Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4501/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.11.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 500 manat alimentin və X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08.02.2018-ci il tarixdə faktiki nikah münasibətlərinə (toyları olmuş, Bakı nikah evinə ərizə ilə müraciət etmişlər, lakin bir ay sonra təkrar müraciət olmadığından, onun bunu bilməməsindən nikahları rəsmləşməmişdir) girərək ailə qurmuşlar. Faktiki nikahdan 08.11.2018-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Onunla cavabdeh nikaha daxil olduqdan sonra münasibətləri yaxşı olsa da, sonradan münasibətləri bir neçə dəfə korlanmış, aralarında mübahisələr və anlaşılmazlıqlar yaranmağa başlamışdır. Cavabdeh hətta ona qarşı zor göstərərək onu bir neçə dəfə döymüşdür. Cavabdeh son 1 il ərzində ailəni maddi cəhətdən təmin etmir, ailənin maddi ehtiyaclarını tam ödəmir. Onun maddi vəziyyəti çətindir və cavabdeh ata kimi uşağını saxlamağa borcludur. Maddi vəziyyəti çətin olduğundan uşağı lazımi qaydada böyüdə bilmir. Cavabdehin hal-hazırda ayda təxminən 1.500-2.000 manat qazancı olur. O, hal-hazırda heç yerdə işləmir, uşağa baxmaq üçün maddi imkanı yoxdur. Hesab edirik ki, cavabdeh uşağın və onun saxlanılması üçün aliment ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz ünvanlanaraq bildirilmişdir ki, iddiaçının tələb etdiyi 500 manat və üç yaşına kimi 250 manat məbləğində pul vəsaitinin ondan tutulması üçün heç bir əsası yoxdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-6210/2018 saylı, 10.08.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim xanım X.Məhərrəmova) onun ilk nikahı pozulmuş, həmin nikahdan olan iki azyaşlı övladları üçün 308 manat məbləğində aliment təyin olunmuş və bu gün də, həmin vəsaiti ödəyir (məlum qətnamənin və azyaşlı övladlarının doğum haqqında şəhadətnamələrinin surəti etiraza əlavə olunur). AR ƏƏSMN 4 saylı DOST mərkəzinin 16 iyun 2021-ci il tarixli arayışına əsasən o, heç bir yerdə işləmir. Həmçinin 2021-ci il üçün aliment vəsaiti 175 manat və azyaşlı övladının 3 yaşına kimi əlavə 50 manat ödəməyə razıdır və hazırdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbinin qismən təmin edilməsi, yəni azyaşlı övladı 08.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 175 manat, həmçinin 3 yaşına kimi isə əlavə 50 manat vəsaitin ondan alınaraq iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş 08.11.2018-ci il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmamış uşaqları var. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 16.06.2021-ci il tarixli, **********8 saylı arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı heç bir yerdə işləmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 09.07.2021-ci il tarixli, **********044300 saylı məktubundan görünür ki, Cavabdeh tərəfindən 01.04.2020-ci il tarixdən 31.03.2021-ci il tarixədək olan hesabat dövrü üçün 2021-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi göstəricisiz təqdim edildiyindən, eyni zamanda digər dövrlər üzrə vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən gəlirləri barədə məlumat müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.08.2018-ci il tarixli, 2(004)-6210/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 iddiasının təmin edilməsi, Cavabdeh ilə X6 arasında 16 avqust 2006-cı il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 656 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 23 oktyabr 2008-ci il təvəllüdlü X4 və 25 fevral 2010-cu il təvəllüdlü X5 anası X2 yanında qalmasının müəyyən edilməsi, 23 oktyabr 2008-ci il təvəllüdlü X4 və 25 fevral 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa hər ay 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, alimentin 10 iyul 2018-ci il tarixdən 23 oktyabr 2008-ci il təvəllüdlü X4 və 25 fevral 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08.06.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində, 08.11.2018-ci il təvəllüdlü X7 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin kifayət qədər yüksək gəlirə malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin ilk nikahından 23 oktyabr 2008-ci il təvəllüdlü X8 və 25 fevral 2010-cu il təvəllüdlü X9 adlı iki yetkinlik yaşına çatmayan övladı var və onların saxlanılması üçün aliment ödəyir. Habelə cavabdehin adına hər hansı bir qüvvədə olan “əmək müqaviləsi” aşkar edilməmişdir. Bununla bağlı sübutlar (doğum haqqında şəhadətnamələrin surətləri, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.08.2018-ci il tarixli, 2(004)-6210/2018 saylı qətnaməsi, AR ƏƏSMN 4 saylı DOST mərkəzinin arayışı və s.) məhkəməyə təqdim edilmişdir. Bundan başqa, qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08.06.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində, 08.11.2018-ci il təvəllüdlü X7 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4501/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4501/2021
29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver