Məhkəmə qərarları › İş №2(006)-438/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-438/2025

31.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-438/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna ("xxxx" MMC və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna ("xxxx" MMC və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən çıxarılmış 81-20438 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı şəhər 43 saylı notariat ofisinin 8İ-12648 nömrəli xx.xx.2022-ci il tarixli və Bakı şəhər 14 saylı notariat ofisinin 8İ-20438 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə ipoteka predmeli olan Bakı şəhəri, Nəsimi rayonu, O.Hüseynov küç. ev 5/7, mənzil 601 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilib, ondan 24144.36 manat əsas borc, 4722.30 manat faiz borcu, 4750.00 manat dəbbə pulu olmaqla cəmi 33616.66 manat və 14746.68 manat əsas, 2647.38 manat faiz, 2580 manat dəbbə pulu olmaqla cəmi 19974.06 manat məbləğində borc pul və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına tutulması müəyyən edilmişdir. İddiaçı ‘‘Kəpəz BOKT” MMC-nin Nəsimi rayon filialına borcunun bir hissəsini ödəmişdir. Lakin onun banka ödənişlərini nəzərə almadan icra qeydini vermişdir. Ödədiyi pullar da düzgün hesablanmayaraq borcunun əsassız şişirdilməsinə səbəb olmuşdur. Eyni zamanda hərraca yönəldilən zaman əmlakın dəyəri olduqca aşağı qiymətləndirilmişdir. Halbuki həmin mənzili o, təmirsiz şəkildə 240 000 AZN məbləğə almışdır. 100000 AZN-ə yaxın təmirinə pul xərcləmişdir. Mənzilin dəyəri 350 000 AZN dəyərindədir. Hazırda isə onun mənzili 220000 AZN-ə satışa çıxarılmaqdadır. Bunlara görə də icra qeydi ilə razı deyildir. Həmin icra qeydini Bakı şəhər Nəsimi rayon İcra şöbəsindən xx.xx.2023-cü il tarixdə almışdır. Hazırki iddia üzrə müraciəti əsasında Nəsimi və Yasamal rayon məhkəmələri iki qərardad qəbul edərək aidiyyətin Nəsimi rayon məhkəməsi olduğu qənaətinə gəlmişlər. Bundan sonra Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, bir müddət sonra isə Məhkəmə tərəfindən 2(006)-464/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardad qəbul edilərək mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə 14 saylı və 43 saylı notariat ofislərinin vermiş olduqları icra qeydlərinin ləğvi tələblərini bir-biri ilə əlaqəli olmayan tələb kimi qiymətləndirmişdir. Tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilsə də, qərardad qüvvəsində saxlanılmışdır. Odur ki, hazırda həmin icra qeydlərinin ayrı-ayrı mübahisələndirilməsi üçün müraciət etmək məcburiyyətindədir. Yenidən məhkəməyə müraciət etsə də bu dəfə məhkəmə işi baxılmamış saxlamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxs X3 rəsmi qeydə alındığı ünvana bildiriş göndərilmiş, lakin bildiriş poçt xidməti tərəfindən “ünvan tapılmayıb” qeydi ilə ona çatdırılmadan geri qaytarılmışdır Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: X7 Bakı şəhəri 51 saylı Notariat Ofisinin 8İ-477 saylı xx.xx.2022-ci il tarixdə təsdiqlənmiş ərizənin surətindən görünür ki, xx.xx.2014-cİ il tarixli, 639 saylı müqaviləyə əsasən "xxxx" MTK-nın İnşa etdiyi ünvan 2 ünvanda yerləşən 18 mərtəbəli yaşayış kompleksinin, 2-ci blokun, 3-d mərtəbəsindəki 601 saylı, 134.8 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin müqaviləni ləğv edilməsinin və bu mənzilin X3 adına sənədləşməsinə dair qanuna müvafiq göstəriş verilməsini xahiş etmişdir. Bu müqavilənin ləğv edilməsi ilə və qeyd edilən mənzillə bağlı gələcəkdə X4 və MTK-ya qarşı heç bir şikayəti maddi və mənəvi iddia və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7, mənzil 601 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nizami rayonu, Əbdülvahab Salamzadə küçəsindəki, 202, M3, m1) mülkiyyətçisi X5r. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/2587 nömrəli müqaviləyə əsasən, İddiaçı illik 32% olmaq şərti ilə, 36 ay müddətinə 15000 manat kredit verilmişdir. İddiaçı krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 2022/1913 nömrəli və xx.xx.2022-ci il tarixli 2022/2587 nömrəli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq X6 mülkiyyətində olan ünvan 2 saylı evin 601 nömrəli mənzil “Kəpəz BOKT" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 2022/2587-İP nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən yülkü edilmişdir. İpoteka müqaviləsinə əsasən həmin əmlakın qiyməti 200.000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan X3 nümayəndəsi, borcalan İddiaçı və ipoteka saxlayan Kəpəz BOKT" MMC tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7, mənzil 601, (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nizami rayonu, Əbdülvahab Salamzadə küçəsi, 202, M3, m1) "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. Tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 19974.06 AZN (14746.68 AZN əsas borc, 2647.38 azn faiz borcu, 2580.00 AZN dəbbə pulu olmaqla) borc məbləği üzrə ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə xx.xx.2022-ci il tarixli 791 nömrəli bildiriş borc alan İddiaçı və ipoteka qoyan X4 göndərilmişdir. “Kəpəz BOKT" MMC xx.xx.2022-ci il tarixli, 838 nömrəli məktubla DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7 saylı evin 601 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alındığı bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 936 nömrəli ərizəsinə əsasən, MMC ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə notariat ofisinə müraciət etmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş 8İ-20438 saylı xx.xx.2022-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, “X13 Kredit Təşkilati" MMC-nin tələbi ilə ipoteka qoyan- ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan Yaşaması 1-cl kvart. 39 ünvaninda qeydiyyatda olan X2 ipoteka predmeti elan Bakı şəhəri, Nəsimi rayonu, Ənvor Hüseynov küçəsi, ev 5\7, mənzil 601 yeni qaydalarla ünvan 5 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi göstərilmişdir. (Öhdəliyi müəyyən edən 2022/2587 müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 14746.68 AZN əsas borc, 2647.38 azn faiz borcu, 2580.00 azn dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 19974.06 AZN təşkil edir.) xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Notariat haqqında” Qanun Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/2587 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya 36 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli 2022/2587-İP nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan X3 mülkiyyətində olan ünvan 2 saylı evin 601 nömrəli mənzil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan X3 nümayəndəsi, borcalan İddiaçı və ipoteka saxlayan Kəpəz BOKT" MMC tərəfindən imzalanmışdır. Müqavilə əsasında Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli icra qeydi verilmiş və həmin icra qeydi əsasında Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Hazırda İddiaçı Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-20438 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, borcunun bir hissəsini ödəməyinə baxmayaraq, MMC ödənişləri nəzərə almadan icra qeydini vermişdir, borc düzgün hesablanmayaraq əsassız şişirdilmişdir. Bundan başqa hərraca yönəldilən zaman əmlakın dəyəri olduqca aşağı qiymətləndirilmişdir. Məhməkə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı ilə "xxxx" MMC arasında borc münasibətləri olmuş, iddiaçı ödəniş cədvəlinə əsasən 2022-ci ilin may ayından başlayaraq 2025-ci ilin aprel ayınadək hər ay 653,32 manat ödəməyi öhdəsinə götürsə də, hesabdan çıxarışdan göründüyü kimi, o, yalnız bir dəfə - xx.xx.2022-ci ildə 654 manat ödəniş etmişdir. Digər aylar üzrə ödənişlərlə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş qəbzlərə münasibətdə məhkəmə qeyd edir ki, onlardan ikisi "xxxx" ASC tərəfindən xəzinəyə mədaxil-məxaric edilməsi ilə bağlıdır ki, onların "xxxx" MMC-yə olan ödənişlərə aidiyyəti müəyyən olunmur. xx.xx.2023-cü il tarixli 1401-********** nömrəli qəbzdəki ödəniş isə iddiaçının digər - xx.xx.2022-ci il tarixli 1913/2022 nömrəli müqavilə üzrə apardığı ödənişi özündə əks etdirir. Bu baxımdan tələb olunan borc məbləği mübahisəsiz olmuş və MMC həmin borc üzrə icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etməkdə haqlı olmuşdur. Baxılan iş üzrə iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş poçt xidmətinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur ki, belə olan halda Qanunun tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə bildiriş təqdim olunmuş sayılmışdır. Bildirişin məzmununda da iddiaçıya bu barədə xəbərdarlıq edilmiş, İpoteka haqqında Qanunun 36.1-ci maddəsinin tələbi izah olunmuşdur. İşdən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlayaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş və həmin bildiriş qeydə alınmışdır. Məhkəmə iddiaçının ipoteka predmeti olan mənzilin hərraca çıxarılarkən dəyərinin aşağı qiymətə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüquqununun ipoteka qoyanın mülkiyyətində olan əşyaya – ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Odur ki, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əleyhinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Ona görə də əsas borclu ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi baxımından maraqlı şəxs sayıla bilməz. Məhkəmə tərəfindən ipoteka qoyan X6 müstəqil tələb irəıi sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Elektron məhkəmə informasiya sistemində ipoteka qoyanın məhkəmə işləri nəzərdən keçirilərkən bildirişdən məhkəməyə şikayət verilməsi ilə bağlı iddia qaldırması müəyyən olunmamışdır. X1 rəsmi qeydə alındığı ünvana göndərilmişdir. İpoteka müqaviləsini imzalamış kredit alan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə gəldikdə isə məhkəmə iclasında iştirak edən iddiaçı iddiasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ona çatdırılıbçatdırılmamasını mübahisələndirməmiş, yalnız məhkəmənin verdiyi suala cavab olaraq ona hər hansı bildirişin çatdırılmadığını bildirmiş, verdiyi izahatında hazırkı iddianı qaldırmaqda əsas məqsədinin ödənişləri həyata keçirmək üçün müəyyən zaman qazanması olduğunu aşkar şəkildə ifadə etmişdir. İddiaçı eyni zamanda “Azəri Express” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdə göstərilən ünvanda yaşadığını və qəbzdə qeyd edilən mobil və şəhər telefon nömrələrinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Əksinə, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra artıq təqdim olunmuş sayılır. Təsadüfi deyildir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin siyahısında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-20438 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna ("xxxx" MMC və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna ("xxxx" MMC və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar