Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4364/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 manat məbləğində sığorta ödənişinin və hüquqi yardım üçün ödənilmiş 100 manat məbləğində pulun, cəmi 11100 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu xx.xx.1976-cı il təvəllüdlü X4 xx.xx.1994cü il tarixdə Şəki Birləşmiş Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O, döyüş zonasında yerləşən N №-li hərbi hissədə xidmət keçərkən xx.xx.1996-cı il tarixdə mina partlayışı nəticəsində həlak olmuşdur. Lakin oğlunun ölümü ilə əlaqədar iddiaçıya heç bir sığorta ödənişi verilməmişdir. Oğlunun ölümünə görə iddiaçıya 11000 manat məbləğində sığorta ödənişinin verilməsi xahişi ilə nümayəndəsi vasitəsilə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh isə onun bu müraciətini cavabsız və nəticəsiz qoymuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğunu bildirmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ölüm haqqında V-ЖГ seriyalı 325814 nömrəli şəhadətnamədən, həmçinin, digər sənədlərdən məlum olduğu kimi mərhum X4 xx.xx.1996-cı ildə vəfat etmiş, ölümün səbəbi kimi xidməti vəzifəsini yerinə yetirərkən həlak olması göstərilmişdir. İddiaçının tələbi üzrə birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyindən, hazırki iddianın hər hansı hüquqi əsası mövcud deyildir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə etirazı nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan İV-ЖГ seriyalı 300610 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur, İddiaçı onun anasıdır. Mülki işin materiallarında olan xx.xx.1994-cü il tarixdə verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1976-cı il təvüllüdlü X1 Birləşmiş Şəhər Hərbi Komissarlığında hərbi xidmət keçmişdir. Mülki işin materiallarında olan V-ЖГ seriyalı 325814 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1996-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 84 nömrəli sığorta olunmuş hərbi qulluqçuların, məhkəmə-hüquq və mühafizə orqanları işçiləri və polis əməkdaşlarının xidmət dövrü haqqında arayışından görünür ki, əsgər X2 xidməti vəzifəsi “atıcı” olmuş, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək xidmət etmiş, N №-li hərbi hissədə xx.xx.1996-cı ildə mina partlayışı nəticəsində şəhid olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 864 nömrəli cavab məktubundan görünür ki, 1976-cı il təvüllüdlü X4 xx.xx.1994-cü il tarixdə Şəki rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1996-cı il tarixdə həlak olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi məsləhət və iddia ərizəsinin yazılmasına görə 100 manat məbləğində ödəniş etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarət olmuşdur ki, xx.xx.1976-cı il təvəllüdlü X1 Birləşmiş Şəhər Hərbi Komissarlığında N №-li hərbi hissədə hərbi xidmət keçən zaman xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1996-cı ildə mina partlayışı nəticəsində həlak olmuşdur. Hazırda anası İddiaçı qismində müraciət edərək, oğlunun həlak olması ilə əlaqədar sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. 25 dekabr 1991-ci il tarixdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalanan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır. Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş sığorta ödənişinin qanunun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeydşərtin nəzərdə tutulmadığı halda belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli Qərarı ilə bu Qanunun 20 may 1997-ci il tarixədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə şamil edilməsini qərara almış, ödənişlərin verilməsindən imtinanı konstitusiya prinsipi olan bərabərlik hüququnun pozulması kimi qiymətləndirmiş, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsini Konstitusiyanın 12, 16 və 25-ci maddələrinə uyğun hesab etmişdir. Fərmanın 2-ci bəndinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə həmin fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hazırki iddia tələbi üzrə cavabdehlik daşıması müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Cavabdehin əsl cavabdehlə əvəz edilməsinin iddiaçıya təklif olunması məhkəmə aidiyyəti qaydaları ilə ziddiyyət təşkil etdiyi üçün (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət orqanı olduğundan) məhkəmə iddiaçıya bu təklifi irəli sürmək zərurətinin olmadığı qənaətinə gəlir. Belə ki, iddia ərizəsini qəbul edən məhkəmə tərəfindən tələb hüququnun iddiaçıya məxsus olduğu və cavabdehin iddia üzrə cavab verməli şəxs olduğu müəyyənləşdirilməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. İddiaçının öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə etmək hüququna malik olmasına baxmayaraq, iddia tələbləri həmin tələblər üzrə cavabdehlik daşımayan şəxsə qarşı irəli sürülmüş olarsa, əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 48-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Sözügedən Məcəllənin 54.2-ci maddəsinin tələblərinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107, 115.0, 115.0.5 və 121.1-ci maddələrinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə yuxarıda qeyd edilmiş hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4364/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4364/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver