Məhkəmə qərarları › İş №2(006)-428/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-428/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-428/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.130 manat sığorta ödənişinin cavabdeh LPO Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində X5 məxsus yük avtomobili, onun hərəkət istiqamətinin sağ hissəsi ilə hərəkətdə olarkən həmin yük avtomobilindən dəmir hissə çıxaraq onun idarə etdiyi avtomobilin alt hissəsinə dəymiş, bundan sonra avtomobilin hərəkətini məcburən dayandırmış, bununla da onun avtomobilinin qüsur aktında göstərilən hissələrinə, həmçinin avtomobilin mühərrikinə ciddi ziyan dəymişdir. Qeyd edilənlərlə bağlı arayış təqdim olunmuşdur. Həmçinin məhkəmə iclasında hadisəni əks etdirən videogörüntü də təqdim ediləcəkdir. Cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) sığorta əvəzi olaraq ona 560 manat pul təklif etmişdir. Lakin qüsur aktından da göründüyü kimi ona dəymiş ziyan 2.130 manat təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edirlər. Belə ki, xx.xx.2024cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Nəsimi rayonu Salamadil küçəsi ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. X3 idarə etdiyi «Daf» markalı, ** LM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə X2 məxsus İddiaçı tərəfindən idarə olunan «Toyota Prius» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçının təqdim etdiyi qiymətləndirmə aktına əsasən avtomobilə dəymiş zərərin miqdarı 2.130 manat məbləğində müəyyən edilmişdir. Müstəqil ekspert "xxxx" MMC tərəfindən 02 iyul 2024-cü il tarixli 01/02-388AS saylı məktubla nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 560 manat məbləğində müəyyən edilmişdir. Hesab edirlər ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə aktı sığorta sahəsində səlahiyyətli qiymətləndirici olmadığından və həmin akt real zərəri əks etdirmədiyindən sığorta hadisəsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin qiymətləndirilməsində "xxxx" MMC-nin rəyi əsas götürülməli, 560 manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. Bu səbəbdən, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən, yəni 560 manat hissəsində təmin edilməsi, qalan hissədə isə rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçı özü də məhkəmə iclasında etiraf edərək, mühərriki qəzadan sonra işlək vəziyyətdə saxladığını bildirmişdir. Mülki Məcəllənin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Yuxarıda qeyd olunanların nəzərə alınmasını, mülki işə onun iştirakı olmadan baxılması, iddianın qismən – 560 manat hissəsində təmin edilməsi, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizələri nəzərə alaraq, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 7E-12516 reyestr saylı etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan **-HJ-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobili idarə etməyi 6 il 7 ay 25 gün müddətinə İddiaçı etibar etmişdir. xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 00:30-da idarə etdiyi «DAF FT XF 105.460 yük» markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Salamadil küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, yol nişanlarının tələblərinə riayət etməmiş və bu səbəbdən, X7 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən 50 manat inzibati cərimə edilmişdir. Nəqliyyat vasitələrinin zədələnməsi barədə və avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Nəsimi rayonu Salamadil küçəsi ərazisində X3 idarə etdiyi «Daf» markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə X2 məxsus, İddiaçı tərəfindən idarə olunan «Toyota Prius» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. «Express Servis» (X8, VÖEN **********) tərəfindən verilmiş qüsur aktında qeyd olunmuşdur ki, ** HS *** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün cəmi 2.130 manat pul vəsaiti tələb olunur. LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/02-388AS nömrəli məktubunun surətindən görünür ki, “Toyota Prius” markalı, AZ **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 560 manat məbləğində müəyyən edilmişdir. AA seriyalı 287044 saylı məcburi köçkün vəsiqəsinə əsasən iddiaçı Zəngilan rayonundan məcburi köçkün olmaqla, dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2025ci il tarixli 9/9520 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Express Servis» tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı «Toyota Prius» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.490 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 320 manat və təmir-bərpa işlərinin qiyməti 1.170 manat müəyyən edilir. Cədvəldə qiyməti qeyd olunmayan 01 ədəd ehtiyat hissəsinin adı aydın olmadığından tədqiqat aparmaq mümkün olmadı. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı «Toyota Prius» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 550 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 280 manat və təmir-bərpa işlərinin qiyməti 270 manat müəyyən edilir. Qeyd 1: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Qeyd 2: «Toyota Prius» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir. 2-ci sual üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından, ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB 18/0736 saylı qiymətləndirmə hesabatından görünür ki, **-HJ-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərər işdə olan fiziki şəxs vergi ödəyicisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən məbləğlərə uyğun deyil (1-ci sual üzrə). Fiziki şəxs vergi ödəyicisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan xərclər siyahısında göstərilən ehtiyyat hissələrinin və təmir xərclərinin dəyəri aşınma və istismar nəzərə alınmaqla (2024-cü il üçün) bazar qiymətlərinə qismən uyğundur (2-ci sual üzrə). **-HJ-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərər işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktında göstərilən məbləğlərə uyğun deyil (3-cü sual üzrə). "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktında nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan xərclər siyahısında göstərilən ehtiyat hissələrinin və təmir xərclərinin dəyəri aşınma və istismar nəzərə alınmaqla (2024-cü il üçün) bazar qiymətlərinə qismən uyğundur (4-cü sual üzrə). xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-HJ-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» minik markalı avtomobilin hansı ehtiyat hissələrinin zədələnməsi təqdim edilmiş qüsur aktına göstərilmiş ehtiyat hissələrinə istinad edilmişdir. Zədələnmiş ehtiyat hissələrinin orta bazar dəyəri 240 manat, onların təmir bərpa işləri üçün orta bazar qiyməti 1.500 manat təşkil edir (5-ci sual üzrə). 6-cı sualın cavablandırılması qiymətləndirici mütəxəssisin səlahiyyətlərinə aid deyil və sualın cavablandırlması mümkün sayılmır. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının electron daşıyıcıda təqdim etdiyi videogörüntüdə baş vermis yol nəqliyyat hadisəsi qeydə alınmışdır. Videogörüntüyə əsasən qarşıda hərəkət edən yük maşınında bir cismin qoparaq ayrıldığı və küləyin sürəti ilə arxada hərəkət edən avtomobilə toxunması istisna edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 933.3-cü maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə hazırki iddia tələbi ilə bağlı iddiaçı qismində İddiaçı iddia tələbini irəli sürmək hüququ ilə bağlı bildirir ki, müəyyən edildiyi kimi avtomobilin mülkiyyətçisi X4 müəyyən edilir. X4 xx.xx.2024-cü il tarixli etibarnamə əsasında avtomobilin idarə edilməsi üzrə səlahiyyətlərini İddiaçı etibar etmişdir. X1 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamə əsasında X4 "xxxx" ASC-də onu təmsil edib ona dəymiş zərərə görə ödəniləcək sığorta haqqının və buna dair digər səlahiyyətlərini də İddiaçı etibar etmişdir. Bu baxımdan məhkəmə hazırki iddia tələbi ilə İddiaçı məhkəməyə müraciət etməyə subyektiv hüququnu tanıyır. Məhkəmə araşdırması zamanı iddiaçı ona dəymiş zərərin 2.130 manat məbləğində olmasını bildirmiş və zərərin bu məbləğdə müəyyən edilməsini onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsini törətmiş avtomobildən qoparaq düşmüş dəmir parçası avtomobilin mühərrikini sıradan çıxarmışdır. Cavabdehin qeyd edilən dəlillə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı avtomobilə yad cisim toxunduğu halda avtomobilin mühərrikini dərhal söndürmədiyi və işlək vəziyyətdə saxladığı üçün bu nəticə baş vermişdir. Məhkəmə qeyd edilən məsələ ilə bağlı ekspert yanaşmasını müəyyən etməyə etməyə çalışsa da, ekspert tərəfindən qeyd edilən məsələyə dair mövqe bildirilməmişdir. Belə olan təqdirdə məhkəmə öz qiymətləndirilməsini aparmaqla qeyd edir ki, İddiaçı idarə etdiyi avtomobilə eyni hərəkət istiqamətində olan digər avtomobildən, daha dəqiq deyilsə, yük maşınından bir parça hissə qoparaq İddiaçı idarə etdiyi avtomobilin bəzi hissələrinə, o cümlədən avtomobilin alt hissəsində yerləşən mühərrikin yağ qutusunu zədələmişdir. İddiaçı idarə etdiyi avtomobilə həmin qopmuş dəmir parçasının zərər yetirməsi mübahisəsizdir. Lakin mühərrikin yağ qutusu deşildikdən sonra yağın xaricə axması və nəticədə mühərrikin sıradan çıxmasını isə cavabdeh iddiaçının öz hərəkətləri ilə əlaqələndirmişdir. Məhkəmə isə hesab edir ki, qeyd edilən yol nəqliyyat hadisəsi (nəticə etibarilə sığorta hadisəsi) baş vermiş olmasa idi, avtomobilin heç bir hissəsi zədələnməz və mühərrikin yağ qutusu deşilməz və son nəticədə də yağ axaraq mühərrikin sıradan çıxmasına gətirib çıxarmazdı. Hər bir halda məhkəmə bu qənaətə gəlir ki, mühərrikin sıradan çıxmasında zərər vurmuş yük avtomobilindən qopan parçanın iddiaçının avtomobilinə zərər vurması arasında səbəb-nəticə əlaqəsi aşkardır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1.740 manat məbləğində maddi ziyan cavabdeh LPO Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat LPO Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Aparılmış qiymətləndirməyə görə 300 manat LPO Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh LPO Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən 1.740 (bir min yeddi yüz qırx) manat məbləğində sığorta ödənişi İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatına görə 100 (bir yüz) manat LPO Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Aparılmış qiymətləndirməyə görə 300 (üç yüz) manat LPO Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar