Məhkəmə qərarları › İş №2(006)-4336/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4336/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4336/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan “Atabankv ASCnin ilə İddiaçı2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin iddia ərizəsində qeyd edilən halları: 27 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı1 Cavabdeh1 ASC-nin Şirvan filialından 48 ay müddətinə, illik 20 faiz olmaqla 20000 ABŞ dolları kredit götürmüşdür. Kredit götürdüyü vaxt ABŞ dollarının məzənnəsi 1 dollar=0,78 manat idi. Kredit müqaviləsinin təminatı qismində həyat yoldaşı İddiaçı2 özünə məxsus (yeganə evi) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. 2015-ci ildə ABŞ dollarının məzənnəsi qalxdıqdan sonra o, “Atabank" ASC-nin Şirvan filialına müraciət edərək kredit müqaviləsinə dəyişiklik edərək ABŞ dollarının məzənnəsinin 1 dollar=1,05 manat şəklində qeyd edilməsini xahiş etsə də, xahişi qəbul edilmədi. Bir müddət sonra ABŞ dollarının məzənnəsi qalxaraq 1 dollar 1,70 manat həddində oldu. Artıq aylıq kredit ödənişlərini ödəniş qrafikində göstərilən məbləğə uyğun olaraq ödəyə bilmədi. Banka müraciət edərək məhkəmə müraciət etmələrini xahiş etsə də, bank uzun müddət banka müraciət etmədi. Faizlər nisbətən şişdikdən sonra bank tərəfindən məhkəməyə müraciət edildi. Şirvan Şəhər Məhkəməsinin 29 mart 2017-ci il tarixli. 2(032)- 51-2017 saylı qətnaməsinə əsasən ondan ümumilikdə 17857.77 ABŞ dolları məbləğində pulun ondan alınaraq banka ödənilməsi, tələbin həyat yoldaşı İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Qətnamə qəbul edilənə qədər təxminən 9.000 (doqquz min) manat, qətnamə qəbul edildikdən sonra isə təxminən 11.000 (on bir min) manat, ümumilikdə 20.000 (iyirmi min) manat banka götürdüyü kreditə görə pul ödəmişdir. 28 aprel 2020-ci ildə X4 Heyəti tərəfindən "Atabank” ASC-nə verilmiş lisenziya ləğv edilmişdir. “Atabank" ASC-nin lisenziyası ləğv edildikdən sonra da hər ay ödənişlərini edir. Hal-hazırda borcu 27.000 (iyirmi yeddi min) manat civarındadır. 2014-cü ildə bankdan cəmi 15.000 (on beş min) manat pul götürmüşdür. Banka isə yuxanda qeyd etdiyi kimi 20.000 manatdan artıq pul ödəmişdir. İddiaçı1 birinci Qarabağ müharibəsi iştirakçısıdır, müharibə veteranıdır. Hal-hazırda səhhətində promlemlər yaranmışdır. Həyat yoldaşı İddiaçı2 birinci Qarabağ müharibəsində döyüşdüyü müddətdə həyat yoldaşına görə həyəcan və stressdən gözləri tutulmuşdur, halhazırda ömürlük birinci qrup gözdən əlildir. Onların yaşamağa başqa evi yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş olunur İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin Şirvan filialı ilə İddiaçı1 arasında bağlanmış 143-14 ABFŞ saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən İddiaçı1 illik 20 faiz olmaq şərti ilə 48 ay müddətinə, ayda 608.61 dollar ödəmək şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Şirvan filialı ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2014cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı1 verilən 20.000 ABŞ dolları məbləğində kreditin təminatı olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-51/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı1 27 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15799 ABŞ dolları məbləğində əsas borc, 1958,77 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcun, 100 ABŞ dolları məbləğində gecikdirməyə görə hesablanmış ikiqat faiz borcun, cəmi 17857,77 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla pul alınıb iddiaçı Cavabdeh1 ASC- nə verilməsi, 27 mart 2014-cü il tarixli 143-14 ABFŞ saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh İddiaçı2 məxsus olan ünvan 4 ünvanında 0,021 ha torpaq sahəsində yerləşən umumi sahəsi 161,1 kv.m olan 1 mərtəbəli, 2 otaqlı bağ evi açıq hərracda satılmaqla 27 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 17857,77 ABŞ dolları məbləğində pulun alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, ipoteka predmeti olan ünvan 4 saylı bağ evinin ilkin satış qiymətinin 30000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş məbləği iddiaçı Cavabdeh1 ASC-nin tələblərindən artıq olduqda, artıq məbləğin cavabdeh İddiaçı2 qaytarılması, satışdan əldə olunmuş məbləğ iddiaçı Cavabdeh1 ASC-nin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə, qalan hissədə borcun cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdeh1 ASC-nə verilməsi, ipoteka qoyulmuş ünvan 4 saylı bağ evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan cavabdeh İddiaçı2 və digər cavabdeh İddiaçı1 bir ay ərzində ipoteka predmeti olan fərdi yaşayış evini tərk etmələri, cavabdeh İddiaçı2 və digər, cavabdeh İddiaçı1 fərdi yaşayış evini könüllü olaraq həmin müddət ərzində tərk etmədikdə onlar məcburi qaydada oradan çıxarılmaları, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdeh1 ASC-ə verilməsi, ekspertiza tədqiqatının 150 manat miqdarında dəyərinin cavabdeh İddiaçı1 alınıb Əmlak Ekspert Mərkəzinin hesabına köçürülməsi, cavabdeh İddiaçı1 ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyətçisi İddiaçı2dır. Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 1502/10-26 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-51/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə “İcra haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən (tələbkarın ərizəsi əsasında) Şirvan Şəhər Məhkəməsinə qaytarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alğısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyətçisi İddiaçı2dır. Həmin ev "xxxx" ASC-nin Şirvan filialı ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-51/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin həmin əmlaka yönəldilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və icra mərhələsində tərəflər arasında ödənişlərlə bağlı razılıq əldə olunduğundan xx.xx.2017-ci il tarixdə “İcra haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən (tələbkarın ərizəsi əsasında) icra sənədi Şirvan Şəhər Məhkəməsinə qaytarılmışdır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 ipoteka predmeti olan İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər və iddialarını onunla əsaslandırırlar ki, qətnamə qəbul edilənə qədər, habelə qətnamə qəbul edildikdən sonra bankdan götürülmüş 15.000 (on beş min) manat kreditə görə 20.000 manatdan artıq pul ödəmişlər və hələ də hər ay ödənişlər edilir, İddiaçı1 birinci Qarabağ müharibəsi iştirakçısıdır, müharibə veteranıdır, hal-hazırda səhhətində promlemlər yaranmışdır, İddiaçı2 ömürlük birinci qrup gözdən əlildir, onların yaşamağa başqa evləri yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, baxılan işdə ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə iddiaya dair tələb irəli sürmüş İddiaçı1 - əsas borclunun subyektiv hüquqları (mənafeləri) baxımından qiymət verilməlidir. Bunun üçün ilk növbədə kreditorla (ipoteka saxlayanla) borcalan və ipoteka qoyan, habelə sonuncuların özləri arasındakı hüquq münasibətlərinin xarakteri nəzərdən keçirilməlidir. Məlum olduğu kimi kreditor, əsas borcluya qarşı tələb hüququna, ipoteka qoyan üçüncü şəxsə münasibətdə isə əşya hüququna malik olur. Belə ki, borcalanla kreditor arasındakı münasibətlər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. Başqa sözlə, kreditor öhdəliyin icrasını gecikdirən əsas borcluya qarşı (borcun qaytarılmasına dair) tələb hüququ əldə edir. İpoteka saxlayanla (kreditorla) ipoteka qoyan üçüncü şəxs arasındakı münasibətin isə müstəqil hüquqi əsası vardır. Bu, onlar arasında bağlanan ipoteka müqaviləsidir (ipoteka müqaviləsinə borcalan da imza etsə də, ipoteka münasibətinin tərəfləri ipoteka saxlayanla ipoteka qoyandır). Həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində ipoteka saxlayanın xeyrinə ipoteka – məhdud əşya hüququ qeydə alınır. İpoteka qoyan, müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Bununla belə üzərində ipoteka qurulmuş daşınmaz əşya ipoteka qoyanın mülkiyyətində (yüklü də olsa) qalmaqda davam edir. Şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Borclunun vəzifəsi əsas öhdəliyi kreditorun xeyrinə vaxtında və lazımınca icra etməklə məhdudlaşır. İpoteka isə kreditorun (tələb hüququnun təminatı kimi) əşya hüququ olmaqla ipoteka qoyanın mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır. İpoteka ilə bağlı hüquq münasibəti ipoteka saxlayanla əsas borclu arasında deyil, ipoteka qoyan arasında qurulur. Beləliklə, yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı (əsas borclu) İddiaçı1 hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Bu hal ona münasibətdə iddianın təmin olunmaması üçün əsasdır. Digər iddiaçı – ipoteka qoyan İddiaçı2 münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı, Bankla aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 142-14 ABFŞ saylı ipoteka müqaviləsinin predmetinin ipoteka yüklülüyündən azad olunması tələbini irəli sürür, bu iddia tələbinin hüquqi əsasını “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi təşkil edir. Həmin normaya görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu normadan göründüyü kimi ipotekanın satışına yalnız ipoteka saxlayanın (kreditorun) bütün tələbi ödənildiyi halda xitam verilə bilər. Lakin baxılan iş üzrə ipoteka saxlayanın tələbinin tam ödənilməsi müəyyən edilməmişdir O cümlədən Mülki Məcəllənin 311.1-ci maddəsindən görünür ki, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsindən görünür ki, kreditoru təmin edərkən mülkiyyətçi ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, bu maddələrdə “kreditorun təmin edilməsi” ifadəsindən istifadə olunub. Kreditorun təmin edilməsi üçün borc tam ödənilməlidir. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinin ipoteka yüklülükdən azad edilməsi üçün əsas mövcud deyil. Məhkəmə tərəfindən qeyd olunan tələbin təmin olunmasına əsas verən hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar