Məhkəmə qərarları › İş №2(006)-429/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-429/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-429/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1998-ci ildə hərbi xidmətdə olarkən veqetativ damar distonsiyası, piodermiya ilə ağırlaşmış qoturluq diaqnozu ilə xəstələnmiş, 27.07.1998-ci ildən 29.07.1998-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Həmin xəstəlik nəticəsində 2-ci qrup əlil olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 13.01.2017-ci il tarixli, 306 saylı qərarı ilə təsdiq edilmişdir ki, onun xəstəliyi hərbi xidmət dövründə alınmışdır. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamığının dövlət icbari şəxsi sığortası müəyyən edilmişdir.Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, cavab məktubunda bildirilmişdir ki, o, tərxis olunduqdan 13 il sonra 2-ci qrup əlillik dərəcəsi aldığına görə qanunda nəzərdə tutulan sığorta ödənişinin verilməsi qeyrimümkündür. Bununla razı deyil, çünki əlilllik gec müəyyən olunsa da, onun hərbi xidmət zamanı xəstəlik-travma almağı rəsmi sənədlərlə təsdiq olunur və buna görə sığorta haqqı verilməlidir. Hərbi xidmətdə aldığı xəstəliyə, travmaya görə hər il müalicə olunmalıdır. Lakin müalicə olunmağa maddi imkanı yoxdur. Göstərilənlərə əsasən, cavabdehdən İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəməyə əlillik dərəcəsinin alınma müddətinin üzrlü səbəbdən ötürülülməsi ilə bağlı ərizə təqdim etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir və həmin maddənin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə. Sənədlər təhlil edilərkən müəyyən olmuşdur ki, İddiaçı 1998-ci ildə hərbi xidmətə çağırılmış, 27.07.1998-29.07.1998 tarixlərində müalicə olunmuş, əlillik dərəcəsi isə ona 16.03.2015-ci il tarixində təyin edilmişdir. Yəni adıçəkilən Qanunun istinad olunan maddəsinə əsasən şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra əvvəlki abzasda altından xətt çəkilmiş müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, İddiaçı 2-ci qrup əlildir, Diaqnoz: “Şizofreniya, şizofreniya paranoid forma, şiddətli tip psixi qüsur halı ilə.” Əlillik səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar əlillik.

7. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 yanvar 2017-ci il tarixli, 306 №-li Qərarından görünür ki, İddiaçı İmişli RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış, Bakı Hərbi Prokurorluğunun 21.06.2016-cı il tarixli, 11 HP/2276 saylı məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və 27.07.1998-ci ildən 29.07.1998-ci ilə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Vegetativ damar distoniyası. Piodermiya ilə ağırlaşmış qoturluq" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 22.09.2016-cı il tarixli, 814 nömrəli göndərişi, 22.09.2016-cı il tarixli, 427 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş 29.07.1998-ci il tarixli çıxarış epikrizi, Bakı Hərbi Prokurorluğunun 21.06.2016-cı il tarixli, 11 HP/2276 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.”

8. İş materiallarında olan DSMF-nın İmişli rayon şöbəsi tərəfindən verilmiş 045788 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup əlilidir.

9. İş materiallarında olan vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı 05.07.1998-27.07.1998 tarixlərində həqiqi hərbi xidmət keçmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən qoturluq xəstəliyinə tutulmuş və nəticədə ikinci qrup əlil olmuşdur. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona ödənilməli olan 6.600 manat birdəfəlik sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş əlillik dərəcəsinin alınma müddətinin üzrlü səbəbdən ötürülülməsi ilə bağlı ərizə haqda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xəstəliyi, köməksiz vəziyyətdə olması, həmin vaxt psixi sarsıntı keçirməsi nəzərə alınaraq ərizə təmin edilməlidir.

12. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

13. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.

14. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti.

15. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir.

16. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir.

17. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat İddiaçı ödənilməlidir.

18. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat şəxsi icbari sığorta pulu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar