Məhkəmə qərarları › İş №2(006)-431/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-431/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-431/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə «X2 Tam Sığortası» üzrə xx.xx.2021-ci il tarixli KSK********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) bağlamış və o, sığortalı olaraq mülkiyyətindəki «Lada Granta» minik markalı, 90ZO029 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı verilmişdir. Həmin müqaviləyə əsasən yol-nəqliyyat hadisəsinə, atılmış və ya düşmüş əşyaya yanğın və partlayışa görə sığorta təminatı verilmişdir. xx.xx.2022-ci il tarıxdə X9 adlı vətəndaş idarə etdiyi «Mercedes Benz» yük markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iddiaçının oğlu X3 etibarnamə əsasında idarə etdiyi iddiaçıya məxsus olan yuxarıda qeyd etdiyi qaydada sığortalanmış avtomobillə ara məsafəsi gözləmədən yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçıya məxsus olan avtomobilə 2175 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın məbləğini X1 avtoeksperti tərəfindən təsdiq edilmiş ziyan aktı da təsdiq edir. X9 törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsini törətmiş X4 icbari sığortası olmamışdır. İddiaçı kasko növü üzrə sığorta təminatı verildiyinə görə ona dəymiş ziyanın ödənilməsi üçün Sığorta Şirkətinə müraciət etmişdir. Lakin Sığorta Şirkəti iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinin tələblərinə əsasən onunla Sığorta Şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli KSK********** saylı «X2 Tam Sığortası» üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülərin siyahısında X3 adı qeyd edilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyil. İmtinanın hüquqi əsası kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli Q-20 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki Şəxslərə təqdim edilən X2 tam sığortası üzrə sığorta qaydaları»nın 5.3-cü bəndinə əsasən Sığorta Müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, başqa şəxslərin avtomobili idarə etməsi ilə risklər sığortalanmış hesab edilmir. Lakin sığorta şəhadətnaməsində sürücü kimi həyat yoldaşı Zakir Məmmədovun adı göstərilmişdir. Lakin şəhadətnamədə (müqavilədə) yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilməmişdir. Yalnız sürücü kimi adı qeyd edilmişdir. İddiaçı avtomobilin mülkiyyətçisi olsa da, sürücülük hüququ olmamışdır. Hazırda 62 yaşı var. O, müqavilə bağlayan zaman da şirkətə məlum idi ki, iddiaçı özü avtomobil idarə edəcək şəxs deyil. Həmin avtomobil iddiaçının ailə üzvləri tərəfindən istifadə ediləcəkdir. Sürücü adı yazılan zaman isə həmin yazının məqsədi iddiaçıya izah edilməmiş, ona yalnız bır nəfər sürücünün adını bildirməsini demişlər. Hesab edir ki, Sığorta Şirkətinin imtina əsassız olmuşdur. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə sığorta hadisəsi nəticəsində ona dəymiş 2175 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 42 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:.

3. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək və elektron kabinet vasitəsi ilə iddiaya qarşı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, «Lada Granta minik» markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil «Fiziki şəxslərə təqdim edilən X2 tam sığortası» haqqında xx.xx.2021-ci il tarixli, KSK********** nömrəli şəhadətnamə əsasında Şirkət tərəfindən könüllü qaydada sığortalanmışdır. Eyni zamanda, sığorta şəhadətnaməsi təqdim edilərkən, həmin şəhadətnamədə sürücü qismində X7 qeyd edilmiş, yalnız həmin şəxsin avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi müəyyən edilmişdir. Sığorta təminatının qüvvədə olduğu müddətdə – xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı «Mercedes Benz yük» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə X8 tərəfindən idarə olunan «Lada Granta minik» markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar toplanmış sənədlər nəzərdən keçirilərkən avtomobilin şəhadətnamə qeyd olunan sürücü deyil, digər şəxs - X8 tərəfindən idarə edildiyi məlum olmuş, həmin şəxsin avtomobili idarə etməsi ilə əlaqədar Şirkətə rəsmi qaydada hər hansı məlumat verilməmişdir. Bu səbəbdən, qanunvericiliyə və bağlanmış sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sürücüyə sığorta ödənişinin verilməsindən imtina edilmiş və bu barədə şəxsə yazılı bildiriş təqdim edilmişdir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 nömrəli qərarı ile təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortalanması üzrə sığorta qaydaları»nın 5.5-ci bəndinin birinci cümləsinə əsasən sığorta ödənişini faydalanan şəxs ala bilər. Ancaq hazırkı ış üzrə iddiaçı ilə sığorta şirkəti arasında bağlanmış sığorta müqaviləsinə əsasən faydalanan şəxs qismində X17 Bakı Filialı göstərilmişdır. Bunun üçün də iddiaçı subyektiv iddiaçı ola bilməz. Sığorta ödənişini yalnız X17 Bakı Filialı tələb edə bilər. Adı çəkilən qaydaların 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan kimi göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, həmin qaydaların 5.4-cü bəndinə göstərilən hallar istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab olunmur. Belə ki, sığorta müqaviləsinin predmeti olan maşın sığorta hadisəsi baş verən zaman sığotalanan şəxslər tərəfindən deyil, sığortalının (iddiaçının) oğlu tərəfindən idarə olunmuşdur. Cavabdehin nümayəndəsi tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş BB172866 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZO *** dövlət qeydiyyat nişanlı «Lada Qranta» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmış, ipoteka müqaviləsinə əsasən «Bank Milli İran» Bakı filialına ipotekaya qoyulmuşdur.

7. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən İddiaçı məxsus «Lada Qranta» minik markalı ** ZO *** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi X5 xx.xx.2023-cü il tarixədək etibar edilmişdir.

8. İş materiallarında olan KSK********** saylı xx.xx.2021-ci il tarixli «Fiziki şəxslərə təqdim edilən X2 tam sığortası şəhadətnaməsinə əsasən «Lada Granta» markalı ** ZO *** dövlət nömrə nişanlı avtomaşın sığortalı İddiaçı tərəfindən kasko növü üzrə xx.xx.2023-cü il tarixədək 17000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 612 manat, azadolma məbləği 200 manat, sürücü X7, faydalanan şəxs «X17» Bakı filialı göstərilmişdir. 9.İş materiallarında olan Abşeron DYP tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, X9 xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında «X2 Tam Sığortası» üzrə xx.xx.2021-ci il tarixli, KSK********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və sığortalı İddiaçı mülkiyyətində (sahibliyində) olan «Lada Granta» minik markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, «kasko» növü üzrə sığorta təminatı almışdır. A.Məmmədzadə Şirkətə müraciət edərək, sığorta predmeti olan «Lada Granta» minik markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığorta hadisəsinə məruz qaldığını bildirmişdir. A.Məmmədzadənin müraciətə Şirkət tərəfindən aidiyyəti üzrə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, vətəndaş İddiaçı ilə Şirkət arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KSK********** saylı «X2 Tam Sığortası» üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülərin siyahısında X8 barədə məlumatlar (ad, soyad, ata adı) aşkar edilməmişdir. Nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q- 20 nömrəli qərarı ile təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortalanması üzrə sığorta qaydaları»nın 5.3-cü bəndinə əsasən Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisələrin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsasıdır. Göstərilənlərə əsasən bildirirlər ki, İddiaçı ilə Şirkət arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KSK********** saylı «X2 Tam Sığortası» üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər A.Məmmədov barədə məlumatlar (ad, soyad, ata adı) qeyd edilmədiyindən, sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasla mövcud deyil. 11.İş materiallarında olan "xxxx" ASC-nin X1 Avtovaz Servis Xidmətinin avtoeksperti X11 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktının surətindən görünür ki,İddiaçı məxsus «Lada Qranta 21907» markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 2175 manat vəsait hesablanmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan «Lada Granta» markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil «Fiziki şəxslərə təqdim edilən X2 tam sığortası şəhadətnaməsinə əsasən kasko növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşına ziyan dəymişdir. Hazırda iddiaçı dəymiş ziyanın ödənilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

14. «Sığorta fəaliyyəti haqqında» AR Qanununun 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi hesab edilir.

15. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs hesab edilir.

16. «İcbari sığorta haqqında» AR Qanununun 6.4-cü maddəsinə əsasən sığorta qanunvericiliyinə və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişini almaq hüququna malik olan şəxs faydalanan şəxs hesab edilir.

17. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.1-ci maddəsinə əsasən zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

18. Həmin Qaydaların 29-cu maddəsinə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.

19. Azərbaycan Respublikası Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.

20. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «Lada Granta» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomaşın Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış və xx.xx.2021-ci il tarixli KSK********** saylı «X2 Tam Sığortası» üzrə sığorta şəhadətnaməsinə əsasən İddiaçı sığortalı qismində, «X17» Bakı filialı isə faydalanan şəxs kimi göstərilmişdir.

21. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı məxsus və etibarnaməyə əsasən X8 tərəfindən «Lada Granta» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomaşın idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş və avtomaşına maddi ziyan dəymişdir.

22. İddiaçı məhkəmə iclasında sığorta müqaviləsi üzrə tərəf, avtomaşının mülkiyyətçisi və yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyana uğrayan şəxs olduğu üçün avtomaşına dəymiş maddi ziyanla bağlı sığorta ödənişinin ona verilməli olmasını tələb edir.

23. Məhkəmə qeyd edir ki, sığorta müqaviləsi üzrə “X17” Bakı Filialı faydalanan şəxs qismində çıxış etdiyindən, sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin tələb edilməsi hüququ məhz ona məxsusdur.

24. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbləri baxımından iddiaçı sığortalı kimi yalnız o halda faydalanan şəxs hesab oluna bilərdi ki, sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamış olsun.

25. Məhkəmə hesab edir ki, iddiaçı sığorta müqaviləsi üzrə tərəf olsa da, eyni zamanda faydalanan şəxs kimi çıxış etmədiyindən, onun həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

26. Bununla bağlı məhkəmə iclaslarında hazırki iddiaçıya iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə məhkəmə tərəfindən təklif irəli sürülsədə iddiaçı bununla razılaşmayaraq iddianın məhz ona məxsus olmasını bildirmişdir.

27. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

29. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir.

30. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

31. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

32. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı sığorta ödənişin verilməsini tələb etmək hüququna malik deyildir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Göstərilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

37. Məhkəmə həmçinin cavabdehin etirazının bir hissəsini təşkil edən iddiaçının etibarnamə verərkən cavabdeh Şirkətə bununla bağlı məlumat verilməməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu iddiaçıya verilmiş vəzifə kimi deyil, hüquq kimi qiymət verilməlidir.

38. Belə ki, etibaretmə səlahiyyəti mülkiyyətçiyə (hazırki mülki iş üzrə) verilə bilən hüquqdur (Mülki Məcəllə 362) və bunun hər hansı bir müqavilə üzrə məlumat vermək şərtilə rəsmiləşdirilə bilməsinin (hüquqi nəticə doğurması) məhdudlaşdırılması məqsədə uyğun hesab edilə bilməz. (sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunmasını üçüncü şəxsə verə bilməsi kimi və s..)

39. Beləliklə yuxarıda göstərilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki iddia tələbi yalnız sığorta müqaviləsi üzrə faydalanan şəxs tərəfindən qaldırıla bilər.

40. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul»tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

44. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar