyinin Xüsusi X4 Mərkəzi Publik hüquqi şəxsində arxiv işçisi vəzifəsində çalışır və 500 manata yaxın əmək haqqı alır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uşağın anada qalmasının səbəbi 170 manat alimentdir. O, uşağın anada qalmasından çox narahatdır. Belə ki, uşaq anasının yanında yaxşı qidalanmır. Uşaq iki ay onun yanında qalmış və normal formaya düşmüşdür. Uşaq anasının yanında qalanda həddindən artıq çox kökəlir. Uşaq özü də bildirir ki, anası ilə qalanda anası ona sosiska, kolbasa yedizdirir və onu daim McDonaldsa və Şaurmaya aparır və uşaq düzgün qidalanmır. O, cavabdehə qarşı övladının ondan alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddiası təmin edilməmişdir. Bu iddianı qaldırmaqda məqsədi uşağı əldə etməkdir. Bilir ki, açar alimentdir və ona görə də bu iddianı qaldırmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddianı əsassız hesab edir. Belə ki, hər bir uşaq ildə, ayda bir dəfə McDonaldsa getmək istəyir və o da, övladını həmin yerə aparır. İddiaçının qeyd etdiyi kimi o, övladını hər gün McDonaldsa apara bilməz, çünki hər kəs bilir ki, orada qiymətlər çox yüksəkdir və o, bunu qarşılıya bilməz. Onun əmək haqqısı buna kifayət etməz. Əlavə olaraq qeyd edir ki, iddiaçının bacısı öz uşaqlarını McDonaldsa aparır və onlar sonuncularla dəfələrlə orada qarşılaşmışlar. Uşaq çox yemək yeyən uşaqdı, evdə olanda da çox yeyir. Evdə yemek yeyərkən çox çörək yemək istəyir, o da, övladının əlindən çörəyi almaq istəmir. Baxça məsələsində də onu qeyd edir ki, övladı yeni baxçaya adaptasiya ola bilmir və köhnə baxçasındaki müəlliməsini istəyir. Övladının bütün təminatlarını qarşılayır, ona zəruri olan bütün xərcləri çəkir və övladının qeydinə qalır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 1075/2020 saylı qətnaməsinə əsasən İddiaçı Neymətulla oğlunun Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Neymətulla oğlu ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 715 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X5 atası - İddiaçı Neymətulla oğlunun, xx.xx.2018-ci il təvəllüdlü X6 anası - Cavabdeh yanında saxlanılmış, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı Neymətulla oğlundan Cavabdeh xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olması, birgə nikahdan 2 övladlarının olması, münasibətləri pisləşdiyindən nikalarının pozulması, uşaqlardan birinin iddiaçının yanında, digərinin cavabdehin yanında qalması, cavabdehin yanında saxlanılmış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 2 saylı Mediasiya Təşkilatının 02 sentyabr 2023-cü il tarixli MŞB-2/03294 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə saat 12:00-13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh həmin sessiyada iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1075/2020 saylı qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin dayandırılması, düzgün terminologiyadan istifadə edildikdə isə iddiaçının aliment ödəməkdən azad edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçı onun ailə və maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim etməmişdir. Əksinə, məlum olduğu kimi, ölkə üzrə yaşayış minimumunun həcmi artmış, bununla da tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X2 xərcləri daha da artmışdır. Bundan başqa, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5339/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «uşağın anadan alınıb ataya verilməsi və alimentin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Göründüyü kimi, iddiaçının məqsədi özünün də etiraf etdiyi kimi, aliment ödəməkdən azad edilməsi, maddi durumunun qeyri-qənaətbəxş olması və bu kimi hallar olmayıb, ananın yanında saxlanmış uşağın onun himayəsinə verilməsinə nail olmaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsinin dayandırılması» tələbinə dair iddiası təmin edilə bilməz. Ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsinin dayandırılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar