Məhkəmə qərarları › İş №2(006)-4254/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4254/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4254/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən Qazax hərbi prokurorluğunda müstəntiq vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı yüngül dərəcəli xəsarət almışdır. Həmin xəsarət Baş Prokurorluq tərəfindən təşkil edilmiş Komissiya tərəfindən xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan kimi qiymətləndirilmişdir. Daha sonra həmin sığorta hadisəsi üzrə sığorta ödənişinin alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Şəmkir rayon filialına müraciət etmiş və həmin Filial tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdi 5760 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı həmin ödənişin natamam olması ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən ona sığorta ödənişi edilən zaman vəzifə maaşının 10 faizi məbləğində ödəniş edilmişdir. Halbuki, qanunvericiliyə əsasən aldığı əmək haqqının 10 faizi məbləğində ödəniş edilməli idi. Eyni zamanda, həmin ödənişlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyindən dəbbə pulu da cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ödənilməmiş olan 3360 manat məbləğində sığorta ödənişinin, 5760 manat sığorta ödənişinin 56 gün gecikdirilməsi və ödənilməməsinə görə 322 manat 56 qəpik, sığorta ödənişinin qalan 3360 manat hissəsinin 55 gün gecikdirilməsi və ödənilməməsinə görə isə 184 manat 80 qəpik dəbbə pulunun, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3897,36 qəpik pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçının X4 rayon filialındakı hesabına (İBAN AZ43AİİB********************) ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirdi ki, əmək haqqı anlayışı Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Prokurorluq orqanlarının əməkdaşlarına münasibətdə isə Əmək Məcəlləsinin normaları tətbiq olunmur. Odur ki, iddiaçı tərəfindən ilk dəfə təqdim olunmuş arayış əsasında ona sığorta ödənişi düzgün şəkildə ödənilmişdir. Eyni zamanda, Şirkət tərəfindən ödənişin edilməsi zamanı hər hansı bir müddət pozuntusu olmadığından dəbbə pulunun tutulması tələbi də əsassızdır. Qeyd olunanlara əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-10/8 №-li Arayışından görünür ki, İddiaçı 29.092014-cü il tarixdən Respublikanın prokurorluq orqanlarında, xx.xx.2016-cı il tarixdən isə Qazax hərbi prokurorluğunun müstəntiqi vəzifəsində xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli Arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli təqrirlə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət edərək xx.xx.2018-ci il tarixdə saat 21:30 radələrində xidməti vəzifələrinin icrası ilə bağlı özünə məxsus idarə etdiyi «VAZ21070» markalı avtomobillə Qazax rayonundan Şəmkir şəhərinə qayıdarkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli bədən xəsarətləri aldığını bildirmiş və aldığı xəsarətlərlə əlaqədar olaraq ona sosial sığorta müavinəti verilməsi məsələsinə baxılmasını xahiş etmiş və Komissiyanın qərarı ilə İddiaçı qeyd edilən vaxtda və şəraitdə aldığı yüngül dərəcəli bədən xəsarəti xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan kimi qiymətləndirilmişdir. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 1013 №-li Ekspert rəyindən görünür ki, iddiaçının aldığı xəsarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan zərər vurma kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-09/84 №-li Arayışından görünür ki, iddiaçıya il ərzində vəzifə pulu üzrə 835 manat, rütbə pulu üzrə 125 manat, məzuniyətə görə 1920 manat, müalicə üçün 1920, maddi yardım kimi 3 dəfə olmaqla hər biri 960 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-09/24 №-li Arayışından görünür ki, iddiaçının orta aylıq əmək haqqı 1520 manat təşkil edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 5760 manat məbləğində sığorta ödənişi xx.xx.2019-cu il tarixdə ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Sığorta Şirkətinə ərizə ilə müraciət olunaraq ona ödənilməli olan sığorta haqqı ödənişinin məbləğinin düzgün hesablanması və tam ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 08-A-743 №-li cavabdehin məktubundan görünür ki, prokurorluq orqanlarının əməkdaşlarına il ərzində verilən əlavə haqlar, birdəfəlik müavinətlər, maddi yardımlar və başqa ödənişlər əmək haqqı hesab edilmir. Beləliklə də, əlavə haqlar, maddi yardımlar, kompensasiyalar, birdəfəlik müavinətlər, mükafatlar və başqa digər ödənişlər əmək haqqı hesab edilmədiyindən həmin məbləğlər sığorta məbləğinə aid edilmir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında " Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Həmin Qanunun 5-ci maddəsinə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığorta olunana əlillik təyin olunduqda; İ qrup - 80 faiz; İİ qrup - 60 faiz; İİİ qrup - 40 faiz ç) sığorta olunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun: 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, qanunvericilikdə sığorta hadisəsi zamanı sığorta ödənişinin əmək haqqının müvafiq faizi nisbətində ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının isə əmək haqqısı ona ödənilmiş aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət olmuşdur. Cavabdehin prokurorluq orqanlarının əməkdaşlarına Əmək Məcəlləsinin müddəalarının şamil edilməməsi arqumentinə gəldikdə isə, həmin hal hazırki mübahisə üzrə tətbiq edilə bilməz. Belə ki, hazırki mübahisənin əsası əmək haqqının anlayışı barədədir və bu anlayış da qanunvericilik norması Əmək Məcəlləsində öz təsbitini tapmışdır. Bu əsasdan məhkəmə hesab edir ki, iddia ödənilməmiş sığorta məbləğinin ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddianın «dəbbə pulunun tutulması» hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında " Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinə əsasən sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Həmin Qanunun 6-cı maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu maddənin 5-ci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faiz həcmində dəbbə pulu ödəyir. İddiaçının sığorta ödənişi barədə ərizəsi xx.xx.2019-cu il tarixdə olsa da, ödəniş xx.xx.2019-cu il tarixdə 5760 manat olmuşdur. Bu zaman dəbbə pulu aşağıdakı qaydada hesablanmalıdır: 5760x0,1 % = 5,76 manat (bir günün dəbbə pulu)x 56 gün = 322,56 manat. Ödənilmməmiş sığorta məbləğinə münasibətdə dəbbə pulunun hesablanması ilə aşağıdakı qaydada həyata keçirilməlidir. 3360 x 0,1 faiz x 55 gün = 184,80 manat. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi müəyyən edilmiş müddətdə ödənilmədiyindən həmin dəbbə pulları da ondan tutulmalıdır. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddia ərizəsi təmin edilməklə, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ödənilməmiş olan 3360 manat məbləğində sığorta ödənişinin, 5760 manat sığorta ödənişinin 56 gün gecikdirilməsi və ödənilməməsinə görə 322 manat 56 qəpik, sığorta ödənişinin qalan 3360 manat hissəsinin 55 gün gecikdirilməsi və ödənilməməsinə görə isə 184 manat 80 qəpik dəbbə pulunun, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3897,36 qəpik pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçının X4 rayon filialındakı hesabına (İBAN AZ43AİİB********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ödənilməmiş olan 3360 manat məbləğində sığorta ödənişinin, 5760 manat sığorta ödənişinin 56 gün gecikdirilməsi və ödənilməməsinə görə 322 manat 56 qəpik, sığorta ödənişinin qalan 3360 manat hissəsinin 55 gün gecikdirilməsi və ödənilməməsinə görə isə 184 manat 80 qəpik dəbbə pulunun, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3897,36 ( üç min səkkiz yüz doxsan yeddi manat, otuz altı qəpik) qəpik pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçının X4 rayon filialındakı hesabına (İBAN AZ43AİİB********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar