Məhkəmə qərarları › İş №2(006)-4572/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4572/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4572/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Kapital Bank" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Kapital Bank" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 5000 (beş min) manat dəyərində ona dəymiş mənəvi zərərin əvəzinin tutulmasını, cavabdehdən onun xeyrinə pul təminatı kartından qanunsuz olaraq tutulmuş 27 (iyirmi yeddi) manat dəyərində ona dəymiş maddi zərərin əvəzinin tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən onun pul təminatı kartından qanunsuz olaraq 06 mart 2021-ci il tarixdə 339 (üç yüz otuz doqquz) manat məbləğində pul tutulmuş, bununla bağlı Cavabdeh ASC ilə tərəfindən telefon vasitəsilə dəfələrlə əlaqə saxlansa da heç bir müsbət nəticə əldə olunmamış, yalnız Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət etdikdən sonra 05 aprel 2021-ci il tarixdə həmin məbləğ kart hesabına bərpa edilmişdir. Bundan başqa Cavabdeh ASC tərəfindən pul təminatı kartından qanunsuz olaraq 16 aprel 2021-ci il tarixdə 3 (üç) manat, 26 aprel 2021-ci il tarixdə isə 24 (iyirmi dörd) manat məbləğlərində pul tutulmuşdur. O, bu tutulmaların səbəbini öyrənmək məqsədi ilə xidmət yerindən bir neçə dəfə icazə alaraq Cavabdeh ASC-nin Ağcabədi Rayon Filialına müraciət etmək məcburiyyətində qalmış və dəfələrlə Cavabdeh ASC-nin 196 məlumat mərkəzi ilə telefon vasitəsi ilə əlaqə saxlamış, lakin bu günədək həmin məbləğlər onun kart hesabına bərpa edilməmişdir. Onun pul təminatı kartından qanunsuz olaraq tutulmalar və buna görə də xidmət yerindən bir neçə dəfə icazə alaraq Cavabdeh ASC-nin Ağcabədi Rayon Filialına müraciət etməyi və dəfələrlə Cavabdeh ASC ilə telefon vasitəsi ilə əlaqə saxlamağı və heç bir halda müsbət nəticə əldə edə bilməməyi Müzəffər Azərbaycan Ordusunun zabiti kimi xidmət etdiyi hərbi hissədə onun işgüzar nüfuzunun aşağı düşməsinə səbəb olmuş və xidmətinə mənfi təsir göstərmişdir. Cavabdehin hərəkətləri nəticəsində onun qanuni hüquq və mənafeyi pozulmuş və ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Qanunsuz olaraq Cavabdeh ASC tərəfindən pul təminatı kartından tutulmalara görə çəkdiyi mənəvi iztirablar nəticəsində 22 may 2021-ci il tarixdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetinə müraciət etmiş və həmçinin cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1097-ci maddələrinə əsasən cavabdeh, Cavabdeh ASC hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 5000 (beş min) manat dəyərində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraz ərizəsi təqdim etməklə əlavə olaraq bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini əsassız hesab edirlər. İddiaçı Bankın müştərisidir. Onunla Bank arasında kredit münasibətləri mövcuddur. 06.03.2021-ci il tarixində iddiaçının əmək haqqı kart hesabından kredit üzrə 339 manat pul tutulmuş və onun şifahi müraciətinə əsasən 05.04.2021-ci il tarixində tutulan pul vəsaiti tam olaraq onun hesabına bərpa edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi digər pul vəsaitləri də tam olaraq onun hesabına bərpa edilmişdir, iddiaçının tutulan vəsaitin onun hesabına bərpa edilməməsi ilə bağlı iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir və heç bir əsası yoxdur. İddiaçının mənəvi zərərin ödənilməsinə dair tələbi də tam əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Bank tərəfindən iddiaçının əmlakına və şəxsiyyətinə ziyan vurulmamışdır. Tutulan vəsait tam olaraq onun hesabına bərpa edilmişdir. Halhazırda mülki hüquq pozuntusu olmadığı üçün iddiaçının mənəvi zərər tələb etməsi də əsassızdır. Qanunun tələbindən aydın olur ki, zərər, mülki hüquq pozuntusunun nəticəsində yaranır və mövcud olur. Mülki hüquq pozuntusu yoxdursa, deməli obyektiv mənada zərər də yoxdur. İddiaçının iddia ərizəsində işgüzar nüfuzunun aşağı düşməsi, ona mənəvi iztirablar formasında mənəvi zərərin dəyməsi, habelə ona fiziki iztirablar formasında mənəvi zərərin vurulması ilə bağlı qeyd etdikləri əsassızdır və öz iddiasını möhkəmləndirmək üçün ifadə edilmiş fikirlərdir. Həmin iddiaların heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ərizəsində keçirdiyi mənəvi iztirabın, habelə fiziki iztirabların nədə ifadə olunduğunu bildirməmiş, bu hərəkətlərin onun fiziki və pisixoloji sağlamlığına vurduğu zərərin nədən ibarət olmasını qeyd etməmişdir. Eyni zamanda Bankın hərəkəti ilə iddiaçı tərəfindən iddia olunan zərər arasında heç bir səbəbli əlaqə mövcud deyil. İddia ərizəsində iddia olunan zərərin məhz, bankın hərəkətləri və ya başqa səbəbdən yaranması iddia ərizəsində əsaslandırılmamışdır. Belə ki, iddiaçının iddia etdiyi zərər başqa səbəblər nəticəsində də yarana bilər. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən və mənəvi və fiziki iztirablar formasında ifadə olunan zərər iş üzrə məhkəmə araşdırmasının predmetidir və iddiaçı qeyd etdiyi hallan sübut etmək vəzifəsi daşıyır. Bundan başqa Bank tərəfindən heç bir halda iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən hərəkətlərə yol verilməmişdir. İddiaçı özünə dəymiş mənəvi zərərin miqdarını 5000 manat olaraq müəyyən etmişdir. Lakin o, bu məbləği qeyd edərkən hansı ölçü meyarından istifadə etdiyini, məhz 5000 manat mənəvi zərərin hesablanmasına əsas olan hansı mənəvi və fiziki iztirablar keçirməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Həmin hissədə də iddiaçının iddiası tam əsassızdır və şəxsi mülahizələrə əsaslanır. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoruna və İddiaçı ünvanlanmış 29.04.2021-ci il tarixli məktubdan görünür ki, Vətəndaş İddiaçı müraciətinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, vətəndaş ilə Bankın “Ağcabədi” filialı arasında 22.10.2018-ci il tarixdə limiti 1000 (bir min) manat olan kredit kartına dair müqavilə, 24.06.2019-cu il tarixdə 36 ay müddətinə, illik 26,90 faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğdə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin kredit müqavilələrində tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti, öhdəliklərin icra qaydası, öhdəliklərin gecikdirilməsinə görə tətbiq olunan faiz (dəbbə pulu) qeyd edilmişdir. Kredit müqavilələrində faiz tətbiqinin dayandırılması, kredit borcunun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, döyüşlərdə və vətənin müdafiəsində iştirak etmiş, eləcə də düşmənin mənfur əməlləri nəticəsində zərər çəkmiş hərbi qulluqçu və mülki şəxslərin Bank qarşısında olan öhdəliklərinə qayğı ilə yanaşılır. Qeyd olunan şəxslərə Bank tərəfindən müvafiq güzəştlər tətbiq edilib. X10 tərəfindən istehlak kreditləri üzrə cərimə faizinin hesablanmasının 01 yanvar 2021-ci il tarixədək dayandırılması qərara alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, 06.03.2021-ci il tarixdə kredit üzrə tutulan 339 (üç yüz otuz doqquz) manat məbləğdə vəsait vətəndaşın Banka daha əvvəl daxil olmuş şifahi müraciətinə əsasən 05.04.2021-ci il tarixdə 416974******0723 saylı kart hesabına bərpa edilmişdir. Bununla bağlı Bankın əməkdaşı əlaqə saxlayaraq ətraflı məlumat təqdim etmişdir. Vətəndaşın müraciəti nəzərə alınaraq Bank tərəfindən kredit müqaviləsi üzrə güzəşt imkanları araşdırılmış, əlavə sənədlər (rəsmi gəlirinin azalması, xəstəliklə bağlı və təqdim edildiyi təqdirdə zaminlik müqaviləsi imzalanması şərti ilə kredit borcu üzrə qalıq məbləğin restrukturizasiyasına baxılması mümkün hesab edilmişdir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 22.05.2021-ci il tarixli arayışdan görünür ki, Qasımov X3 RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində “Asteno-nevrotik pozğunluq” diaqnozu ilə qeydiyyatdadır. N nömrəli Hərbi Hissənin komandiri tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, İddiaçı 2021-ci ilin martmay ayları ərzində dəfələrlə ona müraciət edərək Cavabdeh tərəfindən pul təminatı kartından qanunsuz olaraq tutulmalar olduğunu bildirmiş və bunun səbəbini öyrənmək üçün bir neçə dəfə hərbi hissə komandanlığından icazə alaraq Cavabdehın Ağcabədi Rayon Filialına müraciət etmişdir. Bu cür hallar İddiaçı xidmət yerində işgüzar keyfiyyətlərinin aşağı düşməsinə və onun xidmətinə mənfi təsir göstərir. N nömrəli Hərbi Hissənin komandiri tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət edir və 27.09.2021-ci il tarixdən 10.11.2021-ci il tarixədək aparılan döyüş əməliyyatlarında (Vətən Müharibəsində) iştirak etmişdir. N nömrəli Hərbi Hissənin hərbi qulluqçusu X7 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı 2021-ci ilin mart ayı ərzində ona müraciət edərək Cavabdeh ASC tərəfindən onun pul təminatı kartından qanunsuz olaraq 339 manat məbləğində pul tutulduğunu bildirmişdir. O, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini olduğu üçün onunla bununla bağlı söhbət edib Cavabdeh ASC ilə əlaqə saxlamasını bildirmişdir. Bir müddət sonra İddiaçı əsəbi və sıxıntılı halda yenidən ona müraciət edərək Cavabdeh ASC-nin 196 məlumat mərkəzi ilə bununla bağlı bir neçə dəfə əlaqə saxladığını və Cavabdeh ASC-nin Ağcabədi Rayon Şöbəsinə müraciət etdiyini, lakin hər dəfə əlaqə saxladıqda ona müxtəlif bəhanələr gətirdiklərini bildirmişdir. Həmçinin İddiaçı həmin ay üçün kirayədə qaldığı mənzilin kirayə haqqını və kommunal Ödənişləri ödəmək üçün həmin məbləği pul təminatı kartında saxladığını, lakin həmin pul qanunsuz olaraq tutulduğu üçün məcbur olub həmin ödənişləri ödəmək üçün onlarla eyni hərbi hissədə xidmət edən X1 borca 300 manat məbləğində pul aldığını bildirmişdir. Bundan başqa İddiaçı 2021-ci ilin iyun ayında ona təkrar müraciət edərək onun pul təminatı kartından təkrarən qanunsuz tutulmalar olduğunu bildirmiş və bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət etdikdən sonra tutulan pulların onun kart hesabına bərpa edildiyini bildirmişdir. Həmin müddətlərdə İddiaçı xidmət yerində çox əsəbi və sıxıntılı halda görünürdü, onunla söhbət zamanı bunun səbəbini isə pul təminatı kartından Cavabdeh tərəfindən qanunsuz tutulmalar olması və müsbət cavab ala bilməməsi ilə izah edirdi. Təbii ki, Cavabdeh ASC tərəfindən İddiaçı pul təminatı kartından qanunsuz tutulmalar onun hərbi hissədə xidmətinə mənfi təsir göstərmiş, işgüzar nüfuzunun aşağı düşməsinə və mənəvi sıxıntı keçirməsinə səbəb olmuşdur. Müzəffər Azərbaycan Ordusunun zabitinə qarşı Cavabdeh ASC tərəfindən bu cür qanunsuz hərəkətlərə yol verilməsi təəssüf doğurur. Odur ki, xidməti zərurətlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyi üçün İddiaçı iddia tələbi üzrə qərar qəbul edərkən ərizəsində qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. N nömrəli Hərbi Hissənin hərbi qulluqçusu X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onunla birlikdə xidmət edən İddiaçı 2021-ci ilin mart ayı ərzində utanaraq və sıxıntılı halda ona yaxınlaşaraq Cavabdeh ASC tərəfindən onun pul təminatı kartından qanunsuz olaraq 339 manat məbləğində pul tutulduğunu, həmin ay üçün kirayədə qaldığı mənzilin kirayə haqqını və kommunal ödənişləri ödəmək üçün həmin məbləği pul təminatı kartında saxladığını bildirmiş, lakin həmin pul qanunsuz olaraq tutulduğundan məcbur olub həmin ödənişləri ödəmək üçün 300 manat məbləğində ondan borc pul almışdır. O, bir neçə gün sonra onunla söhbət zamanı “Kapital Bank" ASC tərəfindən onun pul təminatı kartından tutulmuş pulun kart hesabına geri qaytarılıbqaytarılmadığını soruşmuş, İddiaçı da bununla bağlı Cavabdeh ASC-nin 196 məlumat mərkəzi ilə bir neçə dəfə əlaqə saxladığını və Cavabdeh ASC-nin Ağcabədi Rayon Şöbəsinə müraciət etdiyini, lakin hər dəfə əlaqə saxladıqda ona müxtəlif bəhanələr gətirdiklərini bildirmişdir. Bundan başqa İddiaçı sonralar söhbət zamanı onun pul təminatı kartından təkrarən Cavabdeh ASC tərəfindən qanunsuz tutulmalar olduğunu və bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət etdikdən sonra tutulan pulların onun kart hesabına bərpa edildiyini bildirmişdir. Həmin müddətlərdə İddiaçı xidmət yerində çox əsəbi və sıxıntılı halda görünürdü, onunla söhbət zamanı bunun səbəbini isə pul təminatı kartından "Kapital Bank” tərəfindən qanunsuz tutulmalar olması və müsbət cavab ala bilməməsi ilə izah edirdi. Təbii ki, Cavabdeh ASC tərəfindən İddiaçı pul təminatı kartından qanunsuz tutulmalar onun hərbi hissədə xidmətinə mənfi təsir göstərmiş, işgüzar nüfuzunun aşağı düşməsinə və mənəvi sıxıntı keçirməsinə səbəb olmuşdur. Müzəffər Azərbaycan Ordusunun zabitinə qarşı Cavabdeh ASC tərəfindən bu cür qanunsuz hərəkətlərə yol verilməsi təəssüf doğurur. Odur ki, xidməti zərurətlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyi üçün İddiaçı iddia tələbi üzrə qərar qəbul edərkən ərizəsində qeyd etdiklərini qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Ödəniş qəbzindən (№10719) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçının əmək haqqı kart hesabından 06.03.2021-ci il tarixdə 339 manat, 26.04.2021-ci il tarixdə isə 24 manat məbləğində pul çıxılmış, tutulan pul vəsaiti isə tam şəkildə onun hesabına bərpa edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçıya dəymiş zərərin mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Kapital Bank" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar