Məhkəmə qərarları › İş №2(006)-4517/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4517/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4517/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi , İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iki il Sovet Ordusunda xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi qulluqçu kimi iştirak etmiş və ağır yaralanmışdır. Hazırda 3-cü qrup müharibə əlilidir. Əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması göstərilmişdir. Lakin iddiaçı bu günə qədər 3-cü qrup əlillər üçün nəzərdə tutulan 4400 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin ona verilməsi xahişi ilə iddiaçı 2021-ci ilin mart ayında cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının bu müraciətinə imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda 3-cü qrup əlillər üçün nəzərdə tutulmuş 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışı və hazırlıq iclaslarının onun iştirakı olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilməsini və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda 3-cü qrup əlillər üçün nəzərdə tutulmuş 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 4269 №-li, N oktyabr 1993-cü il tarixli Xəstəlik haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı 20.03.1993-cü il tarixdə Ağdərə rayonunda, döyüş əməliyyatları zamanı bud sümüyünün parçalanması ilə sağ budun kör odlu güllə yaralanması almışdır. Tərtər hospitalına çatdırılmış, yaranın cərrahi müalicəsi keçirilmiş, güllə çıxarılmışdır. 21.03.1993-cü il tarixində vertolyotla Baki şəhərinə evakuasiya olunmuşdur. Skelet çəkməsi qoyulmuş, sağ tibial sümüyün kondillərinə, bərpaedici müalicə. 17.05.1993-cü il tarixdə skelet çəkməsi çıxarılmış, koksit sarğı qoyulmuşdur. (19.05.1993-cü il tarixli çıxarış epikrizi) 19.05.1993-cü il tarixdə 60 sutkalıq məzuniyyət verilmişdir. 20.07.1993-cü il tarixdə konsolidasiya sınığı müəyyən edilmişdir. Əlavə olaraq 03.09.1993-cü il tarixdən 18.09.1993-cü il tarixədək 60 sutkalıq məzuniyyət verilmiş, Baki şəhərində müalicə almışdır. Qips immobilizasiyası çıxarılmış, konservativ müalicə keçirilmişdir. 22.10.1993-cü il tarixdə mərkəzi hərbi poliklinikaya ekspert rəyinin alınması üçün göndərilmişdir. Diaqnoz – “Bud sümüyünün səhv bitmiş qəlpə sınığı əzanın funksiyasının kəskin şəkildə pozulması ilə odlu güllə yaralanması nəticəsində. (20.03.1993-cü il) .” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinəyə dair Сер. ВТЭ-8 № 002860 seriya nömrəli arayışına əsasən, İddiaçı müddətsiz 3-cü qrup əlildir. Əlilliyin səbəbi isə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli, 34 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən dekabr 1992-ci il tarixdən N oktyabr 1993-cü il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İş materiallarında olan SX ******* seriya nömrəli hərbi biletin surətinə əsasən, İddiaçı Dəvəçi rayon (şəhər) çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N iyun 1990-ci ildə hərbi hissəyə göndərilmişdir. N oktyabr 1993-cü il tarixdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 28 aprel 2021-ci il tarixli, 07-07-910 saylı məktuba əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir. Bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə üçüncü qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4400 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 4400 (dörd min dörd yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 (dörd min dörd yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar