Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4566/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə dünyaya gəlmiş ovladları 14 yanvar 2023-cü il təvəllüdlü X1 görə ödəmədiyi günlər üçün nəzərdə tutulmuş aliment borcu 880 manat, həmçinin ərizə verildiyi gündən başlayaraq hər ay sabit pul məbləğində 220 manat olmaqla, övladları 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edərək xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 535 nömrəsi ilə qeydiyyata alınmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahından 14 yanvar 2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Artıq uzun müddətdir ki, onlar cavabdehlə ümumi təsərrüfatı idarə etmirlər. Cavabdeh onunla və övladlarıyla maraglanmır. Ona və övladına qarşı laqeyidlik göstərir. Cavabdeh xx.xx.2023-ci il tarixdən səhlənkarlıq etməyə başlayaraq aliment ödəməkdən yayınmışdır və buna görə məhkəmə qətnaməsi olmadan onun mütamadi olaraq aliment verməsinə inanmır. Ona görə də qərara gəlmişdir ki, alimenti ondan məhkəmə qaydasında tələb etsin. Cavabdeh ilə birgə nikah dövründə dünyaya gəlmiş ovladları 14 yanvar 2023-cü il təvəllüdlü X2 görə ödəmədiyi günlər üçün nəzərdə tutulmuş aliment borcu 880 manat, həmçinin ərizə verildiyi gündən başlayaraq hər ay sabit pul məbləğində 220 manat olmaqla, övladları 3 yaşına çatana kimi hər ay 100 manat aliment ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və izahatında bildirdi ki, uşağının saxlanılması üçün iddiaçıya aliment verməyə etiraz etmir. Uşağının saxlanılması üçün iddaçıya 220 manat məbləğində aliment verə bilər və həmin məbləğdə uşağın saxlanılması üçün ondan alimentin tutulmasına etiraz etmir. İddia tələbinin X2 görə ödəmədiyi günlər üçün nəzərdə tutulmuş 880 manat aliment borcu və uşağın 3 yaşına çatanadək iddiaçının xeyrində ondan 100 manat məbləğində alimentin tutulması hissəsini qəbul etmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21.12.21-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 476202 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 10 dekabr 2021-ci ildə nikah bağlamışlar. İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 31.01.23-cü il tarixdə verilmiş AZ-İV seriyalı 847013 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri 02 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/2-3513/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:55-13:25 radələrində keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, iddia tələbində göstərilən məbləğdə alimentin tutulması üçün cavabdehin maddi və ailə vəziyyəti barədə hər hansı sübut təqdim edilməməsini, bununla yanaşı isə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları, həmçinin uşağının saxlanılması üçün 220 manat məbləğdə aliment vermək imkanının olması barədə cavabdehin öz izahatını da nəzərə almaqla məhkəmə hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatan olmaqla təmin edilməli və cavabdehdən hər ay uşağın saxlanılması üçün 220 manat məbləğində aliment tutulmalıdır. İddiaçı iddia tələbinin 14 yanvar 2023-cü il təvəllüdlü X2 görə cavabdehin ödəmədiyi günlər üçün nəzərdə tutulmuş 880 manat borc hissəsinə dair məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının 14 yanvar 2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək özü üçün cavabdehdən 100 manat aliment tələb etməsi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İddiaçı cavabdehin həqiqətən üç yaşına çatanadək tələb edilən (100 manat) məbləğdə aliment ödəyə bilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etməsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin rəsmi iş yeri olmasa da o, fərdi əməklə məşğul olur və hər ay müəyyən məbləğlərdə qazanc əldə edir. Odur ki, məhkəmə, iddiaçının uşağın azyaşlı olması səbəbindən işləyə bilməməsini, həmçinin cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulmalı olan alimenti də nəzərə almaqla hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 05 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment ərizənin verildiyi yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 14 yanvar 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 manat sabit pul məbləğində, xx.xx.2023-cü il tarixdən başlayaraq 14 yanvar 2023-cü il təvəllüdlü X4 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 3240 (270x12=3240) manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 52.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 14 yanvar 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində və 14 yanvar 2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh 52.4 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4566/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4566/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver