Məhkəmə qərarları › İş №2(006)-4433/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4433/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4433/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iştirakı ilə İddiaçılar İddiaçı, X3, X5, X1 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X10, X11, X6 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdeh arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (faktiki yaşayış sahələri) icbari sığortası barədə “Daşınmaz Əmlakın İcbari Sığortası” müqaviləsi bağlanmış və iddiaçılara bu barədə RPA********** nömrəli, BB 092461 Seriyalı, RPA ********** nömrəli, BB 092459 seriyalı və RPA********** nömrəli, BB 092460 seriyalı “Daşınmaz Əmlakın İcbari Sığortası” şəhadətnamələri verilmişdir. RPA ********** nömrəli, BB 092461 Seriyalı “Daşınmaz Əmlakm İcbari Sığortası Şəhadətnaməsinə əsasən, sığorta məbləği 121.719.00 manat, digər “Şəhadətnamələrə” əsasən, sığorta məbləği 154.560.00 manatdır. 5 sentyabr 2020-ci ildə, Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi şəxslərinin və polis əməkdaşlarının müdaxiləsi ilə həmin əmlakların itkisi baş vermiş və əmlak sahibləri öz qanuni əmlaklarından məhrum olunmuşlar. Bu barədə cavabdehə 21 sentyabr 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin gün öz adından və sığorta müqaviləsinin predmeti olan digər əmlakların mülkiyyətçıləri Günel Məmmədova və Mehbarə Məmmədovanın adından cavabdehə izahatlar vemiş, cavabdeh tərəfindən isə “Daşınar/daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin AKT” tərtib edilmişdir. Cavabdeh 23 oktyabr 2020-ci il tarixli məktubla sığorta məbləğinin ödənilməsindən imtina etmişdir. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Mahmudovanın 2 dekabr 2020-ci il tarixli məktubundan məlum oldu ki, mülkiyyət hüququ əsasında onlara məxsus olan daşınmaz əmlaklar qəzalı vəziyyətdə olduqları üçün onlar həmin əmlaklardan zorla çıxarılıblar. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Mahmudovanın 2 dekabr 2020-ci il tarixli məktubuna əsaslanaraq, iddiaçılar cavabdehə sığorta məbləğinin ödənilməsi barədə müraciət etmişlər. Çünki Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavininin 2 dekabr 2020-ci il tarixli məktubundan aydın olur ki, iddiaçılara məxsus daşınmaz əmlaklar qəzalı vəziyyətə düşdükləri üçün onlardan alınmışdır. Məhkəmədən X7 121.719.00 manat, X2 154.560.00 manat və X4 154.560.00 manat cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçılar məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13 iddia tələbinə etiraz təqdim edərək, sözügedən tikilinin yalnız 1-ci və 2-ci mərtəbəsində yerləşən mənzillərdə dağıntıların mövcud olduğunu, sığorta şirkəti tərəfindən həmin binanın yalnız 3,4,5-ci mərtəbələrində olan sahələrin sığortalandığını, baş vermiş hadisənin sığorta hadisəsi olmadığını, iddianın əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan RPA ********** nömrəli, BB 092459, RPA********** nömrəli, BB 092460 seriyalı, RPA ********** nömrəli, BB 092461 Seriyalı sığorta şəhadətnamələrinin surətindən görünür ki, iddiaçılar ünvan 2 ünvanında yerləşən 3, 4 və 5-ci mərtəbələrdəki sahələri sığortaçı "xxxx" ASC tərəfindən 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən sığorta etdirmişlər. İş materiallarında olan "xxxx" ASC-nin 3515/1 nömrəli, 23.10.2020-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 21.09.2020-ci il tarixli müraciətinə sığorta şirkəti tərəfindən baxılmış və sözügedən əmlakın sökülən hissəsinin sığortalanmaması səbəbindən şirkətin heç bir məsuliyyətinin yaranmadığını göstərərək sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin 37/34-05091 nömrəli, 17.07.2021-ci il tarixli məktubundan və onun qoşmasında olan aktdan məlum olur ki, ünvan 4də 2 girişli yaşayış binasına bitişik “B” blokunun gələcəkdə baş verəcək faciənin qarşısının alınması üçün istismarı dayandırılmış, blokun ətrafı çəpərlənərək sakinlərin tahlükəsizliyi təmin olunmuş və bina memarlıq, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmədiyindən sökülməsi məqsədəuyğun hesab edilmişdir. İrəli sürülən iddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; yerüstü nəqliyyat vasitəsinin dəyməsi; təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; üçüncü şəxslərin hərəkətləri. Mülki Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə işin hallarına əsasən müəyyən edir ki, ünvan 4də 2 girişli yaşayış binasına bitişik “B” blokunun gələcəkdə baş verəcək faciənin qarşısının alınması üçün istismarı dayandırılmış və sökülməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli tikilinin 1-ci və 2-ci mərtəbəsində yerləşən mənzillərdə dağıntılar mövcuddur, lakin qeyd olunan ünvanın sığortalanan 3,4 və 5-ci mərtəbələri isə hazırki zamanda söküntüyə məruz qalmamışdır. Bu səbəbdən iddiaçının faktiki sığorta hadisəsi baş verməmiş bir halda cavabdehdən sığorta ödənişini tələb etməsi mümkün hesab edilə bilməz. "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 dekabr 2019-cu il tarixli qərarına əsasən, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Məhkəmə iş üzrə bütün halları tam şəkildə araşdırıb belə hesab edir ki, ünvan 4 ünvanında yerləşən 2 girişli, 13 mərtəbəli yaşayış binasına bitişik “B” blokunun texniki vəziyyətinin istismara yol verməməsi səbəbindən orada söküntü işinin aparılması, irəli sürülmüş iddia üzrə sığortalanan Nərimanov rayonu, M.Nağıyev küçəsi 4/6 ünvanında yerləşən yaşayış sahəsinin sığorta hadisəsinə məruz qalması demək deyil və bu hal irəli sürülmüş tələbdə göstərildiyi kimi, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, X3, X5, X1 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar