Məhkəmə qərarları › İş №2(006)-4402/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4402/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4402/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranı və müddətsiz 2ci qrup Qarabağ əlilidir. Onun əlilliyinə səbəb olan xəsarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq hərbi xidmətdə olarkən alması və 1992-ci ilin dekabr ayında bu səbəbdən hərbi xidmətdən azad olunması tibbi sənədlər və Şəmkir rayon Məhkəməsinin 2(076)-2922/2015 saylı, 04 dekabr 2015-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdr. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların sığortacısı dövlət sığorta orqanıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə, sısğorta məbləğinin faizlə verilməsi qaydaları şərh edilmişdir. İddiaçı həmin Qanuna əsasən yanvar və aprel 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək, bədən xəsarətini hərbi qulluqçu kimi hərbi xidmət zamanı aldığını nəzərə alaraq, ona bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş faiz nisbəti ilə sığorta ödənişinin verilməsinə göstəriş vermələrini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 20 may 2021-ci il tarixli, 07-07-388 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, İ Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə işçi Qrup yaradılmışdır. İşçi Qrupu əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq Qərar verildikdən sonra iddiaçının tələbi təmin olunacaqdır. İddiaçı hesab edir ki, həmin məktub əslində imtina hesab edilməlidir. Çünki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun çıxarıldığı 20 may 1997-ci il tarixdən bu günədək “İşçi Qrupu əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparır” cavabı absurd və inandırıcı deyildir. Eləcə də həmin Qanun əsasında onlarla İ Qarabağ müharibəsi iştirakçıları sığorta ödənişlərini almışlar. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 1060 №-li, 03.12.1992-ci il tarixli Xəstəlik haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı 14.06.1992-ci il tarixdə Ağdam rayonunda, döyüş əməliyyatları zamanı nazik və düz bağırsaqları yaralamaqla qarın boşluğunu dəlib keçən odlu güllə yaralanması almışdır. Həmin gün əməliyyat, yaraların tikilməsi keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına evakuasiya edilmişdir. Əməliyyat sonrası dövr müsbət keçmişdir. Sağaldıqdan sonra İddiaçı məzuniyyətə göndərilmişdir. 05.02.1992-ci il tarixdə yenidən Mərkəzi Hərbi Hospitala operativ müalicə üçün daxil olmuşdur. 02.02.1992-ci il tarixdə qeyri-təbii anusun intraperitoneal bağlanması əməliyyatı keçirilmişdir. Əməliyyat sonrası dövr müsbət keçmişdir. Yaralanmadan sonra hər iki qulağın eşitmə qabiliyyətində azalma, qulaqlarda mütəmadi səs-küy müşahidə olunmuşdur. Keçirilmiş müalicəyə baxmayaraq, eşitmə itkisi inkişaf etmişdir. Diaqnoz – “İkitərəfli postkontuzion eşitmə itkisi, danışıq və qulaq qavranılması, pıçıldayan nitq qavrayışı olmadan. nazik və düz bağırsaqları yaralamaqla qarın boşluğunu dəlib keçən odlu güllə yaralanması nəticələri. (14.06.1992). Laparotomiya, nazik və düz bağırsaqların yaraların tikilməsi, qeyri-təbii anusun qoyulması. qeyri-təbii anusun intraperitoneal bağlanması əməliyyatı.” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinəyə dair TSE-0 ser. AR № 203495 seriya nömrəli arayışına əsasən, İddiaçı müddətsiz 2-ci qrup əlildir. Əlilliyin səbəbi isə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillikdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı həqiqətən 14.05.1981-ci il tarixdən 03.06.1983-cü il tarixədək keçmiş SSRİ SQ-də və may 1992-ci il tarixdən 04.12.1992-ci il tarixə kimi Azərbaycan Respublikası SQ-də hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2922/2015 saylı, qətnaməsinə əsasən, ərizəçi İddiaçı 1992-ci ilin may ayından 1992-ci ilin dekabr ayına kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətdə olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 20 may 2021-ci il tarixli, 07-07-388 saylı məktuba əsasən İ Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə işçi Qrup yaradılmışdır. İşçi Qrupu əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq Qərar verildikdən sonra İddiaçı tələbi təmin olunacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 6600 (altı min altı yüz) manat şəxsi icbari sığorta pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6630 (altı min altı yüz otuz) manat pulun verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat şəxsi icbari sığorta pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6630 (altı min altı yüz otuz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar