Məhkəmə qərarları › İş №2(105)-249/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-249/2025

19.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-249/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı, yalan əqd, icra qeydinin ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4906/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış Cavabdeh1 xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 07 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Muradova X3 Elnur Mais oğluna 13000 manat borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2017-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür

2. Cavabdeh1 xx.xx.2017-ci il tarixli, № 7E-4543 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Cavabdeh2 xeyrinə İddiaçı xx.xx.2017-ci il tarixinədək alınmış və vaxtında ödənilməmiş 13000 manat 00 qəpik tutulmalıdır. Bundan əlavə, İddiaçı tələbkar tərəfindən ödənilmiş 10 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 13010 manat 00 qəpik pul tutulmalıdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2017-ci ildə iddiaçıya 13000 manat borc pul vermiş, lakin həmin pulu qaytara bilmədikdə o iddiaçının barəsində şikayət etmiş, iddiaçı həmin şikayət və digər şikayətlər əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmü ilə AR CMnin 178.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci ıl tarixli qərarı ilə hökm dəyişdirilmiş, əməli AR CM-nin 178.2-ci maddəsinə tövsif edilməklə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmün icrası ilə bağlı iddiaçı xx.xx.2017-ci ildə cəzaçəkmə məntəqəsinə göndərilmiş və xx.xx.2018-ci ildə AR ƏN-nin PX 17 saylı CM-nə göndərilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı 25 gün tez cəzadan azad edilmişdir. Cavabdeh2 iddiaçıya pulu xx.xx.2017-ci ildə verdiyi halda Sumqayıt şəhər 3 saylı Notariat Ofisində iddiaçıya guya 13000 manat kredit verməsi barədə 70-4543 saylı kredit müqaviləsi bağlamış və guya iddiaçıya krediti həmin tarixdə verməsi qeyd olunmuşdur. Halbuki, kredit müqaviləsi bağlanan vaxt cavabdeh iddiaçıya pul verməmiş və bu əqd əvvəlki əqdi pərdələmək məqsədi ilə bağlanmış bir əqddir. Belə ki, cavabdeh iddiaçıya 13000 manatı başqa bir məqsədlə vermiş və həmin pulu ondan aldığı üçün iddiaçı cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin borc məqsədi ilə cavabdeh iddiaçıya pul verməmişdir. İddiaçı ondan bir dəfə 13000 manat məbləğində pul almışdır. Göründüyü kimi kredit müqaviləsi başqa bir əqdi pərdələmək məqsədi ilə bağlınmış bir əqd olmuşdur. İddiaçı həmin əqd bağlandıqdan sonra həbs olunmuş və uzun müddət həbsdə olduğu üçün əqdi mübahisələndirə bilməmişdir. Qarşı tərəf həmin əqd üzrə xx.xx.2018-ci il tarixdə icra qeydi almış, lakin icra qeydi verilən tarixdə də iddiaçı həbsdə olmuşdur. Buna baxmayaraq, həmin icra qeydi ilə bağlı icra məmuru barəsində axtarış vermiş və iddiaçı bu barədə bilən kimi icra şöbəsinə getsə də, axtarış üstündən götürülməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə Cavabdeh2 arasında Cavabdeh1 bağlanmış 2017-ci il tarixli, 7e-4543 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi əsasında verilmiş 7e-4543 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4906/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edils qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.4, 390.1, 354.2-ci madələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli, B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarlarındakı hüquqi mövqeyi, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45, 76, 77, 79-cu maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndinə, Azərbcayn Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3, 217.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4906/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-4906/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı “Kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməmişdir. Mübahisəli məhkəmə qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2017-ci il tarixdə ona 13.000 manat məbləğində borca pul vermiş, lakin həmin pulu qaytara bilmədiyinə görə Cavabdeh2 ondan şikayət etmiş, həmin şikayət və digər şikayətlər əsasında o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, əməli AR CM-nin 178.2-ci maddəsinə tövsif edilməklə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmün icrası ilə bağlı xx.xx.2017-ci il tarixdə cəzaçəkmə məntəqəsinə göndərilmişdir və xx.xx.2018-ci il tarixdə AR ƏN-nin PX 17 saylı CM-nə göndərilmişəm. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 25 gün tez cəzadan azad edilmişdir. Cavabdeh2 pulu ona xx.xx.2017-ci il tarixdə verdiyi halda, Sumqayıt şəhər 3 saylı Notariat Ofisində guya ona 13.000 manat məbləğində kredit verməsi barədə 7e-4543 saylı kredit müqaviləsi bağlamış və guya ona krediti həmin tarixdə verməsi qeyd olunmuşdur. Halbuki, kredit müqaviləsi bağlanan vaxt Cavabdeh2 ona pul verməmiş və bu əqd əvvəlki əqdi pərdələmək məqsədi ilə bağlanmış bir əqddir. Belə ki, cavabdeh ona 13.000 manatı başqa bir məqsədlə vermiş və həmin pulu ondan aldığı üçün o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh pulu ona borc məqsədilə verməmişdir. O, cavabdehdən bir dəfə 13.000 manat məbləğində pul almışdır. Göründüyü kimi, kredit müqaviləsi başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış bir əqd olmuşdur. Həmin əqd bağlandıqdan sonra o, həbs olunmuşdur və uzun müddət həbsdə olduğu üçün əqdi mübahisələndirə bilməmişdir. Cavabdeh həmin əqd üzrə xx.xx.2018-ci il tarixdə icra qeydi almış, icra qeydi verilən tarixdə isə o, həbsdə olmuşdur. Buna baxmayaraq həmin icra qeydi ilə bağlı icra məmuru onun barəsində axtarış vermiş və o, bu barədə xəbər tutan kimi icra şöbəsinə getsə də, üstündən axtarış götürülməmişdir. Buna görə də Cavabdeh2 ilə arasında Sumqayıt şəhər 3 saylı Notariat Ofisində bağlanmış 7e-4543 saylı, 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi əsasında verilmiş 7e-4543 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və məhkəmə yuxarıda göstərilən qərarı qəbul etmişdir.

9. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 329.1, 337.1, 390.1ci maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər.

13. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

16. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

20. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Verilmiş apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4906/2024 nömrəli qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır.

33. Əvvəla, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

34. İşin hallarına görə, 07 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Muradova X3 Elnur Mais oğluna 13000 manat borc pul vermişdir. Cavabdeh1 xx.xx.2017ci il tarixli icra qeydinə əsasən, Cavabdeh2 xeyrinə İddiaçı vaxtında ödənilməmiş 13000 manat tutulmalıdır.

35. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə İddiaçı AR CM-nin 178.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, əməli AR CM-nin 178.2-ci maddəsinə tövsif edilməklə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin məhkəmə aktları ilə İddiaçı tərəfindən Cavabdeh2 13000 manat məbləğində zərərin vurulması müəyyən olunmuşdur. Qeyd olunan pul vəsaiti Cavabdeh2 tərəfindən evin alınması üçün verilmişdir.

36. İddiaçı hal-hazırda məhkəmədən 07 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması və həmin müqaviləyə əsasən verilmiş icra qeydin ləğvini xahiş edir.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt; 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

38. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır.

39. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

40. Belə ki, işdən görünür ki, tərəflər 07 yanvar 2017-ci il tarixli kredit müqaviləsini bağlasalar da, cinayət işi üzrə müəyyən olunur ki, Cavabdeh2 13000 manat məbləğində pul vəsaitini İddiaçı borc kimi deyil, evə görə ödənilməli pul vəsaiti kimi vermişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış əqd əhəmiyyətsiz olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqddir. Belə olan halda isə etibarsız əqd əsasında verilmiş icra qeydi də ləğv olunmalıdır.

41. Əlavə olaraq qeyd olunmalıdır ki mübahisələndirilən icra qeydi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndində qeyd olan şərtlərə uyğun keçirilməmişdir. Belə ki, iş materiallarında olan notariat işindən görünür ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

43. Qeyd olunmalıdır ki, hazırkı kredit müqaviləsinin etibarsız hesab edilməsi Cavabdeh2 cinayət nəticəsində 13000 manat məbləğində vurulmuş zərərin əvəzinin İddiaçı tələb etmək hüququnu istisna etmir.

44. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

45. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4906/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin və həmin kredit müqaviləsi əsasında verilmiş xx.xx.2017-ci il tarixli, 7E-4543 nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar