Məhkəmə qərarları › İş №2(006)-4556/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4556/2022

10.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4556/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh 1 nömrəli Körpələr Evinə qarşı “analıq hüququnun bərpa olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 1 nömrəli Körpələr Evinə qarşı “analıq hüququnun bərpa olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X1 1 nömrəli Körpələr Evindən götürülərək yenidən onun himayəsinə verilməsi və analıq hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, məhkəməyə hazırki tələblə müraciət etməsi üçün bir neçə səbəb mövcud olmuşdur. Onlardan ilki qızının sağ olubolmamasını öyrənmək, digəri isə övladının sağ olduğu, eləcə də başqa bir ailəyə övladlığa verilmədiyi təqdirdə körpələr evindən götürmək istəyi ilə bağlı olmuşdur. O, məhkəməyə müraciət etməmişdən öncə uşağının verildiyi körpələr evinə müraciət etmiş və ona övladı ilə bağlı hər hansı bir məlumat verilməmiş, yalnız məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Əgər uşağı başqa bir ailəyə övladlığa verilibsə o, iddiasından imtina etməyə hazırdır. Belə ki, qızının övladlığa verildiyi təqdirdə onun həyatını və gələcəyini pozmaq və yaxud müdaxilə etmək kimi bir niyyəti yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 məhkəməyə müvafiq sənədlər təqdim edərək, izahatında bildirdi ki, iddiaçının illər öncə imtina etdiyi uşağı məhkəmə qətnaməsi ilə başqa bir ailəyə övladlığa verilmişdir. Lakin məlum olduğu kimi, həmin məlumatların yayılması qanunla qadağan edildiyindən, bundan əlavə hər hansı bir məlumat vermək kimi səlahiyyəti yoxdur. Bununla da, İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırki işin baxılmamış saxlanılmasını və ərizənin geri qaytarımasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı ərizənin qaytarılması qaydasını müəyyən edən 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması xahiş edildiyindən, iddia ərizəsi, habelə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh 1 nömrəli Körpələr Evinə qarşı “analıq hüququnun bərpa olunması və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul vəsaiti ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar