Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4526/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat sığorta ödənişinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29.05.1986-cı il tarixdə Ağdaş RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət vəzifəsini yerinə yetirərkən 14.04.1987-02.06.1987-ci illərdə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etmişdir və xidmət dövründə hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar xəsarət almışdır. Bu səbəbdən, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Bundan başqa, 13 saylı Ağdaş rayon RƏF tərəfindən verilən arayışda onun həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyə görə Prezident təqaüdçüsü olduğu və müavinət alması göstərilmişdir. Ancaq ona hərbi qulluqçu kimi İİ qrup əlillik dərəcəsi təyin edildikdən sonra heç bir sığorta pulu ödənilməmişdir. O, bununla bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, sığorta ödənişinin verilməsini xahiş etmişdir. Lakin həmin orqan ərizəsində göstərdiyi tələbindən əsassız olaraq və Çernobıl qəzasında iştirak etmiş hərbi qulluqçuları hərbi qulluqçu kimi qəbul etməyərək, sığorta pulunun ödənilməsindən imtina etmişdir. O, cavabdeh orqanın imtinasını əsassız hesab etdiyi üçün məcbur olub məhkəməyə müraciət edir. Əgər cavabdeh hərbi xidmət qulluqçusu kimi onu tanımır və qəbul etmirsə, bəs onda nə üçün onu hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması üçün hərbi xidmətini yerinə yetirərkən qəza bölgəsinə aparmışdılar? Cavabdeh orqanın ona sığorta ödənişi etməməsi qanunsuzdur və o, həmin orqanın hərəkətsizliyi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə istinad edərək, ona İİ qrup əlillər üçün nəzərdə tutulmuş faiz nisbətində sığorta ödənişinin edilməsini xahiş etmişdir. İddiaçının xəstəliyi sənədlərdən də aydın olduğu üzrə, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmış xəstəlikdir. Bildirir ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun «Sığorta olunanlar» adlanan 2-ci maddəsində adıçəkilən Qanun əsasında sığortalanan şəxslərin dairəsi konkret müəyyən edilmişdir. Həmin maddəyə əsasən, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. İstinad olunan maddədən də göründüyü kimi, bu Qanun Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərin dövlət hesabına icbari qaydada sığortalanmasını nəzərdə tutmur və buna görə də, iddiaçının tələbi tam olaraq əsassızdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlər toplunsundan görünür ki, iddiaçı Sadıqov X2 AES-də qəza nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Ona həmin dövrdə qazandığı xəstəliklə əlaqədar ömürlük İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı ərizəsinə 04 may 2021-ci il tarixdə 07-07-318 saylı məktubla cavab verərək, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilmədiyi bildirilərək, ərizəsinin təmin edilməsinin qeyri-mümkün olduğu iddiaçının nəzərinə çatdırılmışdır. İddiaçı hazırkı mülki işə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sığorta ödənişi verilməməsinin qanunsuz olduğunu iddia etmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisənin həlli üçün tətbiq edilməli olan «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Qanunun imperativ tələbindən göründüyü kimi, bu Qanun Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərə şamil olunmur, İddiaçı sığorta məbləğini almaq hüququna malik olan şəxs deyil. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya yuxarıda qeyd olunan məzmunda cavab məktubu ünvanlayarkən, sonuncunun hüquqlarını və qanunun tələblərini pozmamışdır. Bu səbəbdən, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4526/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4526/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver