Məhkəmə qərarları › İş №2(006)-4376/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4376/2024

01.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4376/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və əsassız borcun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və əsassız borcun silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış “Birkart (kredit)” online Müqaviləsinin etibarsız hesab edilməsi və 1200 manat yaranmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Cavabdeh ASCdən (bundan sonra - Bank) telefon vasitəsi ilə “Birkart” sifariş etmişdir. Bundan sonra onun mobil telefonunda olan “Birkart” tətbiqində həmin birkart hesabı aktivləşmiş və Bank tərəfindən 1200 manat yüklənmişdir. Lakin hesabda heç bir əməliyyat aparılmamışdır. Bir müddət sonra, yəni 08 iyun 2024-cü il tarixdə proqrama daxil olduqda həmin məbləğin sıfırlanmasının şahidi olmuşdur. Hesabında olan 1200 manat pul kimlər tərəfindən və hara “online” köçürülməsi göstərilmirdi. Halbuki, pul yüklənəndən sonra nə Banka getmişəm nə də ki, “online” qaydada heç bir əməliyyat icra etməmişdir. Bundan savayı heç Bankdan həmin kartı belə götürməmişdir, düşünmüşdür ki, faktiki kartı götürəndən sonra istifadəyə başlayar. Banka bu barədə dərhal məlumat verildikdə, Bank bildirmiş ki, hesabda olan vəsait sıfarlanmış və onun hal-hazırda Banka 1200 manat borclu olduğunu qeyd etmişdir, kart isə Bank tərəfindən heç təqdim edilməmişdir. Ona görə hal-hazırda aralarında nə müqavilə var, nə də ki, faktiki kartın nömrəsi və hesabı. Nəyə görə kimlərinsə qeyri-qanuni onun hesabına müdaxilə etməsi nəticəsində oğurlanmış pulu o, qaytarmalıdır? O, isə o puldan heç bir qəpik belə istifadə etməmişdir. Müraciəti xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin cinayətlər haqqında ərizələr və məlumatların 1 nömrəli uçotu kitabında 2065 saylı qeydiyyata alınaraq yoxlanılması üçün təhqiqatçı baş leytenant X2 icraatına verilmişdir. 08 iyul 2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə Qərarda hadisənin cinayət olmadığının qənaətinə gəlmiş və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Diqqətə çatdırmaq istəyir ki, dəflərlə Bank ilə əlaqə saxlamış, habelə Bankın Sumqayıt filialına yaxınlaşıb kredit xəttinə kənar müdaxilələr olmasının, kartdan naməlum şəxslər tətbiq vasitəsi ilə oğurluq edilməsini, SMS məlumatlarını, hansı ki Bank tərəfindən İddiaçı eyniləşdırilməsini təmin edən təhlükəsizlik kodu daxil olmadığını, yaranmış kredit borcunu əsassız olduğunu bildirsələr də, onlara şifahi olaraq DİN-nə müraciət edilməsini tövsiyə etmişlər. Hesab edir ki, aralarında Müqavilə olmadığı təqdirdə və faktiki karta sahiblik edilmədən, Bank onun mülkiyyət hüququnu pozmuş, vəziyyətini pisləşdirmiş və əsassız nəticələr yaratmışdır. Əgər şifahi Müqavilə olsa belə o, etibarsız hesab edilməli, indiyə qədər yaratdığı hüquqi nəticələr isə ləğv edilməlidir. Bank öhdəliklərini tam icra etmədiyindən, müqavilənin şərtlərini pozduğundan, Müqavilə etibarsız hesab edilməli, indiyə qədər yaratdığı hüquqi nəticələr isə ləğv edilməlidir. Eyni zamanda standart Bank tərəfindən bağlandan “Birkart” üçün, əgər “online” qaydada bağlanıbsa Müqavilənin 2-ci maddəsinə əsasən Bank Müştəriyə “Birkart Black” ödəniş kartı verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin Kartdan və ya kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və ya kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Bu bənddən müəyyən edilir ki, Müştərinin müraciəti əsasında kredit xətti ayrılır. Lakin, gördündüyü kimi nə onlar tərəfdən şifahi razılaşma olub, nə də ki, Bank tərəfindən Bankın bildiyi mobil nömrəyə SMS vasitəsi ilə bildiriş məxfi kod ilə təsdiq edilməmişdir. Yəni kredit xəttinin ayrılması Müqavilədə nəzərdə tutulmuş imzasının digər analoqu ilə də təsdiq etməmişdir. Müştəri kodunu da açıqlmamışdır. Belə olan halda Bank öz vəzifələrini icrasını layiqincə yerinə yetirməmişdir, təhlükəsizliyi təmin etməmişdir, Müştərinin həqiqi olduğuna dair məxfi kod ilə eyniləşdirmə aparmamışdır. İkincisi, sözügedən Müqavilənin 4.1-ci maddəsinə əsasən müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş birldirişi (məlumatı) SMS-də göndərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müqavfiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müqavilənin şərtində istinad edilən 11.2-ci bəndində göstərilən imza analoqları heç biri onların halında mövcud olmamışdır. Məhkəməyə xüsusi bilik tələb edən mütəxəssis dəvət olunsa, o da həmin gün kartdan oğurlanmış pul ilə bağlı, habelə kartdan 1200 manat pul köçürmə əməliyyatında Bank məxfi təsdiqedici SMS və ya digər bildiriş göndərməmişdir. Üçüncüsü, Müqavilənin 4.2-ci maddəsinə əsasən Bank Müştərinin əmlak vəziyyətinin borcun qaytanlması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini Müştərinin razılığı olmadan birtərəfli qaydada azalda, bloklaşdıra və ya bu Müqaviləyə xitam verə bilər. Müştərinin bu Müqavilə üzrə Bank qarşısında öhdəliyini icra etməyə mane olacaq dərəcədə sağlamlağının itirilməsi, vəfat etməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan digər hallar. Qeyd etmək zəruridir ki, ona təyin edilmiş vəsaitin kimlərsə tərəfindən məniməsəməsi, hələ istifadə edilməmiş vəsaitə görə borclu qalması onun maddi vəziyyətini daha da pisləşdirir. Üç aydan çoxdur ki, özünü bağışlaya bilmir və narahatçılıq içində yaşayırsa, maddi vəziyyətinin ağırlaşdırır. Müqavilənin 9.1.3-cü maddəsinə əsasən bu Müqavilənin - 2-ci bəndi ilə müəyyən edilmiş hallar Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdikdə Bank Müqaviləyə xitam verə bilər. Göründüyü kimi də, Bank tərəfindən Müqavilədə göstərilən təhlükəsizlik xidmətlərin təmin edilməməsi nəticəsində ona və ailəsinə mühüm dərəcədə zərər dəymişdir. Oğurlanan əmlak şəxsi onun istifadəsinə xərclənməyib və cinayət nəticəsində yaranmışdır. Odur ki, Müqavilə etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndənin iştirakı olmadan baxılması və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) arasında bağlanmış BBUM8149816B299 nömrəli, xx.xx.2024-cü il tarixli Birbank Umico kredit müqaviləsinə əsasən İddiaçı cari hesab açılaraq həmin hesaba 1218 AZN məbləğində pul mədaxil edilmişdir. Nəzərə alınmalıdır ki, Bank tərəfindən müqavilə şərtlərinə əsasən sözügedən kredit vəsaiti “Birbank” mobil tətbiqi vasitəsi ilə iddiaçının kart hesabına köçürülmüş və həmin kart hesabından pul vəsaiti xx.xx.2024-cü il tarixdə digər bir hesaba köçürülmüşdür. Həmin köçürmə əməliyyatı 3D Secure kodunun göndərilməsi və təsdiq edilməsi yolu ilə həyata keçirilmişdir (3D Secure kodunun göndərilməsini təsdiq edən müvafiq çıxarış iş materiallarına əlavə edilmişdir). İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, sözügedən əməliyyat məxfi saxlanılmalı olan məlumatlardan istifadə edilməsi, 3D Secure kodunun göndərilməsi, həmin kodun təsdiq edilməsi yolu ilə aparıla bilər. Həmçinin nəzərə alınmalıdır ki, belə əməliyyat iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən aparılmışdırsa belə, həmin əməliyyatın aparılması iddiaçının təqsiri ucbatından baş verə bilər. Belə ki, həmin əməliyyatın aparılması üçün tələb olunan məxfi saxlanılmalı olan məlumatların və təhlükəsizlik kodlarınının üçüncü şəxsə verilməsinə və ya üçüncü şəxs tərəfindən həmin məlumatların əldə edilməsi üçün şəraitin yaradılmasına görə məsuliyyəti iddiaçı, yəni bank hesab sahibi daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BBUM8149816B299 nömrəli xx.xx.2024-cü il tarixli Kredit Müqaviləsinin şərtlərinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçının Banka qarşı irəli sürdüyü iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bu səbəbdən məhkəmədən, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Sumqayıt ŞPİ-nin cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü bölməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-dən “Birkart” sifariş etdiyini, 08 iyun 2024-cü il tarixdə proqrama daxil olduqda həmin məbləğin sıfırlanmasını aşkar etdiyi barədə məlumat vermiş, qərarda hadisənin cinayət olmadığının qənaətinə gəlinərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BBUM8149816B299 saylı Birbank Umico kredit müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinə əsasən İddiaçı bərpaolunan kredit xətti ayrılmış, həmin kartdan və kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesab açaraq ilkin istifadə üçün 1218 AZN məbləğində pul vəsaiti ayrılmışdır. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və əməliyyyatlara dair hesablardan çıxarışdan görünür ki, sorğu olunan vəsait İddiaçı adına olan 4169 73** ****8920 nömrəli plastik karta köçürülmüş, həmin kart hesabından isə xx.xx.2024-cü il tarixdə saat 22:31-də 4169 73** ****2459 nömrəli kart hesabına köçürülmüşdür. İş materialına əlavə edilmiş hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:31-də İddiaçı 4169 73** ****8920 nömrəli Kapital bank birbank Umico kart hesabından 1200 manat pul 4169 73** ****2459 nömrəli kart hesaba köçürülmüşdür. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 08 iyun 2024-cü il tarixli, BBUM8149816B299 saylı Birbank Umico müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı bərpaolunan kredit xətti açılmışdır. Hazırda iddiaçı onunla Cavabdeh ASC arasında bağlanmış “Birkart (kredit)” online Müqaviləsinin etibarsız hesab edilməsi və 1200 manat yaranmış əsassız borcun silinməsini tələb edir. Cavabdehin nümayəndəsi isə iddia tələbinin əsassız sayılaraq rədd edilməsini xahiş etmişdir. Əqdin etibarsızlığı məsələsinə toxunmamışdan öncə əqdin anlayışına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə əqd dedikdə, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi başa düşülür. Öz təbiətinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İddia ərizəsində də mübahisələndirilən və qanunvericiliklə tənzimlənən əqdin etibarsız hesab edilməsi üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmişdir. Həmin fəslə aid 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə də, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: Subyekt tərkibinə görə; Məzmununa görə; Formasına görə; İradə və iradə ifadəsinə görə. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Məhkəmə qeyd edir ki, hər hansı bir əqdin etibarlılıq məsələsi müəyyənləşdirilərkən yuxarıda qeyd edildiyi kimi, əqdin məzmununun, formasının və sair ünsürlərindən birinin qüsurlu olması vacibdir. Hazırda irəli sürülmüş olan iddia tələbi də əqdin etibarsızlığı ilə bağlı olsa da, tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün onun hər hansı bir ünsürünün qüsurlu olması müəyyən edilmədiyindən, məhkəmənin qənaətinə görə bağlanmış olan əqd etibarsız hesab edilə və bununla da iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Birbank Umico Kredit” müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC müştəri İddiaçı 1218 manat məbləğində kredit hesabı açır. Kredit Müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Hazırda iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini və bu müqavilə əsasında yaranmış əsassız borcun silinməsini xahiş etsə də həmin müqavilənin etibarsızlığını təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir Belə ki, iş materiallarında olan xx.xx.2024 – xx.xx.2024-cü il tarixıə aparılmış əməliyyatlara dair hesabdan çıxarışdan görünür ki, İddiaçı adına olan 4169 73** ****8920 nömrəli plastik kart hesabından xx.xx.2024-cü il tarixdə saat 22:31:11-də 3 manat, 4.26 manat, 18 manat və 1200 manat vəsait isə 4169 73** ****2459 hesabına köçürülmüşdür. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə onu da vurğulayır ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb edərkən bank tərəfindən ona ayrılmış olan vəsaitin başqa şəxs tərəfindən ələ keçirdiyini bildirmiş və ona ziyan dəydiyinə də əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, bankın vaxtında öz öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Birbank Umico Kredit” müqaviləsinin 8.2.1-ci və 8.2-ci maddələrinə əsasən, müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı izahatlarında bank tərəfindən ona heç bir OTP kodu göndərilmədiyini bildirilsə də, mülki iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, müştərinin +**********50 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2024-cü il tarixində, saat 22:29:27-də və 22:30:48-də OTP-lər göndərilmiş və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Göründüyü kimi cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli “Birbank Umico Kredit” müqaviləsinin 8.2.1-ci və 8.2-ci maddələrinin tələblərinə tam şəkildə əməl olunmuşdur. Bununla da yuxarıda sadalanmış olan işin halları tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilmədiyindən və iddiaçı istinad etdiyi halları sübuta yetirmədiyindən, bunun tam əksinə tərəflər arasında bağlanmış olan əqdin hər baxımdan əqdlərin etibarlılıq şərtlərinə uyğun hesab edildiyindən, iddiaçıya dəymiş ziyanın isə cavabdehin təqsiri üzündən baş verməsi halı təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və əsassız borcun silinməsi tələbinə dair" iddiası rədd edilməlidir. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və əsassız borcun silinməsi tələbinə dair" iddia tələbi əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar