Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4505/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi və əlavə xərclərlə bağlı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi və əlavə xərclərlə bağlı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(006)-2265/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aylıq qazancın 1/3 hissəsi məbləğində alimentin miqdarının dəyişdirilərək Cavabdeh 10.07.2014-cü il təvəllüdlü X4 və 18.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin və 18.10.2016-cı il təvəllüdlü X3 müalicəsi üçün hər ay 200 manat əlavə xərcin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 30 mart 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 10.07.2014-cü il təvəllüdlü X4 və 18.10.2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(006)- 2265/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 30 mart 2014-cü il tarixdə bağlanılmış nikah pozulmuş, 10.07.2014-cü il təvəllüdlü X4 və 18.10.2016-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmasın müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanlmaları üçün 13.02.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda Cavabdeh işsiz olduğundan alimentin sabit pul məbləğində tutulması zəruridir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, işlədiyi müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən bir neçə ay əvvəl işdən çıxarıldığını, hazırda heç bir yerdə işləmədiyini, 10.07.2014-cü il təvəllüdlü X4 və 18.10.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment ödəmə imkanına malik olduğunu bildirdi. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(006)-2265/2019 saylı qətnaməsindən görünür ki, tərəflər 30 mart 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların nikahı 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 587 nömrə ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan AZ-T seriyalı 001345 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 10.07.2014-cü ildə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan AZ-T seriyalı 015380 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 18.10.2016-cı ildə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(006)-2265/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 30 mart 2014-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabında 587 nömrəli nikah qeydinin ləğv edilməsi, 10.07.2014-cü il təvəllüdlü X4 və 18.10.2016-cı il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılması, Cavabdeh 10.07.2014-cü il təvəllüdlü X2 və 18.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 13.02.2019-cu il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Mülki işin materiallarında olan Mərkəzi Klinikanın 09.04.2021-ci il tarixli pediatrik transtorakal exokardioqrafiya protokolundan görünür ki, X5 “yüksək yerləşimli Sekundum ASD Yüngül dərəcə Trikuspit Çatışmazlıq LV-də Aberran Bant” diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan “xxxx” MMC-nin 01.03.2021-ci il tarixli İR-17/214 №-li Əmrindən və əmək kitabçasından görünür ki, MMC-də Avtyükləyici üzrə çilingər peşəsində işləyən Cavabdeh əmək müqaviləsinə 04.03.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması” xitam verilmişdir. Məhkəmə araşdırmaları zamanı və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış nikah pozularaq birgə nikahdan anadan olmuş 10.07.2014-cü il təvəllüdlü X2 və 18.10.2016-cı il təvəllüdlü X3 analarının yanında saxlanılması müəyyən edilmişdir. Eyni zamanda göstərilən qətnamə ilə uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün atası Cavabdeh aylıq qazancın 1/3 hissəsi məbləğində alimentin tutularaq anası İddiaçı verilməsi qət edilmişdir. Hazırda Cavabdeh işsizdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi aliment 2 formada qazancın (gəlirin) müəyyən hissəsi kimi və sabit pul məbləğində tutula bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(006)-2265/2019 saylı qətnaməsində alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin hal-hazırda rəsmi iş yeri yoxdur. Bu səbəbdən Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi həcmində alimentin tutulması mümkünsüzdür. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh hal-hazırda işsiz olması nəzərə alınmaqla, tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanılması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Göründüyü kimi, bu maddələr alimentin miqdarını dəyişmək səlahiyyəti verir. Həmin maddələrin tələbi baxımından alimentin tutulması formasının da dəyişdirilməsi mümkündür, çünki formanın dəyişdirilməsi nəticə etibarı ilə miqdarın dəyişməsinə səbəb olur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, sabit pul məbləğində tutulan alimentin miqdarının hər ay hər uşaq üçün 175 manat müəyyən edilməlidir. Belə ki, cavabdeh əmək qabiliyyətlidir, işləməsinə mane olan xəstəliyi yoxdur, müvafiq qazanc əldə edərək ayda hər uşağa görə 175 manat aliment ödəyə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 08.06.2021-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə tərəflərin birgə nikahından olan uşaqların analarının himayəsində olmasını, cavabdehin daimi iş yeri olmamaqla qazancının (gəlirinin) müntəzəm olmadığını və dəyişkən olduğunu, 2021-ci il üzrə uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddinin 175 manat olmasını, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(006)-2265/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma forması dəyişdirilməli, Cavabdeh 08.06.2021-ci il tarixdən başlayaraq, 10.07.2014-cü il təvəllüdlü X2 və 18.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Məhkəmə İddiaçı qızının Cavabdeh qarşı 18.10.2016-cı il təvəllüdlü X3 müalicəsi üçün hər ay 200 manat əlavə xərcin alınaraq ona verilməsi hissədə iddia tələbinə münasibətdə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi qanunvericilik övladın ağır xəstə, şikəst olması səbəbindən övladlara göstərilən kənar xidmətlərə görə valideynlərdən hər birinin məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilməsini nəzərdə tutur. Lakin mülki iş materiallarında olan tibbi sənədə əsasən 18.10.2016-cı il təvəllüdlü X3 ağır xəstə, şikəst olması halı müəyyən edilməmişdir. Həmçinin uşaqla bağlı müayinə edilən zaman hər hansı bir müalicənin həyata keçirilməsinin zəruriliyi barədə hər hansı bir qeyd edilməmiş, eyni zamanda həkim tərəfindən uşağın səkkiz yaşında kontrol müayinədən keçməsi məsləhət görülmüşdür. Qeyd edilənlər iddiaçı tərəfindən uşağın müalicəsi üçün hər ay əlavə xərcin alınaraq ona verilməsinə əsas vermir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2265/2019 nömrəli iş üzrə qəbul etdiyi 11.04.2019-cu il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. Cavabdeh 08.06.2021-ci il tarixdən başlayaraq 10.07.2014-cü il təvəllüdlü X4 və 18.10.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4505/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4505/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver