Məhkəmə qərarları › İş №2(006)-4419/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4419/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4419/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 1 uşağa görə - qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və uşağın 3 yaşı tamam olana kimi 200 manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçmədən el adəti ilə xx.xx.2021-ci il tarixdə ailə həyatı qurmuşdur. Tərəflər cəmi üç ay bir evdə yaşamış və sonra ayrılmışlar, ayrılan zaman iddiaçı hamilə olmuşdur. Birgə yaşayışlarından xx.xx.2022-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Uşağın saxlanılmasında cavabdeh iddiaçıya heç bir köməklik göstərmir. Hazırda iddiaçı cavabdehlə bir yerdə yaşamır. Uşaq körpədir və onun saxlanılması isə çox xərc tələb edir. İddiaçı özü isə heç bir yerdə işləmir, anasının köməkliyi ilə özünü və uşağı saxlayır. Ona görə də qanun çərçivəsində aliment tələb edir. Cavabdeh "xxxx" ASC-də sürücü işləyir və iddiaçıya dediyinə görə, hər ay təxminən 800 manat məbləğində əmək haqqı alır. İddiaçı bir övladı olduğuna görə və cavabdehin rəsmi iş yeri olduğundan, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə - cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, həmçinin, uşağın 3 yaşı tamam olana kimi 200 manat məbləğində alimentin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qismən qəbul etdiyini bildirmişdir. Belə ki, ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh hazırda "xxxx" ASC-də sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 750 manatdır, əlavə heç bir gəliri yoxdur. Hal-hazırda rəsmi olaraq ailəlidir və həyat yoldaşı 2 aylıq hamilədir. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılsalar da, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün aliment ödəməyə etirazı yoxdur. Belə ki, cavabdeh övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat və uşağın 3 yaşı tamam olana qədər 50 manat olmaqla, cəmi 250 manat pul ödəmək imkanına malikdir, həmin məbləğdən artıq alimenti ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərə əsasən, iddianın qismən təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, iddianın qismən qəbul edilməsi barədə ərizəni iş materialları ilə birgə araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 439759 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 344 № ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 765016 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində “sürücü (avtomobil)” vəzifəsində işləyir, aylıq əmək haqqı 930 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Gəlir məlumatları” bölməsindən görünür ki, İddiaçı ilə bağlanmış hər hansı əmək müqaviləsi və gəliri yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmadan xx.xx.2021-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə yaşayışdan xx.xx.2022-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. İddiaçı hazırda işləmir, uşağa baxmaq üçün heç bir gəlir yeri yoxdur. Cavabdeh isə hazırda "xxxx" ASC-də sürücü vəzifəsində işləməklə sabit və müntəzəm olaraq, dəyişkən olmayan qazanca (gəlirə) malikdir. İddiaçı uşağın saxlanılması üçün cavabdehdən qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və uşağın 3 yaşı tamam olana kimi 200 manat məbləğində alimentin ödənilməsini tələb etsə də, Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat və uşağın 3 yaşı tamam olana qədər 50 manat məbləğində alimentin ödənilməsinə razıdır, qalan hissədə iddia tələbini qəbul etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyinə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə — valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də, öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunun mənasından göründüyü kimi, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə tərəflərin birgə yaşayışdan olan uşağının ananın - iddiaçının himayəsində qaldığını, cavabdehin müntəzəm qazanca malik olduğunu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu və heç bir tərəfin marağını pozmadığını və eyni zamanda, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün aliment sabit pul məbləğində deyil, yalnız qazancın müəyyən hissəsi kimi tutulmalıdır. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi “Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 1 uşağa görə - qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı veriməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində alimentin tutularaq ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə uşaq üç yaşına çatanadək 200 manat məbləğində alimentin iddiaçının xeyrinə ödənilməsi ilə əlaqədar hesab edir ki, iddiaçı ilə cavabdehin uşağı olan xx.xx.2022-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatmadığından, iddiaçının isə uşağa qulluq etdiyinə görə işləmək imkanı olmadığından İddiaçı Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdehin gəlirləri yüksək olmadığından və onun əlavə gəlirlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddiaçıya hər ay sabit pul məbləği şəklində 100 manat məbləğində aliment ödənilməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh rəsmi olaraq ailəli və həyat yoldaşının 2 aylıq hamilə olmasını bildirsə də, o, bununla əlaqədar məhkəməyə hər hansı sübut (şəhadətnamə, arayış və s.) təqdim etməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və uşaq üç yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X9 üç yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar