Məhkəmə qərarları › İş №2(006)-4414/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4414/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4414/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi - X2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi - X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2.420 manat dəymiş zərər, 1.300 manat əldə çıxmış fayda, ekspert rəyinin alınması üçün ödənilmiş 300 manat, 800 manat vəkil xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.850 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12 dekabr 2019-cu il tarixində yaşadığı ünvan 1 ünvanın həyətində mülkiyyətində olan «Hyundai Santafe» markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə X3 idarə etdiyi «VAZ 21214» markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə Nəsimi rayon DYP dəvət edilmiş, yol-nəqliyyat hadisəsinin «VAZ 21214» markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 tərəfindən törədildiyi aşkar edilmişdir. Həmin vaxt hadisə yerinə «VAZ 21214» markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta edildiyi Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin əməkdaşları da dəvət edilmiş, onlar avtomobillərə baxış keçirmişlər. Sonradan onlar Nəsimi DYP-yə dəvət edilmişlər, izahatları alınmış və müvafiq sənədlər sığorta ödənişini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilmişdir. Sığorta şirkətində olduqları zaman onlara istədikləri banklarda hesab açmağı tövsiyə etmişlər və bildirmişlər ki, hesablanmış zərər onun bank hesabına köçürüləcək. Təxminən 3-4 aydan sonra sığorta ödənişi edilmədiyindən yenidən cavabdehə müraciət etmişlər. Onlara bildirilmişdir ki, onların hesabına 180 manat pul köçürülmüşdür. Onlar bu ödənişlə razılaşmadıqlarından bildirilmişdir ki, yenidən ərizə yazsınlar və yenidən qiymətləndirilmə aparılsın. Yeni qiymətləndirilmə aparılaraq 360 manat ödəniş hesablanmışdır. O da bunula razılaşmamışdır. Çünki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı ona 2.420 manat zərər dəymişdir. Bu "xxxx" tərəfindən verilmiş ekspert rəyində də öz əksini tapmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh pulu geri qaytarmaqdan yayınır. Cavabdeh tərəfindən ona dəymiş zərərin ödənilməməsinə görə 1.300 manata yaxın maddi zərər dəymişdir və bu məhkəmə tərfindən əldə çıxmış fayda kimi qiymətləndirilməlidir. Həmçinin, hüquqi xidmət göstərilməsi üçün onun tərəfindən 800 manat xidmət haqqı olmaqla vəkillə aralarında müqavilə bağlanmışdır. Bu səbəbən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Dengizxan qızı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona məxsus nəqliyyat vasitəsinə dəymiş zərərə görə 4.850 manat vəsaitin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmirlər və hesab edirlər ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş üzrə Nəsimi rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(006)- 4414/2021 saylı qərardadı ilə İddiaçı Dengizxan qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.10.2021-ci il tarixli ekspert rəyinə əsasən 2013-cü il buraxılışlı, «X12 minik» markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2.069 manat manat müəyyən edilmişdir. Qeyd etmək istəyirlər ki, mübahisənin həllində ekspert rəyi əsas götürülərsə, nəzərə alınmalıdır ki, rəydə sol ön fara üçün müəyyən edilmiş qiymət 1.500 manatdır və rəyə əsasən həmin məbləğin ödənilməli olduğu halda Qanuna müvafiq olaraq nəqliyyat vasitəsinin farasının iddiaçıda qalması əsassız varlanma hesab olunacağından həmin ehtiyat hissəsi Şirkətə təhvil verilməlidir. Bundan başqa, iddiaçı öz ərizəsində əldən çıxmış faydaya görə 1.300 manat vəsaitin ödənilməsini tələb etmişdir. Bildirirlər ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 21.1 və 21.1.3cü maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda da sığorta ödənişi verilmir. Bu səbəbdən Qanunun istinad olunan maddəsinə uyğun olaraq iddiaçının tələb etdiyi gəlir itkisi sığorta təminatına daxil edilmədiyindən bu əsasla hansısa ödəniş verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına əsasən iddiaçının mülkiyyətində olan avtomobilə YNH nəticəsində zərər vurulmuşdur, sığorta hadisəsi baş vermiş, zərər vuran şəxs bəlli olmaqla, barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən, məhkəmə yuxarıda qeyd olunan hallara dair sənədlərin (inzibati xəta haqqında protokol, qərar, sığorta aktı və s.) sadalanmasını zəruri hesab etmir. Sığorta hadisəsi baş verməsini cavabdeh tərəf mübahisələndirmir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının avtomobilinə vurulmuş ziyanın məbləği ilə bağlıdır. İş materiallarına əlavə olunmuş, cavabdeh tərəfin təqdim etdiyi, X6 30 mart 2020-ci il tarixli qüsur aktında göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomobilə sığorta hadisəsi baş verən zaman 360 manat ziyan vurulmuşdur. Həmin məbləğdən ehtiyat hissələrinin (materialların) alınmasına 230 manat, dəmirçi, rəngsaz, armaturçu, plastmas işlərinin görülməsinə 130 manat pul vəsaiti tələb olunur. İş materiallarına əlavə olunmuş, iddiaçı tərəfin təqdim etdiyi, "xxxx" MMC-nin 23 dekabr 2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının avtomobilinə vurulan zərərin məbləği həmin tarixə 2.420 manat təşkil edir. Xidmət haqqı 300 manat təşkil edir. İddiaçı və cavabdehin təqdim etdikləri ziyan məbləğlərinə dair sənədlərdəki rəqəmlərdə kəskin fərq olduğundan, məhkəmənin qərardadına əsasən müvafiq ekspertiza təyin edilmiş və ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli 9/5227 saylı ekspert rəyindən görünür ki, qeyd edilir ki, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyi, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki, baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır (məhkəmə-avtotexniki ekspertizası üzrə). Nəzəri hesablama yolu ilə, «Axundov» servis mərkəzinin 30.03.2020-ci il tarixli və "xxxx" MMC-nin 23.12.2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Hyundai Santafe» markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2.069 manat müəyyən edilir (məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə). Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 04.02.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, vurulmuş 2.069 manat maddi ziyandan yalnız 180 manat hissəsi iddiaçının hesabına köçürülmüşdür. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İşin faktiki hallarından görünür ki, iddiaçıya vurulmuş real maddi ziyan 2.069 manat təşkil edir. Həmin məbləğdən 180 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilsə də, 1.889 manat məbləğində qalıq iddiaçıya ödənilməmişdir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini – 2.069 manatı tam şəkildə iddiaçıya ödəməlidir. Bundan başqa məhkəmə iddia tələbinin "xxxx" MMC-nin 23 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə görə ödənilmiş 300 manat pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbi qismən təmin edildiyindən və mütəxəssis rəyinin real bazar qiymətlərinə uyğun tam obyektiv tərtib olunmadığından, bu hissədə yalnız ödənilmiş məbləğin yarısı yəni 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin vəkilə hüquqi xidmət haqqı kimi 800 manat və əldən çıxmış fayda qismində 1.300 manat real ziyan vurulmasına dair hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Bu səbəbdən iddia tələbi bu hissədə rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin qalıq hissəsi olan 1.889 manat pul vəsaiti, mütəxəssis rəyinin alınması üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 2.039 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissəsi rədd edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sığorta ödənişinin qalıq hissəsi olan 1.889 (bir min səkkiz yüz səksən doqquz) manat, mütəxəssis rəyinin alınması üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 2.039 (iki min otuz doqquz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar