Məhkəmə qərarları › İş №2(006)-4494/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4494/2021

23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4494/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X81 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X37, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X38 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdr ki, iddiaçının mərhum əri Nizami “Şəhidlər xiyabanı”nın yaxınlığında tikilən “Üç alov kompleksi” binalarında çalışırdı. 31 avqust 2012-ci il tarixdə günortadan sonra qayınatasıgildə olarkən yaxın qohumları ağlaşaraq Nizaminin 124 saylı marşrut avtobusu ilə işə gedərkən, avtobusun qatarla toqquşduğunu və hadisə nəticəsində ərinin öldüyünü bildirdilər. Həmin gün axşamüstü iddiaçının ərinin meyiti kənd qəbiristanlığında dəfn edildi. Nizaminin başı elə əzilmişdi ki, meyitinə baxmaq mümkün deyildi və başından aldığı ağır xəsarətə görə də ölmüşdü. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırıldı. X5 2012- ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa- Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq, “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, eləcə də "xxxx" MMC-də sürücü işləyən “Lökbatan qəsəbəsi - 28 May küçəsi” 124-cü marşurut xətti ilə hərəkət edən X63 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq, keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqırıb ona xəbər vermələrinə, habelə qatarın həyacan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə sərnişin avtobusu açıq şlaqbaumdan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən - X19, X6, X39, X20, X12, X55, X8, X13, X40, X21, X41, X9, X28, X48, X42, X77, X7, X56, X14, X57, X2, X15, X64, X10, X49, X58 az ağır, X59, X29, X22, X11, X93 ağır xəsarətlər almış, X16, X43, X30, X17, X18, X65 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)-248/2013 saylı hökmünə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X63 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə hər iki şəxsə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə Eyyub İsmayılovun vəkili və məhkum Fərid Ağayev özü tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehlərin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı qanuni qüvvəyə minmiş hökmünün 43-cü səhifəsində qeyd olunur ki, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2012-ci il tarixli, 118 saylı rəyindən görünür ki, N.M.Şahbazovun meyitinin məhkəmə tibbi ekspertizasında aşağıdakı xəsarətlər aşkar edildi: kəllənin sol yarısında beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumşaq qişasına qansızma, sol alın-təpə sümüklərinin sınığı, sol qaşüstü nahiyənin əzilmiş yarası, sol təpə-gicgah nahiyəsinin hematoması, alının sol yarısının, sol yanağının sıyrıqları. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 31.08.2012-ci il tarixdə baş vermiş nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və N.M.Şahbazovun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. N.M.Şahbazovun ölümünə səbəb sol alın-təpə sümüklərinin sınığı, baş beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayət olunan başın küt travması olmuşdur, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, N.M.Şahbazovun ölümü onun meyitinin meyitxanada müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. N.M.Şahbazovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmşinin tiryək qrupu), fenitiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Cavabdehlərin işçilərinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçının əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən hər birindən ayrı-ayrılıqda 500.000 min manat olmaqla, ümumilikdə 1.000.000 manat məbləğində pulun mənəvi zərərə görə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X66 iddianı müdafiə etmiş və iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X67 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər həmin ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 05/69-58 saylı nikahın bağlanması haqqında arayışın surətindən görünür ki, X30 və X31 10.05.2011-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə Şahbazov, arvada Şahbazova soyadı verilmişdir. İş materiallarından görünür ki, məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2012-ci il tarixli, 118 saylı rəyinə əsasən N.M.Şahbazovun meyitinin məhkəmə tibbi ekspertizasında aşağıdakı xəsarətlər aşkar edildi: kəllənin sol yarısında beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumşaq qişasına qansızma, sol alın-təpə sümüklərinin sınığı, sol qaşüstü nahiyənin əzilmiş yarası, sol təpə-gicgah nahiyəsinin hematoması, alının sol yarısının, sol yanağının sıyrıqları. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 31.08.2012-ci il tarixdə baş vermiş nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və N.M.Şahbazovun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. N.M.Şahbazovun ölümünə səbəb sol alın-təpə sümüklərinin sınığı, baş beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayət olunan başın küt travması olmuşdur, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, N.M.Şahbazovun ölümü onun meyitinin meyitxanada müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. N.M.Şahbazovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmşinin tiryək qrupu), fenitiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-248 saylı, 11 dekabr 2013cü il tarixli hökmünün surətindən görünür ki, X44 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X44 ibtidai həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, onun cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 31 avqust 2012-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X3 ibtidai həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, onun cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 31 avqust 2012-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi subut kimi Bakı şəhər prokurorluğunda saxlanılan, “DAEWOO' markalı **-TF-*** və **-TE-*** dövlət qeydiyyat nişanlı avtobuslardan götürülümüş boya nümunələrinin, üzərində qırmızı boya ləkələri olan şlaqbaum hissəsinin, X23 məxsus 01 ədəd qadın əl çantasının, hadisə yerindən götürülmüş istintaqa təqdim edilmiş xeyli sayda əzilmiş-kəsilmiş, əksəriyyəti istifadəyə yarasız, tək, cüt kişi və qadın yay ayaqqabılarının, şəpiylərinin məhv edilməsi, iş üzrə 200 (iki yüz) manat təşkil edən ekspertiza xərclərinin 100 (yüz) manatının X32 və 100 (yüz) manatının X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-297/2014 saylı, 27.02.2014-cü il tarixli qərarının surətindən görünür ki, məhkum X3 ona bəraət verilməsi barədə apellyasiya şikayətinin və məhkum X44 müdafiəçisi X24 müdafiəsini həyata keçirdiyi şəxsə bəraət verilməsi barədə apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin X3 və X44 barəsində olan 11 dekabr 2013-cü il tarixli hökmünün dəyişdirilməsi, məhkum X50 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bir il artırılaraq, onun üzərində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, məhkum X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bir il artırılaraq, üzərində 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-1686/15 saylı, 28.10.2015-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayətlərinin təmin edilməməsi, X5 və X63 barəsində Bakı Apellyasiya Məhkəməsinin 27.02.2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının ərinin "xxxx" QSC-nin əməkdaşı X3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücüsü X44 təqsiri nəticəsində ölməsi İddiaçı yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab edir ki, ərinin vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və həyat yoldaşının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, müəyyən qədər təsəlli ala bilər. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının mənəvi sarsıntı keçirməsi birgə yaşadığı həyat yoldaşının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" QSC-nin əməkdaşı X3 tutduğu vəzifə ilə əlaqədar dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması, həmçinin 3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücüsü X44 təqsiri nəticəsində baş vermiş qəzada iddiaçının əri X30 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə sonda hesab edir ki, məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 10.000 (on min) manat və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 10.000 (on min) manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 10.000 (on min) manat və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 10.000 (on min) manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar