Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1511/2023 27.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1495/2023 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron rayon 1 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə, 3M-661 reyestr nömrəsi ilə təsdiq edilmiş, borcverən Cavabdeh2 ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana xx.xx.2022-ci il tarixədək 2600 manat borc verməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
3. Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”dən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 3M-661 reyestrli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 2600 manat borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildirmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-439/2022 saylı qərarından görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(012)-19/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Qərardan daha sonra görünür ki, Abşeron rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(012)-19/2022 saylı hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə cəzaçəkmənin əvvəlinin onun həbs olunduğu xx.xx.2020-ci il tarixdən hesablanması, X7 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılması hökm olunmuşdur.
6. Hökmdən daha sonra görünür ki, bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X7 ilə cinayət əlaqəsinə girərək 02 iyun 2019-cu il tarixdə saat 21 radələrində Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, X7 isə həmin evə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olub yataq otağındakı dolabdan 714 manat dəyərində, 17 qram çəkidə, 1 ədəd qızıl boyunbağı, 84 manat dəyərində, 2 qram çəkidə, 1 ədəd qızıl boyunbağı, 336 manat dəyərində, 8 qram çəkidə, 1 ədəd qırmızı qaşlı qızıl qadın üzüyü, 210 manat dəyərində, 5 qram çəkidə, 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü, 210 manat dəyərində, 5 qram çəkidə, 1 ədəd “fantaziya” qızıl qadın üzüyü, 168 manat dəyərində, 4 qram çəkidə, 1 ədəd qızıl nişan üzüyü, 294 manat dəyərində, 7 qram çəkidə, 1 ədəd qızıl nişan üzüyü, 168 manat dəyərində, 4 qram çəkidə, üzərində “Zaura nənələrindən” sözləri həkk olunmuş 1 ədəd qızıl qolbağı və 3390 manat nağd pulu gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Yusif Əsgərov satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Cavabdeh2 ümumilikdə, 5574 manat xeyli miqdarda ziyan vurmuşdur.
7. Hökmdən daha sonra görünür ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilən Cavabdeh2 ifadəsində göstərmişdir ki, 03 iyun 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı evdə təmizlik işləri aparan zaman qonaq otağındakı pəncərənin dəmir barmaqlığının qırıldığını aşkar etmiş, buna görə də yataq otağına keçib əri İlqarın pencəyinin ciblərini yoxlamış, məlum olmuşdur ki, oradan qızıl-zinət əşyaları və 3390 manat nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona 5574 manat maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilmiş, hazırda, şikayətçi deyil.
8. Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdeh ərizəsində “İddiaçı ona borc müqaviləsi bağlamaq təklifini irəli sürdüyünü” bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin cinayət işində bir neçə zərərçəkmiş şəxs tanınmış və onlardan biri də Cavabdeh2 olmuşdur. Cinayət işinin materiallarına görə cavabdehə cinayət əməli nəticəsində 5574 manat maddi ziyan dəymişdir. İddiaçı Cavabdeh2 ilə barışıq əldə etmək üçün oğlunun ona vurduğu maddi ziyanı ödəməyə çalışmışdır. Bu məqsədlə, həm iddiaçının, həm də X2 atası tərəfindən danışıqlar aparılmış və cavabdehə vurulmuş maddi ziyanın bir qismi məhkəmə baxışı zamanı ödənilmişdir. Yerdə qalan 2600 manat məbləğin isə maddi imkan olduqca hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuşdur. Lakin Cavabdeh2 həmin borcu təsdiq edən notarial qaydada müqavilə bağlamağı təklif etmiş, iddiaçı da aralarında barışıq əldə olunsun deyə, həmin kredit müqaviləsini bağlamağa razılıq vermişdir. Bundan sonra, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, lakin bu kredit müqaviləsi Elçinin cavabdehə vurduğu maddi ziyana görə bağlanmışdır, yəni, iddiaçı həqiqətdə bir manat da olsa pul almamışdır. İddiaçı müqavilənin bağlanmasına razılıq versə də cavabdeh bu müqavilədən sui-istifadə edərək icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Bu günlərdə həmin kredit müqaviləsi ilə əlaqədar icra qeydinin veriləcəyi barədə notarial ofisindən məktub göndərilmişdir. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1495/2023 nömrəli qətnaməsi ilə iddiаnın təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında Abşeron rayon 1 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə, 3M-661 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim: Habil Əhmədov)
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş, mülki iş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(012)-19/2022 saylı hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən, təqsirli bilinməsi, digər zərərçəkmişlərlə yanaşı, hazırki iş üzrə Cavabdeh2 maddi ziyan vurması öz təsdiqini tapmış və məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-439/2022 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Məhkəmə hökmü ilə cavabdeh ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini bildirib şikayəti olmadığını qeyd etsə də məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçının oğlu X3 Cavabdeh2 vurulmuş ziyanın bir qismi ödənilmiş və bu, məhkəmə iclası zamanı tərəflərin izahatı ilə də inkar edilməmişdir. Beləliklə, tərəflər sözügedən ziyanın ödənilməsi məqsədilə borc müqaviləsi bağlamış, lakin iddiaçı həqiqətən də tərəf olaraq onun cavabdehə hər hansı bir məbləğdə borcunun olmadığını, həmin müqavilənin formal olaraq bağlandığını iddia edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
13. Həmçinin, məhkəmə Plenum qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş materiallarına əlavə olunmuş kredit müqaviləsinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əqdin etibarlı olması üçün zəruri olan şərtlərə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 39.1, 324.1, 324.4, 324.5, 329.1, 337.1, 337.2, 340.2, 404.1-ci, Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 107, 119.1, 124.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin 2(012)-1495/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia təmin edilməməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Məhkəmənin gəldiyi nəticə sübutlara əsaslanmır. Hazırki mülki iş üzrə iş materiallarına əlavə olunmuş Abşeron rayon 1 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M-661 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh2 çıxış etməklə, sözügedən müqavilə Notariat ofisinin notariusu X4 tərəfindən 3M-661 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, müqavilə tərəfləri kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışlar.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir.
21. Cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinin notariusu X10 ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı və digər cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinin notariusunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər
29. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
35. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Apellyasiya şikayətindən görünür ki, cavabdeh tərəf Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1495/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir.
40. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir.
42. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, müqavilə hər iki tərəfin iradə ifadəsini əks etdirən ikitərəfli əqddir. İddiaçı özü şəxsən notariat ofisində Cavabdeh2 ilə kredit müqaviləsi bağlamışdır.
43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
44. İş materiallarında olan xx.xx.2022-ci tarixli mədaxil orderdən görünür ki, 2600 manat məbləğində pul vəsaiiti notariusun hesabına Cavabdeh2 tərəfindən köçürülmüşdür.
45. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayon 1 saylı Notariat ofis tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin bağlanması zamanı hər hansı şərtlərin pozulması və İddiaçı iddianı əsaslandığı hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
48. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
49. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
50. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1495/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1495/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.