Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-427/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və onun gecikdirilməsinə görə ödəncin tutulması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sığorta Kommersiya Şirkətinin Samux rayon Agentliyində işlədiyi dövr ərzində ona istifadə etmədiyi 6 məzuniyyət ayı günlərinə görə 1225.77*6=7354.62 manat (yeddi min üç yüz əlli dörd) manat və həmin pu ödənilmədiyi hər gün üçün 1 faiz yəni 12.25(on iki manar iyirmi beş qəpik) olmaqla 12.25*180=2205 (iki min iki yüz beş) ümumilikdə 9553.62 (doqquz min beş yüz üç) manat cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prossesində olan) istifadə etmədiyi 6 illik məzuniyyət ayı günlərinə görə 1225*77.6=7354.62 manat (yeddi min üç yüz əlli dörd manat altmış iki qəpik) və həmin pulun ödəmədiyi hər gün üçün 1 faiz (595*73.54=43759,98) olmaqla 43.759,98 manat, ümümilikdə cəmi: - 51.114,60 manat (əlli bir min yüz on dörd manat altmış qəpik) pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 1998-ci ildən Dövlət Sığorta Kommersiya Şirkətinin Samux rayon Agentliyində fasiləsiz olaraq direktor vəzifəsində çalışmış işə qəbul olunduğu tarixdən 2004-cü ilədək heç bir əmək məzunuyyətindən istifadə etməmişdir. İstifadə etmədiyi illərin əmək məzuniyyətləri əmrləşdirilərək növbəti illərə keçirilmişdir. 2024-cü il 15 fevral tarixində X4 Şirkəti əmək müqaviləsinə 1-ci dəfə xitam verərkən istifadə etmədiyi məzuniyyət illərinin kompensasiyasını ödənilməsi üçün insan resursları üzrə departament direktoru Nüşabə Gözələvoya bildirmişdir. Nüşabə Gözəlova isə başqa iş yoldaşlarından ona məlumat göndərdi ki, o illərin məzuniyyət pulundan yazılı şəkildə imtina edilsin. Belə olduğu halda o, Şirkətin hüquqşünası olan Fərid müəllimə e-poçt vasitəsilə müraciət edib şəxsən bu məsələ ilə əlaqədar onun yanında olmuşdur. 15 fevral tarixindən Şirkətdə struktur dəyişkliyi ilə əlaqədar həmin tarixdən Dövlət Sığorta Şirkətinin Gəncə zonası üzrə direktor müavini təyin edilmişdir. Müqaviləyə xitam verilən vaxtan 11 ay ərzində Sədr və digər məsul şəxslərə email və ərzələrlə 21 dəfə müraciət etmiş, nəhayət 31 yanvar 2024-cü il tarixdə 12 ay keçdikdən sonra imtina cavabı göndərilib. Eyni zamanda Əmək müfəttişliyinə 2 dəfə ərizə yazmışdır. Əmək müfəttlişliyi araşdırma apararkən məlum oldu ki, Nüşabə xanım Sosial Müdafiə Nazirliyinin portalına xitam əmrini işləyərkən saxtakarlıq edərək istifadə olunmamış əmək məzuniyyət günlərinin sayını 0 gün göstərib. Təkrar bağlanılan əmək müqaviləsini isə bilərəkdən məqsədli şəkildə müddətli bağlayaraq (baxmayaraq ki, 25 ildən cox müddətdir ki eyni təşkilatda işləmişdir) xitam verən vaxtı isə onu bir illik işci olaraq ötən illərdən qalmış istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyasını ödəməməsi məqsədi daşımışdır. Dövlət Sığorta Şirkəti ləğv olunduqdan sonra ərizə ilə 23 fevral 2024-cü il tarixdə 2 dəfə Ləğvetmə komisiyyasına müraciət etmiş, ləğvetmə komisiyyasının cavabı 18 aprel 2024-cü il tarixdə yazılmışdır. Hər iki cavab eynidir və cavabları hal-hazırda ləğvetmə komisiyyasının üzvü və ya Sədri Maliyyə Nazirliyinin əməkdaşı olan Gündüz müəllim tərəfindən yazdırılıb. Əmək müfəttişliyinə isə ləğvetmə komissiyası tərəfindən 4 aydan sonra təqdim olunan sənədlər tələb olunan sənədlər deyil, əlavə sənədlərdir. Çünki əsas sənədləri bilərəkdən təqdim etməmişlər ki, müfəttişlik cavablandıra bilməsin. Hal-hazırda Əmək Müfəttişliyi 11 iyun 2024-cü il tarixədək cavab məktubu göndəriləcəyi haqda ona şifahi məlumat vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmişdir. Şirkətin ləğvi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 fevral tarixli Sərəncamının icrası olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının idarə Heyətinin 14 fevral tarixli Qərarı ilə şirkətin sığorta fəaliyyətinə verilmiş lisenziyası ləğv edilmiş və ləğvetmə komissiyası öz fəaliyyətinə başlamışdır. Dövlət Sığorta Kommersiya Şirkətinin Samux rayon Agentliyində işlədiyi dövr ərzində ona istifadə etmədiyi 6 məzuniyyət ayı günlərinə görə 1225.77*6=7354.62 manat (yeddi min üç yüz əlli dörd) manat və həmin pulun ödənilmədiyi hər gün üçün 1 faiz yəni 12.25 (on iki manar iyirmi beş qəpik) olmaqla 2205 (iki min iki yüz beş) ümumilikdə 9553.62 (doqquz min beş yüz əlli üç) manat təşkil edir. Belə ki, işə götürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir, qeyd olunan fakt əmək haqqı hesabı üzrə bank çıxarışı ilə təsdiq olunur. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktub bugünki günə qədər cavabsız qalmışdır. Cavabdehin etirazı: Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə etirazla məhkəməyə mürciət edərək bildirmişdir ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Daha sonra mübahisənin mediasiya vasitəsi ilə həll olunmasına dair xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif olmasına baxmayaraq, həmin təklif şirkətə çatdırılmamış, bu barədə xx.xx.2024-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qeyd edilmişdir. İddiaçı mediasiya prosesindən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq işçi hüquqlarının pozulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən yuxarıda qeyd olunan tarixə kimi iddia müddəti 1 il 5 ay 22 gün keçmişdir. Odur ki, məhkəmədən iş üzrə İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etiraza uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdilər. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 106 saylı xx.xx.1998-ci il tarixli əmrinin surətinə əsasən İddiaçı xx.xx.1998-ci il tarixdən Samux Rayon Dövlət Sığorta Agentliyində direktor vəzifəsinə təyin edilmişdir. Agentliyin Aqrar sənaye bankının Samux rayon şöbəsinə təqdim olunan plu sənədləri də ona birinci imza hüququ verlməsi əmr edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 125 saylı xx.xx.2008-ci il tarixli əmrindən çıxarışa əsasən İddiaçı Samux Rayonu üzrə filialın direktor vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən onu işdən azad olunması xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 013 K saylı əmrinə əsasən Samux filialının direktoru İddiaçı xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, istifadə edilməmiş 20 məzuniyyət gününün və son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə Menecmenti Departamentinə həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli 182 K saylı əmrindən çıxarışa əsasən Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə regional mərkəzin Gəncə yerləşmə nöqtəsinin direktor müavini İddiaçı 15 noyabr 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə artıq istifadə etdiyi 14 (on dörd) məzuniyyət gününün pulu son haqq-hesabdan tutulmaqla xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq”altsisteminə baxış zamanı "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” ilə xx.xx.2008-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 bəndinə əsasən ("İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.), xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə isə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə (Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsi) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda ərizədə təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa baxış zamanı iddiaçıya xx.xx.2023-cü il tarixində 526.94 manat, xx.xx.2023-cü il tarixində isə 306.25 manat əmək haqqı ödənişi olunduğu müəyyən edilmişdir. Həmçinin tərəflərindən “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı xitam bildirişində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək istifadə edilməmiş 0 (sıfır) məzuniyyət gününün qeyd olunduğu müəyyən edilmişdir. Bildirilir ki, “Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti" tərəfindən sənədlər Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunacağı təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 99-08/01-007/2024 saylı məktubuna əsasən "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikiik edilməsi barədə" - Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 29 mart 2006-cı il tarixli 1388 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müvafiq iş ilində (iş illərində) əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etməyən işçilərə həmin iş il iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müvafiq kompensasiyanın ödənilməsi təmin edilmişdir. Lakin həmin Sərəncamın 2-ci bəndində qeyd olunur ki, müvafiq kompensasiyanın ödənilməsinin təmin edilməsi Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları və digər büdcə təşkilatlarına həvalə edilmişdir. Yuxarıda göstərilənləri və Şirkətin büdcə təşkilatı olmadığını nəzərə alaraq bildirilir ki, müvafiq kompensasiyanın şirkət tərəfindən ona ödəniiməsi mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 1999-2004-cü illərdə istifadə edilməmiş məzuniyyətlər üzrə kompensasiyanın ödənilməsi tələbiniz əsassızdır, belə ki, nə həmin dövrdə qüvvədə olan Məcəllədə, nə də ki Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Məcəllədən daha üstün hüquqi qüvvəyə malik X1 1970-ci ildə qəbul etdiyi 132 nömrəli “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyasında istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi müəyyən olunmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4147/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Eksperiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10611 saylı ekspert rəyinə əsasən Rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərildiyi kimi, iş materiallarında olan əmək haqqı cədvəlləri, əmrlər, bank hesabından çıxarış, son məzuniyyətin hesablanmasına dair məlumat vərəqəsinə (i.v - 21) və Əmək Məcəlləsinin 172.5 maddəsinə əsasən iddiaçıya ödənilməmiş 6 məzuniyyət ilinə görə ödənilməli olan kompensasiya 6.908,82 AZN və həmin məbləğin gecikdirilmiş (xx.xx.2023-cü il (yəni İddiaçı əmək müqaviləsinə xitam verilən) tarixdən xx.xx.2024cü il (qərardadın tarixinə) tarixədək) hər gün üçün hesablanmış 1% məbləği isə 41.107,50 AZN məbləğində müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan) 110-cu maddəsinin 1-ci bəndinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 135-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi,habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır. 172-ci maddəsinin 5-ci bəninə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4- cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinin Samux rayon Agentliyində direktor vəzifəsinə təyin edilmiş, Şirkətin struktur dəyişikliyi ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən 2008-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinin Samux rayonu üzrə filialının direktor vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən, xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə isə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə (Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir) əsasən xitam verilmişdir. Hazırda İddiaçı 1998-2004-cü illər üzrə məzuniyyət hüququndan istifadə etmədiyinə, həmin illərin əmək məzuniyyətlərinin növbəti illərə keçirilməsinə istinad edərək, həmin dövr üzrə ona ödənilməli məzuniyyət haqqının və onun gecikdirilməsinə görə ödəncin tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi isə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini, mübahisənin mediasiya vasitəsi ilə həll olunmasına dair xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyini, xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq işçinin hüquqlarının pozulduğunu bildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən yuxarıda qeyd olunan tarixə kimi iddia müddətini 1 il 5 ay 22 gün ötürdüyünü bildirərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasını xahiş edir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə cavabdehə təklif göndərmiş (Qanunun xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyanın tələbinə əsasən), xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 2 saylı Mediasiya təşkilatının “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilik pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həll edilməsi üçün 1 illik iddia müddəti müəyyən etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixdə, 1 illik müdət keçdikdən sonra mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edildikdən sonra o, məhkəməyə müvafiq iddia ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçı məhkəməyə gec müraciət etməsinin səbəbi kimi 10 aya yaxın müddət ərzində müvafiq kompensasiyanın alınması üçün dəfələrlə cavabdeh şirkətə, habelə X3 müraciət etməsini, həmin müraciətlərinə cavab gözlədiyini, lakin hər hansı cavabların verilmədiyini göstərmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, göstərilən hallar iddia müddətinin üzrlü səbəbdən ötürülməsi əsası kimi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və onun gecikdirilməsinə görə ödəncin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-427/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-427/2025
23.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver