Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-450/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı şəhəri Yasamal RİH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərə görə 1.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı şəhəri Yasamal RİH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02 may 2018-ci il tarixdə yaşadığı binada kommunal xərclərlə bağlı müvafiq şəxslərə iradını bildirdiyindən onların polisə zəngindən sonra Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin sahə müvəkkili İlkin Nəsirullayev onu kabinetinə çağırmış və oraya tibb işçilərini dəvət etmişdir. Nəticədə onun etirazına baxmayaq, təcili tibbi yardım maşını ilə onu 2 saylı Kliniki psixiatriya xəstəxanasına aparmışlar. Ona qanunsuz olaraq iynələr vurulmuşdur. Sonra isə guya «Baş beyin üzvi xəstəliyi (epilepsiya mənşəli nəticəsində kəskin formada ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixoatik daxilolmalar) diaqnozu qoyaraq oradan buraxmışlar. Sonuncular bununla onun şəxsi toxunulmazlıq hüququnu kobud surətdə pozaraq ona qarşı cinayət əməli törətmişlər. Belə ki, onun məcburi psixoloji xəstəxanaya yerləşdirilməsi ilə bağlı hər hansı bir məhkəmə qərarı olmadan polisin zəngi ilə onu aparıb oraya yerləşdirmişlər. Buna görə ona bir çox maddi və mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən xx.xx.2024-ciı il tarixli məktubda qeyd edilmişdir ki, «Yasamal Rayon Prokurorluğuna müraciətinizin nəticəsiz qalması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığınız şikayətlə bağlı həmin prokurorluğa sorğu göndərilmişdir. Verilmiş cavabda göstərilmişdir ki, psixoloji probleminiz olduğu üçün Siz 2 nömrəli Psixiatriya Xəstəxanasında müalicə olunmuşunuz. Sonuncu dəfə 2023-cü il tarixdə həmin xəstəxanaya yerləşərək 3 ay müalicə almısınız, sonra isə həmin xəstəxanadan məhkəməyə şikayət etdiyiniz üçün xəstəxanaya yerləşdirilməmisiniz. Qeyri-adekvat davranışla həm ananızı, həm də qonşuları narahat etdiyiniz üçün həyat və sağlamlığınız təhlükədə olduğundan, ananız Sizin psixiatriya xəstəxanasına yerləşdirilməyinizdə köməklik edilməsini xahiş etmişdir. Həmin şikayət əsasında Yasamal RPİ-nin 28-ci PŞ-də baş təhqiqatçı Nicat Abdullayev tərəfindən araşdırma aparılaraq 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabda bildirilir ki, qeyd olunan qərar 25 yanvar 2024-cü il tarixdə Yasamal Rayon Prokurorluğu tərəfindən ləğv edilərək material əlavə araşdırma aparılması üçün Yasamal RPİ-nin 28-ci PŞ-yə göndərilmişdir. Hazırda Yasamal RPİ-nin 28-ci PŞ-də material üzrə araşdırma davam etdirilir, araşdırmanın nəticəsindən asılı olaraq qanuna müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir». Açıq-aşkar görünür ki, heç bir qanuni əsas olmadan göndərilmiş məktublarda barəsində şərəf və ləyaqətini alçaldan fikirlər qeyd olunmuşdur. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Yasamal RİH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq diaqnozlarla müxtəlif tibb müəssisələrində müalicə qəbul etmişdir. Tibb müəssisələrində olduğu müddətdə mütəxəssislərin (həkimlərin) təyinatı üzrə barəsində müvafiq müalicə tədbirləri görülmüş (icra edilmiş), hər dəfə müalicə dövrü başa çatdıqdan sonra iddiaçı evə buraxılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqdim olunmuş tibbi sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona təyin edilmiş diaqnozlarla tibb müəssisələrində müalicə qəbul etmiş, müalicə başa çatdıqdan sonra iddiaçı evə buraxılmışdır. İddiaçı ona əsassız diaqnoz təyin edilməsi, buna zərurət olmadığı təqdirdə müalicəyə cəlb edilməsinə, ona qarşı qanunvericiliyin tələblərinin pozulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı ona ünvanlanmış cavab məktubunda barəsində şərəf və ləyaqətini alçaldan fikirlər yazılmasına dair sübutları da məhkəməyə təqdim etməmiş, bu hissədə iddiasını əsaslandırmamış, hansı sözlərin və ifadələrin onun şərəf və ləyaqətini alçaltdığını göstərməmişdir. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı şəhəri Yasamal RİH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı şəhəri Yasamal RİH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-450/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-450/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver