Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4311/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100 manat sığorta ödənişi məbləği, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 120 manat 40 qəpik məbləğində pulun Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 30.06.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində Cavabdeh «BMW 730LD» markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə «xxxx» ASC-də sığortalanmış «Mitsubishi Pajero» markalı H 022 086 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 31.07.2017-ci il tarixli 082-18870-147 saylı arayışına, DİN BDYPİ-nin 10.07.2017-ci il tarixli TYP 094882 saylı inzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı «xxxx» ASC tərəfindən «Mitsubishi Pajero» markalı H 022 086 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 100 manat sığorta ödənişi həyata keçirilmişdir. Bununla da, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 100 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Həmçinin, hesab edirlər ki, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «Mitsubishi Pajero» markalı H 022 086 dövlət qeydiyyat nişanlı minik avtomobili MİC-9681/17-18 saylı sığorta şəhadətnaməsinə əsasən «xxxx» ASC tərəfindən 24.05.2017-ci il tarixdən 24.05.2018-ci il tarixədək 10.000 manat sığorta məbləği olmaqla «kasko» sığorta növü üzrə tam sığortalanmışdır. 30.06.2017-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Ü.Hacıbəyov küçəsində yola bitişik ərazidən, yəni həyətdən yola çıxarkən, «BMW 730LD» markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə «xxxx» ASC-də sığortalanmış «Mitsubishi Pajero» markalı H 022 086 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. 01.07.2017-ci il tarixli TYP seriyalı 094882 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən «BMW 730LD» markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. 21.07.2017-ci il tarixli zərərin hesablanması aktındakı məlumatlara əsasən hadisə nəticəsində «Mitsubishi Pajero» markalı H 022 086 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (ehtiyat hissələrinin alınması və görüləcək usta işlərinə görə zəhmət haqqı) 200 manat təşkil edir. 28.09.2017-ci il tarixli 167/17 CM-193/17 saylı sığorta aktına və müvafiq ödəniş tapşırığına əsasən 100 manat azadolma məbləği çıxıldıqdan sonra 100 manat sığorta ödənişi sığortalı «xxxx» LTD Şirkətinin hesabına köçürülmüşdür. Göründüyü kimi, zərərin aradan qaldırılması üçün ödənilən 100 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququ iddiaçıya məxsusdur (subyektiv hüquq). İşin faktiki hallarından göründüyü kimi, baş vermiş sığorta hadisəsi barədə cavabdehə məlumat verilmiş, sığorta ödənişinin subroqasiya qaydasında iddiaçıya ödənilməsi tələb edilmiş, lakin sığorta ödənişi bu günə kimi iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə iclasında təsdiq olundu ki, Cavabdeh mülki məsuliyyəti cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır, Cavabdeh tərəfindən mülki hüquq pozuntusu törədilmişdir, cavabdeh törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borclu olduğundan, 100 manat sığorta ödənişi Cavabdeh oğlundan tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu, 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 100 manat sığorta ödənişi, 20 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 100 manat sığorta ödənişi, 20 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4311/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4311/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver