Məhkəmə qərarları › İş №2(006)-4389/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4389/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4389/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “kompensasiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli, 70271200-17 saylı Bank əmanəti müqaviləsinə əsasən "xxxx" ASC-də olan əmanətinin dəyəri həcmində -17081,73 manat məbləğində ona kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli, 70271200-17 saylı Bank əmanəti müqaviləsinə əsasən o "xxxx" ASC-yə 16 000 manat məbləğində pul vəsaiti qoymuş, sonradan həmin əmanətin müddəti uzadılmış, onun bankda olan əmanətinin ümumi məbləği 17.081,73 manat olmuşdur. Maliyyə Bazarlarına Nəzarət X1 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, "xxxx" ASCnin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilmiş, bundan sonra o, həmin bankda olan əmanətinin qaytarılması üçün cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Cavabdeh onun müraciətindən imtina etmiş, əsas kimi isə onun bankda olan əmanətinin illik faiz dərəcəsinin 15,5% olmasını göstərmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra Fond) tərəfindən qorunan əmanətçiliyə kompensasiya olunan əmanətidir. O, cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, ona məxsus əmanətə görə ona kompensasiya ödənilməsini tələb etsə də, cavabdeh həmin kompensasiyanın ona verilməsindən imtina etmişdir. Halbuki, onun banka qoyduğu əmanət, cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş faizdən, yəni 15%-dən artıq olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" ASC ilə aralarında bağlanmış 19.01.2017-ci il tarixli, 70271200-17 saylı Bank əmanəti müqaviləsinə əsasən "xxxx" ASC-də olan əmanətinin dəyəri 12334 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Əmanətlərin sığortalanması Fondunun üzrəinə qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddia əsassızdır. Hazırki iş üzrə iddiaçıya 12 102 AZN kompensasiya ödənilib. Eyni zamanda 17068 AZN tələbi qeydə alınıb. (16.000 AZN 15.5% açılmışdır + 1067 AZN faiz). Ödəniş qrafikinə əsasən iddiaçıya 4 751.75 AZN tranş üzrə ödəniş icra olunub. Hal-hazırda tələbi 12 334 AZN təşkil edir. Əlavə olaraq bildirir ki, bu əmanətin qalıq hissəsinə aid tələb isə tərəfinizdən “Banklar haqqında” Azərbaycan Respublikasının 76, 77 və 82-ci maddələrinə uyğun olaraq müvafiq qaydada qeydə alınaraq, kreditorların reyestrinə daxil edilmiş və növbəlilik çərçivəsində ödəniləcəkdir. Həmçinin kreditorların reyestri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Cahangir Yusifov tərəfindən təsdiq edilmişdir. Təsdiq edilmiş kreditor tələblərinin qeydiyyatına dair qərardaddan şikayət nəzərdə tutulduğu halda tərəf qərarı mübahisələndirməmişdir. Təsdiq edilmiş kreditor tələblərinin növbədənkənar ödənilməsi tələbinə dair iddia isə AR İPM-nə əsasən birinci instansiya məhkəməsi qismində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tanınır. Fond əmanətçilər üçün kompensasiya olunacaq məbləğlə bağlı ərizələri kompensasiya haqqında bildirişin dərc edildiyi gündən 1 il ərzində qəbul edir. Lakin vətəndaşın bu tələblə bağlı ərizəsi Fonda ünvanlanmamışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda hazırkı iş üzrə iddiaçı (məhkəmədənkənar mübahisələrin tənzimlənməsi) qaydasına əməl olunması üçün Fonda müraciət etməmişdir. ƏSF haqqında Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş mübahisə barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin olunmalıdır. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 19.01.2017-ci il tarixli, N 70271200-17 saylı “Bank əmanəti müqaviləsi”ndən (“Göy əmanət”) görünür ki, Bank əmanətçidən daxil olmuş 16000 AZN məbləğində əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilə 6 ay müddətinə, illik 15% ilə bağlanmışdır. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 19.01.2017-ci il tarixli, 70271200-17 saylı bank əmanəti müqaviləsinə dair əlavə sazişdən görünür ki, əmanətçinin 6 aylıq müddətinə illik 15 faizlə Banka yerləşdiyi əmanət 16000 manat məbləğindədir. 05.02.2018-ci il tarixli, 0287 saylı qəbzin surətindən görünür ki, İddiaçı Ləğv prosesində olan LPO "xxxx" ASC-yə münasibətdə 17.081,73 manat məbləğində kreditor tələbi qeydə alınmışdır. 0287 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə 05.02.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 17081,73 AZN məbləğində tələbi qeydə alınmışdır. "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən 02.04.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı kompensasiya olunmuş məbləğ 12102 manat, kompensasiya olunmayan məbləğ 17067,95 manat kimi müəyyən edilmişdir. Əmanətlərin Sığortalanmasl Fondunun İddiaçı ünvanlandığı 20.04.2018-ci il tarixli məktubundan görünür ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə uyğun olaraq cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sığortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Həmin bankın müvəqqəti inzibatçısı tərəfindən Fonda təqdim edilmiş bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən əmanətçinin sözügedən əmanəti üzrə illik faiz dərəcəsi 15,5% (milli valyutada qorunan əmanətlər ürə illik faiz dərəcəsinin məksimum həddindən yuxarı) qeyd edilmişdir. Həmin əmanət “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən növbə daxilində ödənilir. Əmanətlərin Sığortalanmasl Fondunun İddiaçı ünvanlandığı 04.03.2019-cu il tarixli cavab məktubdan görünür ki, 15 sentyabr 2016-cı il tarixindən etibarən manatla qoyulan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15% müəyyən eidldiyindən İddiaçı əmanəti qorunmayan əmanət statusuna keçirilmiş və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76.1-ci maddəsinə əsasən 05.02.2018-ci il tarixində 0287 sıra sayı ilə kreditor tələbi kimi qeydiyyata alınmışdır. 24.08.2020-ci il tarixli İddiaçı tərəfindən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanlanmış Ərizənin surətindən görünür ki, o, 17,080 AZN manat məbləğində vəsaitin bütöv şəkildə ona qaytarılması üçün göstəriş verilməsini xahiş etmişdir. 07.09.2020-ci il tarixli, 08.07.2016-cı il tarixdə verilmiş BPM**********94 saylı məxaric orderindən görünür ki, 4727,99 manat məbləğində pul İddiaçı hesabına ödənilmişdir. Ödəniş qəbzindən (№ 13737) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" ASC ilə İddiaçı arasında 19.01.2017-ci il tarixli “Bank əmanəti” (“Göy Əmanət”) müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank əmanətçidən 16.000 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 19.01.2017-ci il tarixindən 19.07.2017-ci il tarixinədək, 6 ay müddətinə 15 % dərəcəsi ilə yerləşdirilmiş, müddətin bitdyi gün əmanət məbləği iddiaçı tərəfindən geri götürülməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət X1 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə "xxxx" ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017ci il tarixindən ləğv edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "xxxx" ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilmişdir. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasənda Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatası "xxxx" ASC-yə qarşı qorunan əmanətlərin həcminin artırılması, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanmasının dayandırılması barədə təshih tədbirləri tətbiq etmiş və bu barədə 2017-ci il 27 sentyabr tarixli məktubla banka, həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 21.4.4-cü maddəsinə əsasən 2017-ci il 19 oktyabr tarixli məktubla Fonda məlumat vermişdir. Hazırda iddiaçı “Əmanətlərin sığortalanması haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək məhkəmədən tərəf olduğu əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş məbləğin sığortalanmış əmanət hesab edilməsi və əmanət üzrə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının pozulmuş hüquqlarının müdafiə edilməsi üçün ləğv prosesində olan bankın iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməli olduğunu, həmçinin onun tərəfindən kompensasiya məbləğini almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddətinin ötürüldüyünü nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 4.1.4-cü maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir; 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1ci maddəsində göstərilən məbləğdən artıq olmasın; 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. “Əmanətlərin tam sığortalanması haqqında” 19.01.2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16 sentyabr 2016cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi 16 sentyabr 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, 16 sentyabr 2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 növbədənkənar iclasında qəbul olunmuş 16 sentyabr 2016-cı il tarixli qərarda həmin tarixə kimi və bu tarixdən sonra üzv banklar tərəfindən bankın əməliyyat sisteminə qorunan əmanət kimi illik 15 faiz dərəcəsi həddində daxil edilmiş əmanətlərin tam qorunan əmanət hesab olunması, bununla da bu cür əmanət üzrə kompensasiyanın ödənilməsinin mümkünlüyü öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 19.01.2017-ci il tarixli, N 70271200-17 saylı “Bank əmanəti müqaviləsi”ndən (“Göy əmanət”) müəyyən edilir ki, bank fəaliyyət göstəridyi dövrdə əmanətçidən 16.000 manat məbləğində pul vəsaitini (əmanəti) illik 15 faiz dərəcəsi ilə qəbul etmiş, bu əmanət bankın əməliyyat sisteminə qorunan əmanət kimi daxil edilmiş və həmin əmanətə görə Fonda təqvim haqları hesablanaraq ödənilmişdir İddiaçının bildirdiyinə görə tərəflər arasında 19.01.2017-ci il tarixindən 19.07.2017-ci il tarixinədək, 6 ay müddətinə, illik 15 faizlə əmanətin qoyulmasına dair “Bank Əmanəti” (“Göy Əmanət”) müqaviləsinin müddəti daha sonra bank tərəfindən birtərəfli qaydada, əmanətçiyə məlumat verilmədən, müqavilə şərtlərinin dəyişdirilməsinə dair əlavə saziş bağlanmadan uzadılmış və əmanətə görə veriləcək illik faiz dərəcəsi artırılaraq 15,5 faizə çatdırılmışdır. İş materiallarından göründüyü kimi, müqavilənin şərtlərinin dəyişdirilməsi zamanı iddiaçının razılığının alınmasını təsdiq edən hər hansı sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəf müqavilə şərtlərinin iddiaçının razılığı olmadan dəyişdirilməsinin zəruriliyi və bununla bağlı müvafiq şərtlərin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə müqavilənin bu formada uzadılması yolverilməz hesab edilməlidir. Cavabdehin əmanət üzrə kompensasiya ödənilməsi üçün müddətin ötürülmüş olmasına dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əmanət üzrə kompensasiya alınmasına dair “Əmanətlərin sığortalanması Fondu haqqında” Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etməsi hazırda məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə bu kategoriyadan olan işlərə baxarkən ilk növbədə əmanətin sığortalı olub-olmamasına, əmanət müqaviləsində faiz dərəcəsinin X3 qərarında nəzərdə tutulmuş həddə olmasına və həmin əmanət məbləğinin növbəlik qaydasında yox birbaşa Əmantlərin Sığortalanması Fondundan alınması mümkünlüyünü nəzərə almalıdır. Bundan başqa qeyd edilməlidir ki, 0287 saylı qəbz ilə İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə kreditor tələbi ilə 05.02.2018-ci il tarixdə müraciət etdiyi, yəni tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətin ötürülmədiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin cavabeh tərəfin iddiaçının hazırki tələbinə kreditor tələbi olduğundan, Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə, yəni Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılmalı olmasına dair dəlili ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “Əmanətlərin sıortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Əmanətlərin Sığortalanması Fondunun funksiya və vəzifələrinin əsas istiqaməti sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının hazırki tələbi ləğv prosesində olan bankla iddiaçı arasında 19.01.2017-ci il tarixdə bağlanmış bank əmanəti müqaviləsinə əsasən yerləşdirilmiş əmanət üzrə kompensasiyanın ödənilməsidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı əmanət üzrə kompensasiya ödənilməsi tələbinə dair iddia ilə Əmanətlərin Sığortalanması Fondunu cavabdeh qismində cəlb etməklə düzgün olaraq ümumi məhkəməyə müraciət etmişdir. Beləliklə, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, məhkəmə "xxxx" ASC-nin 27.12.2017-cı il tarixdən müflis elan edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 19.01.2017ci il tarixli, N 70271200-17 saylı (“Göy əmanət”) “Bank əmanəti müqaviləsi”nə əsasən milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsinin 15 % həddində müəyyən olunduğu, yuxarıda göstərilən qərara əsasən qeyd edilən əmanət məbləği tam sığortalandığını nəzərə alaraq hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulan qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əmanət üzrə kompensasiya olaraq 12.334 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 12.364 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmanət üzrə kompensasiya olaraq 12.334 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 12.364 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar