Məhkəmə qərarları › İş №2(006)-4279/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4279/2025

06.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4279/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “gecikdirilmiş əmək haqqının və s. ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “gecikdirilmiş əmək haqqının və s. ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş əmək haqqının, əlavə iş saatlarına görə 2 qat əmək haqqının, əmək münasibətlərinə xitam verilərkən ödənilməli olan kompensasiyanın (əmək haqqının 1.4 misli) hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiadan imtina etdiyini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

4. Məhkəmə iddia ərizəsini, iddiadan imtina barədə ərizəni mülki işin digər materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.

Əsaslandırıcı hissə:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.1, 52.5-ci maddə. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-191.2-ci maddə. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0, 261.0.4-cü maddə. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.

6. Məhkəmə iddiaçının iddia tələbindən imtina etməsini tədqiq edərək hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanunazidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.

Nəticə:

7. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 114, 122, 191, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “gecikdirilmiş əmək haqqının və s. ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar