Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4388/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ("xxxx" İKB) Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin və ipoteka müqaviləsinin ləğv olunması, qalan kredit məbləğinin kredit verilən günə olan məzənnə ilə hesablanması və manatla ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ("xxxx" İKB) Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin və ipoteka müqaviləsinin ləğv olunması, qalan kredit məbləğinin kredit verilən günə olan məzənnə ilə hesablanması və manatla ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 avqust 2015-ci il tarixdə 13000 (on üç min) ABŞ dolları nəğd kredit götürmüş, banka kredit üçün müraciət edərkən almaq istədiyi məbləği manatla almaq niyyətinin olduğunu bildirmişdir. Ona bankdan kredit verilərkən də kreditin manatla veriləcəyi bildirilmiş, o, krediti manatla almış, lakin müqaviləyə imza atandan sonra bilmiş ki, verilən kredit məbləğinin valyutası ABŞ dolları ilə ifadə olunmuşdur. Həmin kredit müqviləsinin təminatı kimi cavabdeh "xxxx" İKB ilə aralarında 14 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.1 kv.m yaşayış sahəsi, yardımnçı sahəsi 19.9 kv.m olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit götürdükdən cəmi bir neçə müddət sonra Respublika ərazisində devalivasiya baş vermis və dolların məzənnəsi 1.05 manat olmuş, buna baxmayaraq kredit borcunu vaxtı-vatında ödəmişdir. Lakin ikinci devalivasiyanın baş verməsi və dolların manata nəzərən məzənnəsinin sürətlə qalxması nəticəsində o, banka olan ödənişlərini etməyə çətinlik çəkmişdir. Vəziyyəti gündən-günə pisləşməyə başlamış, maddi çətinliklər və və mənəvi sarsıntılar yaşamışdır. Borcları gündən-günə artmış və nəticədə ödəmə qabiliyyəti tamamilə aşağı düşmüşdür. Hal-hazırda bütün ailə onun himayəsindədir. Göstərilənlərə əsasən, Cavabdeh ("xxxx" İKB) Açıq Səhmdar Cəmiyyəti ilə aralarında 04 avqust 2015-ci il tarixində bağlanılmış kredit müqaviləsinin və həmin tarixdə bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi, qalan kredit məbləğinin ABŞ dollarının kredit verilən günə (0.7844 AZN) olan məzənnə ilə hesablanması və manatla ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı məhkəməyə teleqram vuraraq xəstəliyi ilə bağlı mülki işin təxirə salınmasını xahiş etmiş, lakin xəstəliyi ilə əlaqədar heç bir sənəd əlavə etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi işə iddiaçının iştirakı olmadan baxılması barədə xahişini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, eyni məsələ ilə əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-128/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsindən müəyyən olunmuşdur ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11305/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 10918,53 ABŞ dolları əsas, 818,99 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla , cəmi 14757,52 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətinə manatla tutulmuş, tutma İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv.m ümumi, 27,1 kv.m yaşayış, 19,9 kv.m yardımçı sahədən ibarət 28/19 saylı evin, 21 saylı mənzilinə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 39000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evinin açıq hərracdan İxtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və mənzilin satışdan əldə olunan vəsaitdən cəmi 14757,52 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətinə manatla iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, qalan vəsaitin isə cavabdeh İddiaçı qaytarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi 20 manat məbləğində pul cavabdeh İddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət efdilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3733/2017 saylı, 13.11.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11305/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1918/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3733/2017 saylı, 13.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-128/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" İKB ASC və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı evin yenidən qiymətləndirilməsi, hərracın keçirilməsinin dayandırılması” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1219/2020 saylı, 21.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-128/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1272/2021 saylı, 02.03.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1219/2020 saylı, 21.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə İddiaçı ilə Cavabdeh (Nikoy) ASC arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsi və onun əsasında bağlanmış ipoteka müqaviləsi üzrə məhkəməyə müraciət olunduğundan və bununla bağlı pulun tutularaq ipoteka predmetinə yönəldilməsi barədə qətnamə mövcud olduğundan zatən hər iki müqaviləyə xitam verilmişdir. Odur ki, ləğv edilmiş müqavilələrin yenidən ləğv edilməsinə zərurət qalmamışdır. Məhkəmə həmçinin iddianın digər hissələri olan qalan kredit məbləğinin kredit verilən günə olan məzənnə ilə hesablanması və manatla ödənilməsi hissəsində qeyd edir ki, iddia tələbləri ilkin hissələrdə təmin olunmadığından, ilkin tələblərlə bağlı tələb olduğundan və prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia bu hissələrdə də təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ("xxxx" İKB) Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin və ipoteka müqaviləsinin ləğv olunması, qalan kredit məbləğinin kredit verilən günə olan məzənnə ilə hesablanması və manatla ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ("xxxx" İKB) Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin və ipoteka müqaviləsinin ləğv olunması, qalan kredit məbləğinin kredit verilən günə olan məzənnə ilə hesablanması və manatla ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4388/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4388/2021
14.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver