Məhkəmə qərarları › İş №2(006)-4267/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4267/2025

19.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4267/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən, Cavabdeh İddiaçı xeyrinə övladları xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh ilə AR Yardımlı RİH Başçısının Şəfəqli İƏD üzrə nümayəndəliyində 21 dekabr 2016-cı il tarixində 14 sayla qeydə alınmış nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahdan 2 (iki) övladı - xx.xx.2020-ci il təvəllüdlü Nəzərli Ümid və xx.xx.2017-ci il təvəllüdlü Nəzərli Sevgi dünyaya gəlmişdir. İddiaçı cavabdeh ilə uzun müddətdir ki, ayrı yaşayır. Cavabdeh İddiaçı uşaqlarının saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı və azyaşlı övladları hal-hazırda maddi cəhətdən çətinlik çəkirlər. Hal-hazırda azyaşlı uşaqların tələbatının tək iddiaçı tərəfindən qarşılanması mümkün deyil. Ona görə də, İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etmək zəruridir ki, Cavabdeh qeyri-rəsmi işləyərək yüksək gəlir əldə edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, əlilliyə görə 347 manat pensiya alır, özünün dolanışıq xərclərini çıxmaq şərtilə qalan pulun uşaqlarına verilməsinə razıdır. Ümumilikdə iki uşağa görə 200 manat aliment vermək iqtidarındadır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Yardımlı RİH Başçısının Şəfəqli İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 170336 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Yardımlı RİH Başçısının Şəfəqli İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 998951 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Yardımlı RİH Başçısının Şəfəqli İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 455718 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X7 doğulmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Nəsimi RİH 51 saylı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2025-ci il tarixli 138 nömrəli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. ünvan 2025-00894 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 10:20-də keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024cü il tarixli Qərarı: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, ailələri faktiki olaraq dağılmışdır. Uşaqlar isə faktiki olaraq analarının yanındadırlar. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında cavabdehin işləməsi, mülkiyyətində hər hansı əmlakının olması, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirməklə gəlir əldə etməsi müəyyən edilmir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, yuxarıda qeyd edilən Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləğində təyin edilməli və hər uşağa görə 2025-ci il üzrə minimum əmək haqqının 0.615 misli həddində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, uşaqların iddiaçının himayəsində qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,615 misli həddində (400 x 0,615 = 246 manat) sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş ödənilmiş dövlət rüsumu, tələb edilmədiyindən, iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli, ümumilikdə 1.23 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar