Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4320/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı məhsulun dəyərinin, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən məhsulun dəyərinə görə 2370 manat, usta xərcinə görə 2000 manat, qiymət artımının indeksləşdirilməsinə görə 3000 manat, əlavə xərclərə görə 630 manat, mənəvi zərərə görə 4000 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 may 2016-cı il tarixdə “ANQA" Məhdud Məsuliyyətli Cəmiyyətindən (Brend adı TATA STEEL) ümumi ölçüsü 237,6 kv.m olan dam örtükləri almışdır. Cavabdeh MMC-nin təqdim etdiyi zəmanət talonundan da göründüyü kimi, həmin məhsullardan rəngin tökülməyəcəyinə dair 15 illik müddət müəyyən olunmuşdur. Lakin təxminən 2 il öncədən başlayaraq dam örtüklərinin rəngi solmağa başladı və o, bununla bağlı şirkətə müraciət edərək aldığı məhsulların zəmanət müddətində sıradan çıxdığını bildirmiş və dəymiş zərərin kompensasiya olunmasını xahiş etmişdir. Təəssüf ki, şirkət əməkdaşları məsuliyyəti üzərlərindən ataraq ona dəymiş zərərə biganə yanaşdılar. Bununla bağlı bütün aidiyyəti qurumlara müraciət etsə də, yekunda hər biri məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Ona görə də son çıxış yolu olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, həmin məhsullara ümumilikdə 2370 manat pul ödəmiş, əlavə olaraq 2000 manat da usta xərci ödəmişdir. Burdan başqa, o, ağır şəkər xəstəsidir "xxxx" MMC-nin təqsiri üzündən iki ildir ki, xəstə halıyla Bakı-Cəlilabad arasında qalmışdır, bu da ona həm maddi, həm də mənəvi zərər vurub. Eyni zamanda, onu da bildirir ki, onun 2016-cı ildə aldığı məhsulun qiyməti də hazırda iki dəfədən çox artıb və o, bu məhsulu yenidən alacağı təqdirdə, daha 2 dəfə zərərə düşəcəkdir. Buna görə də ümumilikdə ona dəymiş zərəri 12000 manat məbləğində qiymətləndirir. Həmin məbləğin 2370 manatını məhsul üçün ödədiyi pul, 2000 manatını usta xərci, 3000 manatını həmin məhsulu yenidən alacağı təqdirdə çəkəcəyi əlavə xərc, 630 manatını hər dəfə Bakı şəhərinə gəlib qayıdarkən çəkdiyi xərc, qalan 4000 manatını isə mənəvi zərər təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Cəlilabad rayonu Günəşli kəndində yerləşən 1 saylı tam orta məktəbində müəllim işləyir. Sentyabr ayından dərslərin başlanması ilə əlaqədar Nəsimi Rayon Məhkəməsində keçiriləcək məhkəmə iclaslarında iştirakı mümkün olmayacaq. Hazırki iddia tələbinin istehlakçı hüququnun müdafiəsi haqqında olması nəzərə alınaraq MPM 36.9-cu maddəsinə əsasən, işin ərazi aidiyyəti üzrə qeydiyyatda olduğu Cəlilabad Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün aidiyyətı üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.9-cu maddəsinin tələbinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 45.1-ci maddəsinə əsasən Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Qeyd edilməlidir ki, Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Hazırda iddiaçı göstərilən hüququndan istifadə edərək, iddia ərizəsini yenidən tərtib edib yaşayış yeri üzrə məhkəmədə iddia qaldırmağa maddi imkanının olmadığını bildirərək, işin məhkəmə tərəfindən onun yaşayış yeri üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı məhsulun dəyərinin, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı məhsulun dəyərinin, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4320/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4320/2025
18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver