Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4585/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi BBB oğlunun və cavabdehin nümayəndəsi və vəkili CCC qızının iştirakları ilə İddiaçı "****" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh AAA oğluna qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "****" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh AAA oğluna qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır kı, "****” MMC ilə EEE oğlu arasında bağlanmış 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq" müqaviləsinə əsasən EEE oğlunun sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180255 ban nömrəli ağ rəngli avtomobil 13700 manat məbləğinə “****” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən EEE oğlu illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,31 manat, ümumilikdə isə 18975 manat məbləğində pulu “****” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18975 manatın 13700 manatı əsas məbləği təşkil edir. 09 yanvar 2020-ci il tarixdə EEE oğlu, DDD oğlu və “****” MMC arasında MAS-1001 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq" müqaviləsi üzrə DDD oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 21 yanvar 2020-ci il tarixdə DDD oğlu, AAA oğlu və “****” MMC arasında MAS-1001 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq” müqaviləsi üzrə AAA oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. AAA oğlunun müvəqqəti istifadəsinə verilmiş “****” MMC-nin mülkiyyətində olan “Khazar Peugeot” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 yanvar 2021-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. AAA oğlu tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 07 yanvar 2021-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh AAA oğlunun lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 31 yanvar 2021-ci il tarixə 9600,28 manat əsas, 108,80 manat gecikdirilmiş mükafat pulu ümumilikdə, 9709,08 manat borcu yaranmışdır. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən “****” MMC ilə bağlanmış 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdeh AAA oğlundan 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin yararsız vəziyətə düşdüyü 31 yanvar 2021-ci il tarixə 9600,28 manat əsas, 108,80 manat gecikdirilmiş mükafat pulunun ümumilikdə 9709,08 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun “****” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "****" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi BBB oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh AAA oğlunun nümayəndəsi və vəkili CCC qızı iddia ərizəsinə etiraz edərək, bildirdi ki, 31.01.2021-ci il tarixli qəza ilə avtomobilə ziyan dəymişdir və hadisə ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi qərarı vardır. Həmçinin, digər mübahisəsiz hal odur ki, lizinq obyekti hazırda iddiaçının sərəncamındadır. İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmamışdır. Lizinq müqaviləsi EEE oğlu ilə bağlanmış, sonradan AAA oğlu ilə öhdəliyin ötürülməsi ilə bağlı müqavilə bağlansa da, hansı məbləğdə öhdəliyin AAA oğluna ötürlüməsi müqavilədə qeyd olunmamışdır. Halbuki, müqavilədə qeydiyyatla bağlı 100 və 300 manat xərclər dəqiq qeyd olunmuşdur. AAA oğluna ayrıca ödəniş qrafiki verilməmişdir. Lizinq müqaviləsinin xitam olunması ilə bağlı AAA oğlu cavabdeh ola bilməz, ona xitamla bağlı xəbərdarlıq bildirişi göndərilə bilməz. Çünki AAA oğlu iddiaçı ilə lizinq müqaviləsi bağlamamışdır. İddiaçı bildirir ki, avtomobilin kasko sığortalanması lizinq alanın vəzifəsi olmuşdur, amma avtomobilin sığorta olunub-olunmamasına nəzarət etməmişdir. Eyni zamanda, iddiaçı avtomobilin tam yararsız olduğunu bildirsə də, bununla bağlı heç bir rəy iddia ərizəsinə əlavə edilməmişdir. AAA oğlunun iştirakı ilə qüsur aktı tərtib edilərkən heç də avtomobilin 70%-i yararsız halda olmamışdır. Ola bilər ki, avtomobil qəzalı olduğu üçün hazırda istifadə etmək mümkün olmasın, amma bu o demək deyildir ki, onu təmir etmək olmaz və o, tam yararsız haldadır. AAA oğlundan əvvəl digər şəxslər tərəfindən nə qədər ödəniş aparılması aydınlaşdırılmalıdır. EEE oğlunda və DDD oğlunda ödənişlərlə bağlı sübutlar ola bilər. AAA oğlu lizinq müqaviləsi üzrə tərəf olmadığı üçün lizinq müqaviləsinin xitam olunması ilə bağlı iddia tələbi mümkünsüzdür. Cavabdehə qarşı öhdəliyin ötürülməsi müqaviləsinin xitamı ilə bağlı iddia qaldırıla bilərdi. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “****” MMC ilə EEE oğlu arasında bağlanmış 06.07.2019-cu il tarixli, MAS-1001 №-li daxili lizinq müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini lizinq alana istifadəyə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş ödənişləri ödəməyi öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə əldə edilən lizinq obyekti ağ rəngli, NVAAD1HFEKH180255 ban nömrəli, “Khazar Peugeot” markalı 1 ədəd avtomobildir. Avtomobilin qiyməti isə 13700 manat təşkil edir. Lizinq müqaviləsinə 2 saylı əlavədən, yəni təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan ağ rəngli, NVAAD1HFEKH180255 ban nömrəli, “Khazar Peugeot” markalı 1 ədəd avtomobil 06.07.2019-cu il tarixdə satıcı "xxxx" MMC tərəfindən təhvil verilmiş, alıcı “****” MMC və üçüncü tərəf EEE oğlu tərəfindən təhvil alınmışdır. Lizinq müqaviləsinə 3 saylı əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, lizinq obyektinin məbləği 13700 manat, müqavilənin illik faizi 17, müqavilənin müddəti isə 48 aydır. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 48 ay ərzində, 13700 manat əsas məbləğ, 5275 manat mükafat məbləği olmaqla, cəmi 18975 manat ödəniş edilməlidir. “****” MMC, EEE oğlu (Öhdəlikləri ötürən) və DDD oğlu (Öhdəlikləri qəbul edən) arasında bağlanmış 09.01.2020-ci il tarixli, MAS-1001 №-li öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 06.07.2019-cu il tarixli, MAS-1001 №-li daxili lizinq müqaviləsi üzrə “Öhdəlikləri ötürən” “****” MMC qarşısında götürdüyü bütün öhdəlikləri “Öhdəlikləri qəbul edən”-ə ötürür, “Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada “****” MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyini öhdəsinə götürür. 09.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar Peugeot” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil EEE oğlu tərəfindən DDD oğluna təhvil verilmişdir. “****” MMC, DDD oğlu (Öhdəlikləri ötürən) və AAA oğlu (Öhdəlikləri qəbul edən) arasında bağlanmış 21.01.2020-ci il tarixli, MAS-1001 №-li öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 06.07.2019-cu il tarixli, MAS-1001 №-li daxili lizinq müqaviləsi üzrə “Öhdəlikləri ötürən” “****” MMC qarşısında götürdüyü bütün öhdəlikləri “Öhdəlikləri qəbul edən”-ə ötürür, “Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada “****” MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyini öhdəsinə götürür. 21.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar Peugeot” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil DDD oğlu tərəfindən AAA oğluna təhvil verilmişdir. Bakı şəhəri Sabunçu rayon RPİ İŞ-nin müstəntiqi Ramil Əliyev tərəfindən qəbul edilmiş 18 fevral 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, “Khazar Peugeot” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında idarə edən FFF oğlu tərəfindən yol hərəkəti qaydaları pozularaq yol nəqliyyat hadisəsi törədilmişdir. 01.03.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, FFF oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. “****” MMC-nin servis mərkəzi tərəfindən verilmiş 25.03.2021-ci il tarixli aktdan görünür ki, “Khazar Peugeot” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, 8/2299 saylı məhkəmə yol-nəqliyyat ekspertizasının rəyindən də görünür ki, baxışa təqdim olunmuş vəziyyətdə “Khazar Peugeot” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil təyinatı üzrə istismara yararsızdır. Avtomobilin üzərində olan zədələrin formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontaktda olması, o cümlədən maneəyə dəyməsi və digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yaranması mümkündür. Həmçinin, ekspert tətqiqatının dəyəri 100 manat təşkil etmişdir. “****” MMC tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, AAA oğlunun “****” MMC-yə 06.07.2019-cu il tarixli, MAS-1001 №-li daxili lizinq müqaviləsi üzrə 31 yanvar 2021-ci il tarixə 9600,28 manat əsas borc, 108,80 manat mükafat borcu olmaqla, cəmi 9709,08 manat məbləğində borcu vardır. 30.04.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, “****” MMC tərəfindən AAA oğluna borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “****” MMC lizinq obyekti qismində “Khazar Peugeot” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili EEE oğluna müəyyən haqq müqabilində sahiblik və istifadəyə vermişdir. EEE oğlu lizinq obyekti olan “Khazar Peugeot” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etmiş, istifadəsi müqabilində lizinq verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra öhdəliklərin ötürülməsi müqavilələri ilə lizinq müqaviləsi üzrə öhdəliklər tam olaraq DDD oğluna, sonradan isə AAA oğluna ötürülmüşdür. 31.01.2021-ci il tarixdə FFF oğlu tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində “Khazar Peugeot” markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Həmin tarixdən sonra lizinq alan tərəfindən lizinq ödənişləri ödənilməmişdir. Hazırda iddiaçı lizinq müqaviləsi üzrə 31.01.2021-ci il tarixinə qalan borcu və lizinq müqaviləsinin ləğvini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Daxili lizinq müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq alan lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Lizinq alan AAA oğlunun istifadəsində olan lizinq obyekti olan “Khazar Peugeot” markalı avtomobil 31.01.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı tam yararsız hala düşmüşdür. Tərəflərin razılaşmasına görə avtomobil tam yararsız vəziyyətə düşdükdə, lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləğini isə məhv olma anına ödəməlidir və ya analoji əmlakı lizinq verənin mülkiyyətinə rəsmiləşdirməlidir. AAA oğlu isə qeyd olunan öhdəliyini icra etməmişdir. Bu səbəbdən iddiaçı 31 yanvar 2021-ci il tarixə 9600,28 manat əsas, 108,80 manat gecikdirilmiş mükafat pulu olmaqla, ümumilikdə 9709,08 manat borcu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin bildirir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 6.1-ci bəndinə əsasən, lizinq obyektini öz vəsaiti hesabına lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talan edilmə və oğurlanma risklərindən müqavilə müddəti başa çatanadək sığortalamaq lizinq alanın, yəni cavabdehin vəzifəsidir. Məhkəmə iddia tələbinin lizinq müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 748-1.12.3 və 748-1.12.4 maddələrinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə və lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Daxili lizinq müqaviləsinin 9.1.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətini pisləşdirdikdə lizinq verənin müqaviləni ləğv etmək hüququ vardır. İşin materiallarından və tərəflərin izahatından da göründüyü kimi cavabdeh AAA oğlu lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik olaraq götürmüş, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobili tam yararsız vəziyyətə salmış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Məhkəmə qeyd edir ki, 21.01.2020-ci il tarixli, MAS-1001 №-li öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən AAA oğlu 06.07.2019-cu il tarixli, MAS-1001 №-li daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri qəbul etdiyindən, eyni zamanda o, həmin daxili lizinq müqaviləsinin ləğv edilməsi tələbi ilə də bağlı cavabdeh olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “****” MMC ilə AAA oğlu arasında bağlanmış 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, cavabdeh AAA oğlundan 9600,28 manat əsas, 108,80 manat gecikdirilmiş mükafat pulu və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 9739,48 manat pul məbləği “****” MMC-nin xeyrinə tutulmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh AAA oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir (Büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; Dövlət Xəzinədarlığı Agentliyi - KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, hesab: AZ34CTRE********************). Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “****” MMC ilə AAA oğlu arasında bağlanmış 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh AAA oğlundan 9600,28 manat əsas, 108,80 manat gecikdirilmiş mükafat pulu və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 9739,48 manat pul məbləği “****” MMC-nin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh AAA oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (Büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; Dövlət Xəzinədarlığı Agentliyi - KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, hesab: AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4585/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4585/2021
01.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver